Şrift:
Yazılan qalır -M.Ə.Sabirin "Məktəbə tərğib"
16.09.2014 [00:16] - Xəbərlər, Gənclik
M.Ə.Sabirin "Məktəbə tərğib" (Mənim bağım, baharım) iqtibası
və ya
ədəbi əlaqələr tariximizin açılmayan səhifələri


M.Ə.Sabirin "Məktəbə tərğib" şeiri babalarımızı əzbər bildikləri, nəğməyə çevrilən məşhur əsərlərindən biridir. İlk dəfə 1907-ci ildə "Milli nəğmələr" məcmuəsində çap olunmuşdur. Bu şeir Azərbaycan-rus ədəbi əlaqləərini öyrənmək baxımından bir sıra maraqlı müşahidələri,çözələmə və incələmələri ortaya çıxarır.
M.Ə.Sabirin bu şeiri iqtibasdır. ( "İqtibas" ərəb mənşəli sözdür, bir fikri və ya sözü eyni ilə və ya məzmunca başqasından köçürmə " mənasına uyğundur N.N.). Məşhur rus pedaqoqu,Zaqafqaziyada qadın təhsilinin inkişafında, Avropa pedaqoji fikrinin Rusiyada geniş yayılmasında, K.D.Uşinskinin pedaqoji irsinin təbliğində əhəmiyyətli işlər görən Lev Nikolayeviç Modzalevskinin 1864-cü ildə yazılmış və elə həmin il K.D.Uşinskinin "Родное слово" dərsliyinin ilk nəşrində işıq üzü görmüşdür.
Sözün kəsəri üçün L.N.Modzalevskinin (1837-1896) müzakirəyə çıxarılan "Məktəbə çağırış" ( "Приглашение в школу" ) şeirini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:




Дети! В школу собирайтесь,
Петушок пропел давно!
Попроворней одевайтесь-
Смотрит солнышлко в окно!
***

Человек,и зверь,и пташка-
Все берутся задела;
С ношей ташится букашка,
За метком летит пчела.
***

Ясно поле,весел луг,
Лес проснулся и шумит,
Дятел носом тук да тук!
Звонко иволга кричит.
***

Рыбаки уж тянут сети,
На лугу коса звенит...
Помолясь , за книгу, дети!
Бог лениться не велит!

L.N.Mozdalevskinin "Məktəbə çağırış" şeiri K.D.Uşinskinin "Родное слово" dərsliyinin bütün nəşrlərinə daxil edilmişdir. Maraq naminə söyləmək istəyirik ki, bu dərslik 1864-cü ildən indiyədək 146 dəfə nəşr olunmuşdur. Azərbaycan dərslik tarıxinin bütün nümunələrində K.D.Uşinskinin dərsliklərinə yaradıcılıqla yanaşılmış, onlardan səmərəli və milli mentalitetə uyğun şəkildə istifadə olunmuşdur. Bu cəhətdən Səid Ünsizadə və Rəşid bəy Əfəndiyevin dərsliklərində, risalə və məqalələırində K.D.Uşinskinin pedaqoji irsinə bələdlik diqqəti daha çox cəlb edir.
K.D.Uşinskinin ən yaxın ideya və əqidə dostlarından biri olan L.N.Modzalevskinin poetik və pedaqoji irsinə ilkin müraciət edənlərdən biri rus və Azərbaycan dillərində mükəmməl təhsili olan, A.İ.Krılovun
(1769- 1844) 60-dan çox təmsilini, eləcə də A.U.İsmaylovun (1779-1831), A.A.Pçelnikova adı ilə əsərlər yazan A.A.Şeydlerin (1830-1891) bədii nümunələrini Azərbaycan dilinə özünəməxsus tərzdə tərcümə edən Həsənəli ağa Xan Qaradağskinin (1848-1929) rolu xüsusilə qeyd olunmalıdır.

Həsənəli ağa Xan Qaradağskinin L.N.Modzalevskidən etdiyi tərcümə bu mövzuya ilkin müraciət kimi maraq doğurur. 1878-ci ilə aid olan bu tərcümə ilk dəfə 1882- ci ildə A.O.Çernyayevskinin "Vətən dili" dərsliyində işıq üzü görmüşdür.Tərcümə məsnəvi formasında işlənmiş,şairin fikirləri kiçik dəyişikliklərlə oxuculara çatdırılmışdır. Tərcüməçi çətin başa düşülən sözlərdən qaçmış, fikrin ifadəsi üçün münasıb bədii təsvir və ifadə vasitələrindən səmərəli istifadə etmişdir:


Uşaqlar,hazırlaşın,durun,gedin məktəbə,
Təlim alıb oxuyun, adət edin ədəbə.
Gün çıxıbdır, qalxıbdır,xoruz çoxdan banlayır,
Tez geyinin, gün, xoruz sizi tənbəl anlayır.

Adam,xoruz, yırtıcı -hamıları gedirlər
İş dalınca,hər biri durub bir şey edirlər.
Qanadlı qarışqalar şələ çəkir, arılar
Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.

Çöllər çəmən olubdur, ayılıbdır meşələr
Ağacdələn taqu-tuq eyləyibdir peşələr.
Qamu çaylar da axır,şırıldıyıbən gedir,
Torçu balıq ovlayır, oraq biçir, bəhs edir.

Həmd eyləyin Allaha, dərs oxuyun bəhs edin,
Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.
Qaradağı,hər bir kəs bir iş gərəkdir edə,
Çalışıban səy edə ,onun dalınca gedə.



M.Ə.Sabir L.N.Modzalevskinin "Məktəbə çağırış" şeirininin məzmununu 8 bəndə yerləşdirmişdir. Şeir 6-lıq bənd formasında yazılmlşdır. Hər bənd eyni nəqərat beyti ilə müşayiət olunur.Birinci bənddən başqa, digər bəndlərin qafiyələnməsi bayatı qafiyələnməsinə uyğun gəlir.

Mənim bağım, baharım!
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi ,
Dur, yaraşıqlı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım !


II bənd Gün çıxdı,sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
(nəqərat)
III bənd Oğul,oğul, amandır,
Çox yuxlamaq yamandır,
Çox yuxlamaq -şeytandan,
Tez durmaq -Allahdandır.
(nəqərat)
IV bənd Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.

(nəqərat)
V bənd Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.

(nəqərat)
VI bənd Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
(nəqərat)

VII bənd Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın.

(nəqərat)
VIII bənd Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
(nəqərat)

Şeirdən görünür ki, M.Ə.Sabir məktəbdə verilən təlim və tərbiyənin insan həyatındakı rolunu çox yüksək qiymətləndirir, tənbəlliyi pisləyir , elmsizliyi bəla sayır, elmi və fəziləti insanı dəyərləndirən amil hesab edir. Əruz vəznində yazılmış bu şeirin dili sadə, sintaksisi çevikdir. Şeirdə 155 söz işllənmişdir. Nəqərat beytində olan 7 söz 8 dəfə təkrarlanmışdır. Deməli, 56 sözün bir dəfə əzbərlənməsi şeirin yadda qalmasını xeyli asanlaşdırır.Şeirdə cəmi bir izafətdən (kəsbi-elm) istifadə olunmuşdur. Şeirdə cingiltili samitlərdən daha çox istifadə olunmuşdur ki, bu da fonetik obrazlılığın dəyərini artırır. Təkcə birinci bənddə 44 cinğiltili samit işlənmişdir.
Şeirdəki alınma sözlərin,demək olar ki, hamısı milliləşən alınma sözlərdir.
Maraqlıdır ki, M.Ə.Sabir "Məktəbə tərğib" şeirini yazanda hələ müəllim deyildi.Onun müəllimliyi 1908-ci ilin may ayında Zaqafqaziya Şiə Ruhani İdarəsindən müəllimlik və prixod mollalığı attestatı alandan sonra başlayır.
L.N.Modzalevskinin şeirində olduğu kimi, M.Ə.Sabirin iqtibasında da çağırış valideynin dilindən deyilir.
***
L.N. Modzalevski kimdir?
O,1837-ci il fevralın 14-də (A.S.Puşkinin ölümündən bir neçə gün sonra-N.N.) Sankt-Peterburq quberniyasının Qdovski uyezdinin Qari kəndində- MIZAsında ( indiki indiki Pskov vilayətinin Porxov rayonunun Qari kəndində-N.N.) anadan olmuşdur. Atası dvoryan Nikolay Lvoviç, anası Olqa Kuzminiçnadır. Əvvəlcə gimnaziyada oxumuş, sonra Peterburq Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Peterburq Universitetini bitirəndən sonra iki il Almaniyanın Qeydelberq və İen Universitetlərində mükəmməl təhsil almış, Avropa pedaqoqlarının pedaqoji irsini dərindən öyrənmişdir.
O, təhsilini bitirdikdən sonra Peterburqun bir neçə məktəbində işləyib. K.D.Uşinskinin təklifi ilə "Xalq Maarif Komissarlığının jurnalı"nda əməkdaşlıq edib,eyni zamanda Hüquq Məktəbində tarix fənnindən dərs demişdir. Daha sonra princ P.Q.Oldenburqskinin Xüsusi Rejimli Məktəbində müfəttiş vəzifəsində çalışıb.Smolnıdakı Nəcib Qızlar mMəktəbində müəllimlik edib.1867-ci ildə Qafqaz canişini Mixail Nikolayeviç Romanovun (1832-1909) təklifi ilə Tiflisə gəlib, burada iki il onun uşaqlarının müəllimi , hami-nəzarətçəsi olub. ( Mixail Nikolayeviç Rusiya çarı I Nikolayın 7-ci övladı,4-cü oğludur-N.N.) .
L.N.Modzalevski Tiflisdə M.F.Axundzadənin ünsiyyətdə olduğu ziyalılardan olmuşdur. O,1880-1883- cü illərdə Qafqaz Senzor Komitəsinin sədri olmuş, "Ziya" (Ziyayi-Qafqasiyyə") qəzetlərinin , eləcə də "Kəşkül" adlı jurnal və qəzetin fəaliyyətinə vəzifə borcu çərçivəsində qayğı göstərmişdir.
L.N.Modzalevski Azərbaycanda yaradılan bir sıra məktəblərin yeni üsul və texnologiyalarla fəaliyyət göstərməsində də əhəmiyyətli işlər görmüş, müəllimlərə tövsiyə və məsləhətlər vermişdir.
L.N.Modzalevski 1883-cü ildə ,Tiflisdəki 16 illik pedaqoji və məmur həyanından uzaqlşmaq qərarına gəlmiş, istehfa verərək Tiflisdən Peterburqa köçmüşdür..O,1889-cu ildə yenidən pedaqoji fəaliyyətə başlamış, Marian İnstitutunda sinif müfəttişı və Şura üzvü vəzifələrində çalışmışdır. Axırıncı iş yeri Sankt-Peterburq Lal-Kar Məktəbi olmuşdur.), o,burada direktor vəzifəsində çalışmış,1896-cı il mayın 5-də gözlənilmədən beyin iflicindən həyatını başa burmuşdur.
L.N.Modzalevski 5 övladının hamısı layiqli vətəndaş kimi tərbiyə edib böyütmüşdür. Onun kiçik oğlu Boris Lvoviç (20.04.1874- 03.04.1928) görkəmli puşkinşünas alim olmuş, A.S.Puşkinin həyat və yaradıcılığının elmi təblğat mərkəzi olan Puşkin Evinin direktoru vəzifəsində işləmişdir.
L.N.Modzalevski 234 mətbu elmi əsərin , 50-yə yaxın dillər əzbəri olmuş, dərsliklərə düşmüş şeirin müəllifidir. Rusiyada xarici ölkə alimlərinin pedaqoji irsinin öyrənilməsində onun 3 cildlik "Qədim dövrdən bu günümüzə qədər tərbiyə və təlimin tarixi oçerkləri" adlı fundamental əsəri dünya pedaqoji fikrinin qiymətli mənbələrindən sayılır. "Oçerklər"in 1-ci nəşri 1866-1867-ci , 2-ci nəşri 1874-1877-ci, üçüncü nəşri isə 1892-1899-cu illərdə işıq üzü görmüşdür.
L.N.Modzalevskinin ədəbi, elmi-pedaqoji və Senzor Komitəsindəki məmurluq fəaliyyətinin dərindən öyrənilməsi ictimai -fikir triximiz üçün bir sıra maraqlı faktları ortaya çıxara bilər.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili üzrə eksperti,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Respublika Prezidentinin aylıq təqaüdçüsü.



18.09.2013-27.04.2014 ;15.09.2014.


Ədəbiyyat
1.Модзалевский Лев Николаевич.// Энциклопедический словарь Брокгауза и Ефрона:
82 т. и 4 доп. СПб.,1890-1907.
2.Çernyayevski A.O. Vətən dili,I hissə;
Çernyayevski A.O.,Vəlibəyov S.H. Vətən dili,II hissə, Faksimili nəşr.
Tərtib və transfoneliterasiya edən , ön söz,qeyd vəşərhlər,sözlük və cədvəllərin müəllifi:
Vüqar Qaradağlı.Bakı,"CBS" 2007.,740 səhifə
3.M.Ə.Sabir. Hophopnamə, Bakı,1960.
4.Ərəb və fars sözləri lüğəti.Bakı,1967.
Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed