Şrift:
Sarkisyan hakimiyyəti də əgər bir başqa istəkdən çıxış edərsə, dərhal o ağaları tərəfindən dəyişiləcək
22.09.2014 [23:59] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev : “Ermənistan-Azərbaycan müharibəsinin Azərbaycanın xeyirinə məhz Ermənistan tərəfinin zəifləyəcəyi təqdirdə həll olunmasını düşünmək sadəlövlük olar.”


Ermənistandakı mövcud sosial-iqtisadi vəziyyət, buna uyğun olaraq da artan siyasi gərginliklə bağlı suallarımızı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev cavablandırdı. Həmin musahibəni təqdim edirik:


-Fərəc bəy, ekspertlər Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığını əsas gətirməklə sosial “partlayış”ın ola biləcəyini istisna etmirlər. Ərzaq məhsullarının qiymətinin kəskin şəkildə bahalaşdığını önə çəkən narazı ermənilər, hakimiyyətin xalqı konstitusiya islahatlarıyla “yedirməyə” davam etdiyini bəyan ediblər. Bəs, bunlar nə ilə nəticələnə bilər? Qarabağ məsələsində Ermənistanın geri çəkilməsi, yaxud da kompromisə getməsinə səbəb ola bilərmi?
-İki məsələ çox mühimdir. Biri budur ki, tam müstəqil bir dövlətin vəziyyəti və onun işğalçılıq siyasəti müzakirə oluna bilər. Belə vəziyyətlərdə işğalçı dövlətin iqtisadi imkanları, potensialı zəiflədikcə iddiaları azalar. Amma məsələ burasındadır ki, Ermənistan müstəqil dövlət deyil, farpost dövlətdir. Onun nə işğalçılıq siyasəti, nə də verdiyi qərarlar öz iradəsindən asılı deyil. Heç iqtisadiyyatı da özündən asılı deyil. Ermənistan böyük siyasətdə maşa rolunu oynayan bir dövlətdir.
Birinci variantı götürsək ki, əgər Ermənistan müstəqil dövlət olsaydı iqtisadi vəziyyəti ilə bağlı olaraq işğalçılıq siyasətindən əl çəkəcək, ya yox? Bu da özünü aldatmaq olardı. Yəni, hər bir dövlətin daxilində forsmajor vəziyyətlər yarana bilər. İşğala məruz qalan tərəf düşmən tərəfin içərisində bu ziqzaqları müşahidə etməlidir, amma bu ziq-zaqlardan asılı olaraq məhz işğalçının nə qərar verəcəyini gözləməli deyil. Xüsusəndə, əgər nəzərə alsaq ki, bayaq qeyd etdiyim kimi Ermənistan Rusiyadan tam asılıdı. Həm dünyada , həm Şərqi Avropada, həm də Cənubi Qafqazda baş verənlərin konteksində Ermənistan amilinin rolu Rusiyanın istəklərinə uzlaşdırılır. Ermənistan sadəcə birbaşa maşa rolunu oynayır.
Bu amillər söykənib Ermənistan-Azərbaycan müharibəsinin Azərbaycanın xeyirinə məhz Ermənistan tərəfinin zəifləyəcəyi təqdirdə həll olunmasını düşünmək sadəlövlük olar.

-Fərəc bəy, ilk təəssürat belə yaranır ki, Ermənistanda sosial durum belədir: aksiyalar yaranacaq, hakimiyyət dəyişikliyi olacaq. Son vaxtlar bu informasiyalar daha çox ötürülür və qərbdən bununla bağlı münasibətlər də bildirilir. Bəs sizcə bu nəyə yönəlibdi? Ermənistanı necə təqdim eləmək istəyirlər? Ümumiyyətlə, bu nəyə hesablanmış gedişdi?
-Erməni lobbisinin fəaliyyəti həmişə ona yönəlir ki, bir məsələni beynəlxalq ictimaiyyətə hopdursunlar ki, Ermənistan yazıq bir dövlətdir. Ermənilər özlərini iki mədəniyyətin, iki dinin qovşağında olan əzabkeş xristian bir etnos olaraq təqdim edirlər. Təbliğatın məqsədi bundan ibarətdir ki, bu yazıq topluma yardım etmək lazımdır, vəziyyətləri pisdir və s. Özlərini yazıq təqdim edib onun arxasında da böyük məkirli planlar gizlətmək onların strateji hədəfləri olub . Bu həmişə belə olub və bugün də belədir. İndi Ermənistan yenə də eyni taktika ilə müəyyən dəstəklər almağa çalışır. Hesab etmirəm ki, o informasiyaların gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi üçün bir zəmin hazırlanması və yaxud da Ermənistanın istəklərindən geri çəkilməsində bir rolu olsun.
Hətta hakimiyyət dəyişikliyi də belə, onlar üçün kənardan hazırlanmış institutlaşmış siyasəti dəyişə bilməz. Bir zamanlar Llevon Terpetrosyan Qarabağla bağlı daha rasional yanaşmalarla çıxışlara başlayanda, dərhal onu dəyişdilər və yerinə müharibə hakimiyyətini gətirdilər. Bu gün Sarkisyan hakimiyyəti də əgər bir başqa istəkdən çıxış edərsə, dərhal o ağaları tərəfindən dəyişiləcək və onların bu özləri tərəfindən formalaşdırılmayan, institutlaşmış siyasəti ortada qalacaq və ona xidmət edən bir hakimiyyət formalaşacaq. Ona görə bu amillərə güvənməyə dəyməz.

-Ümumiyyətlə, böhran varmı? Ermənistanın vəziyyəti barədə belə deyirlər ki, böhran var, amma Azərbaycan torpaqlarını işğalda saxlamasına və buna beynəlxalq təşkilatların yanaşmasına baxanda onu demək olmur.
-Faktiki olaraq, Ermənistan bizim ərazilərin 20 faizinə kontrol edir.Təcrid vəziyyətində deyil, İranla qapılar açıqdır, faktiki olaraq Ermənistan, hətta bizə yaxın olan dövlətlərdən məsələn, ABŞ-dan belə, hər il yardımlar alır, Türkiyə ilə hətta ticarət dövriyyəsi böyük rəqəmlərlə ifadə olunur. Sərhədlər demək olar ki, rəmzi olaraq bağlıdır. Amma, ölkə daxilindəki o böhran dediyimiz məsələyə baxanda, Ermənistanın iqtisadi potensialına, yeraltı və yerüstü sərvətlərinə adekvat olaraq təbii ki, təbii ki,üstün vəziyyətdə deyil. Azərbaycan ondan çox üstün vəziyyətdədir. Bütün bunlara baxmayaraq, bu vəziyyətdə belə Ermənistanın işğalçılıq siyasətində geri çəkilmə məqamları görünmür. Tunelin heç sonunda da Ermənistanın könüllü olaraq geri çəkilməsi işartısı yoxdur.

-Demək ki, qərb digər dövlətlər böyük güclər ermənilərin arxasında durur, ona dəstək verirlər?
- İkili standartlar deyilən məsələ var ki, bu artıq şablon deyimə çevrilib, biraz da çox çeynənmiş ifadədir, amma hər halda məsələ burasındadır ki, Ermənistana münasibət tamamən bir ərköyün uşağa olan münasibətdir. Görünür hər hansısa bir təəssübkeşlik, İkili standartlar var ortada. Baxmayaraq ki, ermənilər işğlçı bir siysət yürüdürlər, monoetnik bir dövlət yaradıbdılar, digər etnoslara qarşı faşist bir yanaşmaları var və çox böük qətliamlara əl qoyubdular. Bütün bunlara baxmayaraq, ermənilərə münasibət qətiyyən adekvat deyil və onlara həmişə himayədarlıq olunub və bu gün də olunur. Çox təəssüf ki, vəziyyət belədir.

-Sarkisyanın hakimiyyətdən getməsi üçün hansı zəminlər müşahidə olunur?
-Ola bilər ki, hakimiyyət dəyişiklikləri baş versin. Mən sizə deyim ki, Ermənistanda hakimiyyət dəyişikliyini seçicilər həll etmir, bunu Ermənistandakı mafiyalar da həll etmirlər, yaxud da hansısa quruplar. Ermənistandakı hakimiyyət dəyişikliyini birbaşa xaricdə həll edirlər və əgər bu dəyişiklik farpost dövlətin oynayacağı rola müvafiq olacaqsa bu dəyişikliyi edəcəklər, olmayacaqsa o dəyişiklik olmayaacaq.

T.Qafarlı
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed