Şrift:
Ramiz Meydiyev Moskvada
29.09.2014 [14:48] - Gündəm, Siyasət
Moskvada MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin görüşü keçirilir
Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib.

AzərTAc-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş çərçivəsində Əfqanıstan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün mümkün nəticələri, “Əl-Qaidə”nin və özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaradan əsas səbəblər təhlil edilib, radikal və ekstremist dini təşkilatlar tərəfindən, xüsusən gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan üsullar və metodlar nəzərdən keçirilib.

MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanıstanda müxtəlif dini-ekstremist və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurğulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanlar öz ölkələrinə qayıdandan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər.
Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda ətraflı məlumat verilib.

Tərəfdaş ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremizm və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed