Şrift:
Professor Musa Qasımlı: "Əgər o zaman türk ordusu Bakını azad etməsəydi, paytaxtın etnik tərkibi tamamilə fərqli olardı"
18.09.2014 [00:16] - Güney Azərbaycan xəbərləri, Türkün şanlı tarixi
“28 may Azərbaycan tarixi üçün nə qədər əhəmiyyətlidirsə, 1918-ci 15 sentyabr tarixi də bir o qədər əhəmiyyətlidir”.

Musa Qasımlı I Dünya Müharibəsi zamanı Bakının beynəlxalq aləm üçün əhəmiyyətindən danışıb: “Həmin tarixdə Azərbaycan və Türkiyənin silahlı qüvvələrindən ibarət Qafqaz İslam Ordusu paytaxt Bakını Sentrokaspi diktaturasının işğalından azad etdi. Bununla da Azərbaycan özünün təbii paytaxtına qovuşdu. O zaman Bakı uğrunda amansız mübarizə gedirdi. Həmin dövrün ingilis sənədlərində yazılırdı ki, Bakıya kim sahib olacaqsa, Xəzər dənizinə sahib olacaq, Şimali və Cənubi Qafqaza nəzarət imkanı əldə edəcək, Orta Asiyaya və Avrasiyaya keçid qazanacaq. Avrasiyaya keçid dünyanın ürəyinə keçid deməkdir və dünyanın ürəyinə gedən yol Bakıdan keçir”.

Tarixçi Osmanlı dövlətinin Qafqazla bağlı strateji hədəflərinin olduğunu, lakin Qafqaz İslam Ordusunun təkcə strateji maraqlardan yox, mənəvi borc baxımından da azərbaycanlıların köməyinə gəldiyini deyib: “I Dünya müharibəsində bir neçə cəbhədə döyüşən Osmanlı dövlətində ərəblər üsyan qaldırdılar. Panislamizmin iflasa uğradığını görən Osmanlı tarixən türklərin yaşadığı ərazilərə üz tutdu. Əslində Ənvər paşa və Nuru paşa türkçülük hissiyyatı ilə yox, strateji məqsədlərlə Turan qurmaq fikrinə düşmüşdülər. Dünya müharibəsi dövründə ingilislər hamıdan əvvəl neftin əhəmiyyətini başa düşdü. Onlar hələ 1918-ci ilin yanvarında Bakıya gəlmək istəsələr də, alınmadı. Zaqafqaziya Seymi dağıldıqdan sonra 1918-ci ilin mayında Azərbaycan müstəqilliyin elan etdi və Osmanlı üçün əlverişli şərait yarandı. Lakin artıq buna qədər Cənubi Qafqazda azərbaycanlılar və türklər erməni silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qətlə yetirilirdi. 1917-ci ildə rus əsgərləri Qafqazdan geri çəkiləndə öz silahlarını ermənilərə verdilər. Qafqazda böyük dövlətlərin maraqları toqquşurdu. Rusiya bu ərazilərdən çəkilmək istəmirdi, İngiltərə, Almaniya və Osmanlı Bakıya can atırdı. Cənubi Qafqazın 6 milyon əhalisinin 3 milyondan çoxunun türk və müsəlman olması Osmanlı üçün müsbət hal idi. Burada müsəlman türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı üçün mənəvi səbəb də yaradırdı. Kütləvi qırğınların pik həddə çatdığı mart qırğınlarından sonra Bakıya gəlmək islamın və türklüyün mərkəzi olan Osmanlı üçün mənəvi borc idi”.

Azərbaycan Cümhuriyyəti ilə Osmanlı arasında bağlanan Batum müqaviləsinin şərtlərindən danışan Musa Qasımlı Osmanlı qoşununun Qafqaza gəlişini beynəlxalq hüquq normalarına uyğun olduğunu deyib: “1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı arasında Batum müqaviləsi imzalandı və Azərbaycan hökuməti rəsmi şəkildə Osmanlıya müraciət etdi. Bundan əlavə, Osmanlının strateji maraqlarını da unutmaq olmaz. Neftə sahib olan dövlət müharibəni qazanmış hesab olunurdu. Nuru paşanın komandanlıq etdiyi türk hərbi hissələri Gəncəyə gələrək Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsinə yardım etdilər və Qafqaz İslam Ordusunun təməli qoyuldu. Bolşevik hökuməti Gəncəyə hücum edərək Tiflisi də ələ keçirmək istəyirdi. Onların qoşunları yolboyu Şamaxıda, Kürdəmirdə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Göyçay və Qaraməryəmdə güclü döyüşlər oldu”.

Tarixçi Nuru paşanın Göyçayda əhaliyə müraciətinin səbəbini də tarixi faktlarla açıqlayıb: “Elə qarışıq dövr idi ki, əhali hərbi əməliyyatların nə üçün aparıldığını belə bilmirdi. Nuru paşanın Göyçaydakı məşhur çıxışı əhalidə böyük ruh yüksəkliyi yaratdı. Müasir dünyada böyük dövlətlərin Azərbaycanla bağlı siyasətini öyrənmək baxımından həmin dövrdəki beynəlxalq münasibətləri öyrənmək vacibdir. Avqust ayında Almaniya ilə bolşevik Rusiyası arasında bağlanan müqaviləyə əsasən, Rusiya Gürcüstanın müstəqilliyini tanıyacaqdı, Almaniya isə Osmanlı qoşunlarının Kürdən şimala keçməsinə mane olacaqdı. Bunun müqabilində Rusiya Bakı neftinin ¼ hissəsini Almaniyaya verəcəkdi. Osmanlının etnik və dini baxımdan Bakıda heç bir problemi yox idi. Almaniya da Bakıya can atırdı. Belə bir qarışıq məqamda Bakını məhz Azərbaycan hökumətinin adı ilə azad etmək çox diplomatik addım idi. Çünki əks halda, bu, işğal adlandırılar və Bakının boşaldılması tələb oluna bilərdi. Nuru paşa hər şeydən əvvəl bir əsgər idi, o bunu yaxşı anlayırdı və əsas hədəfi Bakını azad etmək idi. Bakının azad edilməsi ilə başla bədən birləşdi”.

Tarixçi Bakını Azərbaycandan ayırmağın əsrlər boyu planlaşdırıldığını vurğulayıb: “I Pyotr dövründən bəri bütün sənədlərdə, hətta sovet hakimiyyəti illərində yazılan elmi iş və dissertasiyalarda Bakı və Azərbaycanın adı ayrı çəkilir. Tarixin müxtəlif dövrlərində Bakının ayrılıqda Rusiyaya birləşdirilməsinə dair planlar olub. Nərimanovun da vaxtında Bakıya əlahiddə şəhər statusu vermək istəyirdilər, lakin o buna razı olmadı. Xruşşovun dövründə Bakının büdcəsi bütün Azərbaycanın büdcəsindən artıq idi. Bolşeviklər gedəndən və Sentokaspi hökuməti süqut edəndən sonra Bakıya gələn ingilislərin əsas sosial dayağı ermənilər idi. Lakin onlar özlərinə düzgün arxa seçməmişdilər. Sonralar general Denstervill öz xatirələrində erməniləri xəyanətkarlıqda günahlandırırdı. Qafqaz İslam Ordusu Bakıya ağır artilleriyadan atəş açaraq şəhəri azad etdi. Denstervill yazırdı ki, türk topçular şəhərin nöqtələrini elə dəqiq vururdular ki, heç bir abidə zədələnmirdi. Bakının əsas cəhəti ətraf ərazilər vasitəsilə ərzaq və sursatla təmin olunması idi. Şəhərin ətrafı, yəni azərbaycanlı kəndləri tutulduqdan sonra şəhərin əlaqəsi kəsilib təslim olmalı idi. Bunu başa düşən ingilislər əvvəlcə yaralı və xəstələrin şəhərdən çıxmasını istədilər və sonra şəhəri tərk etdilər”.

Qonaq Qafqaz İslam Ordusunun Bakıya daxil olması ilə bağlı qaranlıq məqamlara da aydınlıq gətirib: “Tarixi araşdırarkən, ən etibarlı mənbə tarixi sənədlərdir. Çar İmperiyası dövründən Azərbaycan dövlətçiliyini tarixdən silməyə cəhd ediblər. Tarixi mənbələrə əsasən, Nuru paşa Bakı şəhərini azad edəndən sonra şəhərin komendantı miralay Cəmil Cahid bəy təyin edildi. Komendantın imzası ilə təsdiqlənən sənəddə şəhərdə nizam-intizam yaratmaq məqsədilə fövqəladə vəziyyət elan edildi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hamının mal və can güvənliyinə təminat verilir, silahların təhvil verilməsi tələb olunurdu. Düzdür, 1918-ci ilin martında törədilən qırğınlara görə bəzi silahlı ermənilərə qarşı tədbirlər görüldü. Amma bu, təbiidir”.

Tarixdə iyun böhranı kimi məşhur olan hadisəni Musa Qasımlı belə izah edib: “Unutmayaq ki, Nuru paşa siyasətçi yox, hərbçi idi. Azərbaycan hökuməti və ziyalıları Azərbaycanı müstəqil görmək istəyirdilər, lakin həmin dövrdə Osmanlıya birləşməyi istəyənlər də var idi. O dövrün sənədlərində yazırlar ki, Azərbaycanda cəmi 63 nəfər ziyalı var idi. Lakin təkcə Ukraynada yüzlərlə azərbaycanlı tələbə təhsil alırdı. Nuru paşa mülki hakimiyyətin işlərinə qarışmırdı və milli hakimiyyətin formalaşmasını istəyirdi. Lakin bu dövrdə Milli Şurada fikir ayrılığı hökm sürürdü. Nuru paşa ilə Azərbaycan hökuməti arasında münasibətin bir göstəricisi də Qafqaz İslam Ordusunun Bakıdan çıxması idi. Bu zaman Nuru paşanın şərəfinə İctimai klubda böyük ziyafət təşkil olundu və oradakı çıxışlar mətbuatda öz əksini tapdı”.

Millət vəkili Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin bütün tarix boyu mövcud olduğunu deyib: “Osmanlı Azərbaycana qardaşlıq köməyi etdi. 1914-1915-ci illərdə Azərbaycan hələ çarizmin tabeliyində olduğu bir vaxtda azərbaycanlı gənclər gizlicə gedərək Osmanlının tərəfində Çanaqqalada vuruşurdular. Azərbaycanlı milyonçular Anadoluya yardım edirdilər. Qafqaz İslam Ordusunun Bakıya gəlişi ilk növbədə, qardaş köməyi idi. Təbii ki, burada Osmanlının da strateji maraqları vardı. Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə son qoyulandan sonra Azərbaycan xalqı türk istiqlal savaşına da yardım etdi. Azərbaycan ziyalıları Türkiyə Cümhuriyyətinin qurulmasında iştirak etdilər. Stalin repressiyası dövründə insanlar Qafqaz İslam Ordusu əsgərlərinin məzarlarını Göyçayda, Şamaxıda, Bakıda qoruyub saxladılar. Hətta sovet hakimiyyəti illərində insanlar həmin qəbirləri ziyarətgaha çevirmişdilər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə abidə ucaldıldı. Bizim bu tarixdən ibrət alacağımız cəhətlər var. Azərbaycan müstəqil olmadığı zaman belə qardaş Türkiyənin maraqlarına zidd çıxmayıb. Əgər 1918-ci ildə Azərbaycanın güclü dövləti olsaydı, mart soyqırımı olmazdı. Azərbaycanın güclü ordusu olsaydı, Qafqaz İslam Ordusunun köməyinə ehtiyac olmazdı. Dövlətin güclü olması üçün ölkə daxilində sabitlik olmalıdır. Xalq hakimiyyətə dəstək olmalıdır”.

“15 sentyabr bizim tariximizdə 28 may qədər şərəfli gündür”, - deyən qonaq tarixə varislik baxımından yanaşmağı vacib hesab edir: “Əgər Bakı azad olunmasaydı, Azərbaycan başsız bədən olardı və Bakının etnik tərkibi tamamilə fərqli olardı. Tarixi təkcə rəqəmlərə, xronologiyaya görə yox, buraxılmış səhvləri təkrarlamamaq üçün öyrənməliyik. 100 il keçsə də, Qafqaz İslam Ordusunun şərəfinə abidələrin ucaldılması milli dövlət maraqlarının, ehtiramın göstəricidir. Bakı azad edildikdən sonra Azərbaycanda tam sabitlik hökm sürdü. Bolşevik Rusiyası Osmanlıya və Almaniyaya nota verdi. Lakin Osmanlı hökuməti Bakının Azərbaycan hərbi qüvvələri tərəfindən azad olunduğunu və Qafqaz İslam Ordusunun şəhəri öz sahibinə, yəni Azərbaycan xalqına təhvil verildiyini bildirdi. Bütün bu diplomatik yazışmalar şanlı tarixdir. Azərbaycan Cümhuriyyətinin mövcudluğu Azərbaycan SSR-in yaradılması üçün təməl oldu. Azərbaycan SSR-in mövcudluğu isə 1990-cı ildə müstəqil Azərbaycan dövlətinin yaranmasına səbəb oldu. Bu, tarixi varislikdir. Tarix yanlış ideologiyalardan, sistemlərdən kənar olmalıdır. Çar hakimiyyəti illərində və sovet dövründə olduğu kimi biz öz xalqımızın tarixini qaçaq-quldur tarixi səviyyəsinə endirməməliyik”.
Bu xəbər oxucular tərəfindən 2909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed