Şrift:
İlk dəfə olaraq Ali Hərbi Məktəbin kursantları Vətənə sədaqət andı içdilər
13.09.2014 [00:30] - Xəbərlər, Gənclik, Bildiriş
Sentyabrın 12-də Daxili Qoşunların Ali Hərbi Məktəbində ilk dəfə olaraq kursantların təntənəli şəkildə andiçmə mərasimi keçirilib.
Daxili Qoşunlardan verilən məlumata görə, tədbir Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədovun daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanına şəxsi heyətin mərasimə düzülməsi barədə məruzəsi ilə başlandı. Daha sonra ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Kursantlar hərbi anda gətirildikdən sonra ilk olaraq çıxış edən məktəb rəisi general-mayor İ.Məmmədov bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirib. Qeyd edib ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaq.
Çıxış zamanı kursantların təhsili üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazası və məişət şəraitinin yaradıldığı, abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Daxili Qoşunların müasir silah və texnika ilə tam təchiz olunduğunu söyləyən general-mayor İ.Məmmədov torpaqlarımızın düşmən tapdağından azad olunmasında gələcək zabitlərin də öz sözlərini deyəcəklərinə əminliyini ifadə edib.
Kursant Xəyal Zeynalov isə öz növbəsində bütün yoldaşları adından Vətəni göz bəbəkləri kimi qoruyacaqlarına, lazım gələrsə, onun uğrunda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verib.
Valideynlər adından çıxış edən İlqar Məhərrəmov bütün valideynləri təbrik edərək, bu keşməkeşli, lakin müqəddəs və şərəfli yolda hər bir kursanta müvəffəqiyyət arzulayıb. Onları mükəmməl hərbi biliklərə yiyələnərək, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə və Vətənə sədaqətlə xidmət etməyə çağırıb.
Daha sonra təbrik və tövsiyələrini çatdıran daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək bu andan etibarən onların qoşunların bütün şəxsi heyəti kimi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün məsuliyyət daşıdıqlarını bildirib. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğını xüsusilə vurğulayan Daxili Qoşunlar komandanı bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söyləyib.
General-mayor Ş.Məmmədov sonda bir daha qoşunların sıralarına yeni qoşulan gənclərin daim Vətənimiz Azərbaycana sədaqət hissi ilə xidmət edəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə və dövlətimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə inandığını bildirib.
Təntənəli mərasimdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Nevzat Taşdelen də iştirak edib.
Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed