Şrift:
Ali qonağın şərəfinə rəsmi ziyafət
04.09.2014 [00:07] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident, əziz qardaşım,
Bu gün çox əlamətdar bir gündür. Qardaş ölkənin Prezidenti, əziz qardaşım Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu səfərin tədbirlərində iştirak edən dostlar bu gün bizimlə bərabərdirlər. Artıq təkbətək, geniş tərkibdə görüşlərimizdə geniş fikir mübadiləsi aparılmışdır. Mətbuata bəyanatda da biz gördüyümüz, eyni zamanda, gələcəkdə görüləcək işlərlə bağlı öz sözlərimizi demişik.
Yekun olaraq bir daha demək istəyirəm ki, səfərin çox gözəl nəticələri vardır. Səfər çox uğurlu keçmişdir. Əminəm ki, bu rəsmi səfərin Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafına çox böyük dəstəyi olacaq, onlara böyük təkan verəcəkdir.
İndi isə biz çox xoş bir mərasimdə toplaşmışıq. Mənim əziz qardaşım Rəcəb Tayyib Ərdoğan 11 ildir ki, Türkiyəni inamla idarə edir. Biz Azərbaycanda Türkiyəni çox sevirik. Azərbaycanda elə bir insan tapılmaz ki, Türkiyəni öz doğma vətəni kimi sevməsin. Ona görə biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.
Son 11 il ərzində Türkiyə çox böyük və şərəfli yol keçmişdir. Bunun da bir səbəbi, daha doğrusu, bir səbəbkarı var – mənim əziz qardaşım. Biz hamımız yaxşı bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi. İqtisadi, siyasi böhran yaşanırdı, Türkiyə böyük borc içində idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb Tayyib Ərdoğanın sayəsində, onun fəaliyyəti nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz hallara son qoyulmuşdur və Türkiyə inamla inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişaf baxımından Türkiyə ön sıralardadır. Bir neçə il bundan əvvəl dünyanı, Avropanı böhran bürümüşdü – iqtisadi, maliyyə böhranı. Bu böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə hökuməti xalq tərəfindən dəstəklənən düşünülmüş iqtisadi siyasət aparmışdır. Türkiyə bu illərdə “Böyük 20-lər”in üzvünə çevrilmişdir. Bu, tarixi nailiyyətdir. Türkiyə dünyanın aparıcı ölkələrini birləşdirən klubda ön sıralardadır. Bu da, göydəndüşmə deyil. Bu, gündəlik fəal işlərin nəticəsidir. Bu gün Türkiyənin xarici siyasətlə bağlı uğurları göz qabağındadır. Türkiyə indi nəinki bölgədə, eyni zamanda, dünyada gedən proseslərə öz təsirini göstərir, dünya miqyasında bir gücə çevrilmişdir. Əlbəttə ki, bütün bu işlərin görülməsində birinci rolu mənim əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan və onun yardımçıları, komanda üzvləri oynamışlar.
Bu illərdə - 11 il ərzində biz bərabər çalışmışıq. Çalışmışıq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənsin. Halbuki bu dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu daha da möhkəmləndirmək o qədər də asan məsələ deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan gələn sifariş, bizə verilən vəsiyyət əsasında ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək.
Son illərdə enerji, sərmayə, nəqliyyat layihələri və digər layihələr nəinki bizi bir-birimizə daha da sıx bağladı, eyni zamanda, bölgəyə çox müsbət təsir göstərdi. Çünki bizim bütün təşəbbüslərimiz - istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat sahələrində təşəbbüslərimiz bölgəyə fayda gətirir. Bizimlə əməkdaşlıq edən ölkələr də bundan fayda götürür. Bizim siyasətimiz xoşniyyətlidir. Biz öz maraqlarımızı və əgər belə demək mümkündürsə, təsir dairəmizi əməkdaşlıq üzərində qururuq. Yəni, biz həmişə hazırıq ki, başqa ölkələrə kömək edək, öz yardım əlimizi uzadaq. Yəni, bu xoş niyyət bizi fərqləndirir. Son illər ərzində Türkiyə-Azərbaycan birliyi dünya miqyasında, ən azı regionda həlledici amilə çevrilmişdir. Əminəm ki, biz bundan sonra da Türkiyə və Azərbaycan xalqlarının iradəsi ilə hələ çox işlər görəcəyik. Dediyim bütün bu məsələlər son prezident seçkilərində türk xalqı tərəfindən bir daha qeyd edildi. Əziz qardaşıma verilən səslər görülən işlərə verilən səslərdir. Xalq hər şeyi görür. Bizdə atalar sözü var: “Xalqın gözü tərəzidir”. Xalq hər şeyə düzgün qiymət verir. Türk xalqı düzgün qiymət vermişdir. Azərbaycan xalqı da düzgün qiymət vermişdir.
Bu gün bu tarixi səfərdə mən əziz qardaşımı Azərbaycan dövləti adından Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmişəm. Əziz qardaşım, istəyirəm indi bu yüksək mükafatı Sizə təqdim edim.
X X X
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı oxundu.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdi.
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:
- Hörmətli qardaşım, ata yadigarı deyəcəm. Çünki Baş nazirliyim dövründə Heydər ata ilə bizim çox mənalı bir görüşümüz olmuşdu. İlham qardaşımla da o zaman tanış olmuşduq.
Təbii ki, münasibətimiz o gündən başlayıb və bu günə gəlib çıxmışıq. Çox şükürlər olsun, bir tərəfdən Azərbaycan, digər tərəfdən Türkiyə inkişaf etdi və bu günləri gördük. Bu günləri görməyi bizə lütf edənə şükürlər olsun. Təbii ki, bu baxımdan xalqlarımızın da rifahı güclü şəkildə yaxşılaşır. Bu gün adambaşına milli gəlirin səkkiz min dollara çatdığı Azərbaycan var. Haralarda idi, indi haraya gəldi. Türkiyədə isə bu göstərici 11 min dollara çatmaqdadır. Belə bir Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr edirik. Amma bunlar bizim üçün kifayət deyil. Bunu, inşallah, daha da irəli aparacağıq. Artıq biz də 20, 25, 30 min dollara çatacağıq. Bu iradə Azərbaycanda da, Türkiyədə də var. Əl-ələ verəcəyik, həmrəy olacağıq.
Mən bu gün “Heydər Əliyev” ordeni ilə təltif edilməkdən keçirdiyim iftixar, xoşbəxtlik hisslərini ifadə edə biləcək söz tapmaqda həqiqətən çətinlik çəkirəm. Ulu Öndəri rəhmətlə anıram. Bunu bizə layiq görən İlham Əliyev qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan xalqına çox-çox təşəkkür edirəm. Birliyini, bərabərliyini Rəbbim daimi etsin, - deyirəm.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed