Şrift:
Fərəc Quliyev: -Fülenin görüşləri ümumi yanaşmaya təsir edə bilməz.
11.09.2014 [13:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Avropa təsisatlarından hər hansı bir məruzəçinin və yaxud xaricdən gələn birinin kimləsə görüşməsini fəlakət hesab etmirəm. Əslində, həmin təsisatlarda olan insanların şəxsi yanaşmaları təmsil etdikləri qurumların fikirləri ilə ziddiyət təşkil edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Avropa komissarı Ş. Fülenin Bakıda QHT nümayəndələri ilə qapalı görüş keçirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa təsisatlarının Azərbaycana olan marağı və münasibəti hər kəsə aydındır: "Eyni zamanda onlar ölkəmizlə əməkdaşlıqda mövqelərini açıq şəkildə ortaya qoyurlar. Şərq tərəfdaşlığı və başqa platformada olan qurumlar Azərbaycanın əvəzolunmaz ölkə olduğunu dəfələrlə bəyan ediblər. Xüsusilə də Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu vurğulayırlar. Ona görə də Avropanın mövqeyi hər zaman dəyişkəndir. Lakin hər hansı bir məmurun burada kimlərləsə görüşməsi heç nəyi dəyişməz. Bu səbəbdən də gizli keçirilən görüşlər ölkələr arasındakı əlaqələrə təsir edə bilməz. Hərçənd tərəfdarıyam ki, Azərbaycana gələn nümayəndə heyətləri dövlətinin adından danışa bilən qurum və ya şəxslərlə görüşməlidirlər. Çünki 3-4 nəfər yığılıb bir QHT yaradıbsa, o zaman Azərbaycan xalqının fikirləri əsas götürülməlidir. Bu da xüsusilə məruzəçilərin məruzə hazırlayanda istinad etdikləri QHT-lərə aiddir. Güman edirəm ki, onlar da bunun fərqindədirlər. Fülenin kimlərlə görüşməsinin arxasında hansı məqsədlərin olduğunu bilmirəm, lakin fərdi yanaşma var ki, bu da ümumi təsisatların yanaşmasına təsir etməyəcək".

Millət vəkili F. Quliyev həmçinin yaxın gələcəkdə Fransada keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də toxunub: "Hesab edirəm ki, bu görüş digərlərindən fərqlənməyəcək. Çünki nə qədər ki, Avropa təsisatları, ATƏT-in Minsk qrupu və Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirmək istəyənlər təcavüz edən və təcavüzkar, eləcə də təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsi qoyacaq və kompramislər axtaracaqlar, o vaxta kimi görüşlərin keçirilməsi heç bir effekt verməyəcək. Hər kəsə məlumdur ki, Azərbaycanın torpaqları işğal olunub və Ermənistana ciddi təzyiqlər olunmalıdır ki, onlar işğal etdikləri ərazilərdən çıxsınlar. Növbəti görüşdə də Azərbaycan ənənəvi prinsipial mövqeyini ortaya qoyacaq".

Samirə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 3782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed