Şrift:
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
24.09.2014 [00:11] - Gündəm, Diaspor
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!”
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed