Şrift:
Angela Merkeldən Rusiyaya qırmızı işıq
30.09.2014 [14:34] - Siyasət
Kansler: "Moskvaya qarşı hazırkı sanksiyaları azaltmaq üçün imkan yoxdur"
"Uzunmüddətli dövrdə Avropa İttifaqı (Aİ) Rusiya ilə enerji əməkdaşlığına yenidən baxa bilər. Moskvaya qarşı hazırkı sanksiyaları azaltmaq üçün imkan yoxdur."

Bunu Almaniya kansleri Angela Merkel Berlində Finlandiyanın Baş naziri Aleksandr Stubbla görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva Şərqi Ukraynada əsas prinsipləri pozmağa davam edərsə, Almaniya və Aİ Rusiya ilə enerji siyasətlərini yenidən dəyərləndirməlidirlər. Buna baxmayaraq, münasibətləri davam etdirmək üçün yaxşı səbəblər var. Gələcəkdə bunun bir daha nəzərdən keçirilməsi əməkdaşlığın birdəfəlik dayandırılmasına səbəb olmamalıdır.

A.Merkel finlandiyalı həmkarı dünən keçirdiyi görüşdən sonra vurğulayıb ki, Moskva əleyhinə sanksiyaları azaltmağa imkan yoxdur: "Təəssüf ki, indi belə fikrimiz yoxdur. Şərqi Ukraynada vəziyyət heç də qənaətbəxş deyil. Elementar atəşkəs məsələsi, Luqansk və Donetsk əyalətlərinin gələcək statusu və onların Ukrayna mərkəzi hökuməti ilə əməkdaşlığı məsələsi həllini tapmayıb. Luqansk və Donetsk əyalətləri boyunca sərhədlər mühafizə olunmur - nə nəzarət var, nə də bufer zonaları. Halbuki bütün bunlar sanksiyaların azaldılması üçün minimum şərtlərdir."

Onun sözlərinə görə, regionda Kiyev hökuməti ilə razılaşdırılmış qaydada ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Ukraynada azad seçkiləri müşahidə etməsi üçün tam atəşkəs vacibdir. Rəsmi Kiyev və Qərb Moskvanı silah və döyüşçülər göndərməklə Şərqi Ukrayna qiyamçılarını dəstəklədiyini iddia edir. Moskva isə qəti şəkildə bu ittihamları inkar edir.

Finlandiyanın Rusiya ilə uzun quru sərhəddi olduğunu söyləyən Baş nazir A.Stubb NATO üzvlüyü üçün müraciət etməyəcəklərini bildirib: "Bunlar vəziyyət gərgin olmayanda müzakirə olunacaq məsələlərdir."

Xatırladaq ki, Ukrayna münaqişəsində indiyədək 3 minə yaxın adam ölüb. Sentyabrın 5-də atəşkəs əldə olunsa da, zorakılıq davam edir.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed