Şrift:
Dini radikalizm bataqlığına yuvarlananlar
04.09.2014 [17:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: " Azərbaycan bu gün müharibə aparan ölkədir və döyüşməyə də Qarabağ kimi məkan var "

Aydın Mirzəzadə: "Bu məsələnin həllində cəmiyyətin, ailənin, mühitin də əhəmiyyəti kifayət qədər böyükdür"

Hələ də Azərbaycandan gedərək Suriya və İraqdakı İŞİD kimi terror təşkilatına qoşularaq, onların tərkibində döyüşlərə qatılan soydaşlarımız var. Özü də iddialara görə, onlar Türkiyənin həmin ölkələrlə sərhəd zonalarından keçib gedirlər. Son zamanlar ölkəmizdə xaricdə döyüşlərə gedənlərə qarşı tədbirlər sərtləşdirilib. Artıq ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzalar tətbiq olunur. Amma bununla belə, həyatıın puç edib xaricdə vuruşmağa gedənlər hələ də az sayda olsa da var.

Millət vəkili Fərəc Quliyevin fikrincə, hələ də Suriyaya, İraqa Azərbaycan vətəndaşlarının getməsi halının davam etməsi müəyyən səbəblər ilə bağlıdır: "Bəzi Azərbaycan vətəndaşlarının hələ də Türkiyədən keçməklə Suriya və İraqa gedərək, orada İŞİD-ə qoşulması prosesinin davam etməsini hansısa ölkənin səhlənkarlığı və yaxud da bacarıqsızlığı kimi təqdim etməyək. Terrorun dini və etnosu olmur. O, ümum bəşəri bəladır. Terrorçular istədikləri vaxt, istədikləri dövlətin sərhədlərindən istifadə edir. Heç bir dövlət də təbii ki, ərazisindən terror kimi istifadə olunmasına razı olmaz. Amma nə edək ki, hələlik bu məsələlər idraki şəkildə həll olunmur. Bütövlükdə isə fikrimcə, bu məsələdə boşluq ona görə qalmaqda davam edir ki, onun aradan qaldırılması istiqamətində profilaktiki işlər lazımi həddə görülmür. Azərbaycanın özündə də hesab edirəm ki, kütləvi informasiya vasitələri, xüsusən də elektron KİV-lər bu məsələ istiqamətində bir qədər tənbəllik nümayiş etdirir. Parlamentdə də təklif etmişdim ki, Suriya və İraqda döyüşlərə gedən azərbaycanlılar da hər halda bizim övladlardır. Çalışmalıyıq ki, profilaktika aparmaqla bu insanların ora getməsinə əngəl olaq. Ya da gedənlərin qayıtması üçün yaşıl işıq yandıraq ki, gəlsələr, günahlarından keçiləcək. Gəlməsələr, bundan sonra onlar haqqında inzibati tədbirlər görülə bilər. Lakin onlara münasibətdə ən effektli tədbir profilaktika aparmaq və qafası yuyulmuş, düşüncə tərzləri dəyişmiş bu insanları sağlam məcraya qaytarmaqdan keçir. Azərbaycan bu gün müharibə aparan ölkədir və döyüşməyə də Qarabağ kimi məkan var. İnsanlar gedib başqa ölkələrdə niyə döyüşməlidirlər? İkinci bir tərəfdən, Azərbaycan adından gedib, oralarda vətəndaşlar döyüşəndə, bu, təbii ki, Azərbaycan dövlətinin marağı deyil və maraqlarımıza zərbədir. Azərbaycan dövləti xaricə ordu göndərəndə sülhməramlı birliklərini göndərir. Bu da BMT-nin nəzarəti altında olur. Dünyanın demək olar ki, hər bir yerindən bu və ya digər terrorçu qruplarda gedib döyüşənlər var. Bütün bunlar pisdir. Ona görə, qonşu dövlətlər də çalışmalıdır ki, həm öz ölkələrinin, həm də yaxın sərhəd dövlətlərinin vətəndaşları onların ərazisindən tranzit kimi istifadə edib, terror təşkilatlarına qoşulmasın. Bu istiqamətdə Azərbaycanın təhlükəsizlik qüvvələri daha rahat şəkildə işləyir. Bir neçə il əvvəl terror qruplarının zərərləşdirilməsi, yəhudilərə qarşı yönələn terrorun qarşısının alınması onu göstərdi ki, Azərbaycan hüquq-mühafizə qüvvələri bu sahədə qonşu dövlətlərlə müqayisədə daha yaxşı çalışır. Arzulayırıq ki, qonşu ölkələr də vətəndaşlarımızın onların ərazisindən keçməklə, Suriya və İraqa getməsinin qarşısını alsınlar".

Millət vəkili Aydın Mirzəzadə isə qeyd etdi ki, sözügedən problemin həlli üçün cəmiyyət, ailə və mühitin də böyük rolu vardır: "Hesab edirəm ki, Azərbaycanda bir qrup insanın sadəcə olaraq, dini sektaların təsiri altına düşməsi nəticəsində, bu gün Suriyada vuruşan hərbi dəstələrin tərkibində azərbaycanlılara da rast gəlmək olur. İş ondadır ki, həmin problemi tək Azərbaycan deyil, bütün dünya ölkələri yaşayır. Açıq cəmiyyət olan ölkələrdə müxtəlif ideyalar öz tərəfdarlarını toplamağa çalışır. Təəssüf ki, onlar içərisində hərbi münaqişələri təbliğ edən, normal insan fəaliyyətindən çəkindirən ideyalar da olur. Deməzdim ki, onların təsiri Azərbaycanda çoxdur. Əksinə, Azərbaycanda dövlətin inkişafı, iş yerlərinin sayının çoxalması, cəmiyyətin intellektual səviyyəsinin artması bu tip insanların sayını kəskin surətdə azaldıb. Həmçinin, ora gedən insanların acı taleyi haqqında məlumatların yayılması da ölkəmizdə bu qüvvələrə qoşulmaq istəyənlərin sayını xeyli dərəcədə azaldıb. Bu məsələnin həllini dövlətdən istəmək də düzgün olmazdı. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Burada cəmiyyətin, ailənin, mühitin də əhəmiyyəti kifayət qədər böyükdür. İnsan cəmiyyətin təsirindən kənarda qaldıqda, öz probleminin həllini yaxınlarının timsalında tapa bilmədikdə, onu Suriyaya aparan mühitə qoşula bilir. Ümumən götürdükdə, bu, bir problemdir ki, üzərində daima düşünmək, daima onun həllinə doğru getmək və insanlarımızı yaradıcılığa, yaşamağa, cəmiyyətə xeyirli olmaq düşüncələrinə doğru yönəltmək lazımdır".


Səməd CƏFƏROV
Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed