Şrift:
Professor Piter Şol-Latour: Ermənilər nəinki Dağlıq Qarabağı, hətta digər əraziləri də işğal ediblər
08.10.2014 [12:16] - Gündəm, Müsahibə
Otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor Piter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramına Azərbaycan haqqında müsahibə verib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, proqramın aparıcısı Brinkmann verilişin Piter Şol-Latourun Berlindəki evindən aparıldığını bildirdikdən sonra əsas məqsədin Azərbaycan mövzusunun müzakirəsi olduğunu söyləyib və bir sıra suallarla müsahibinə müraciət edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Piter Şol-Latour bəyan edib ki, ermənilər Azərbaycan ərazisini Rusiyanın hərbi dəstəyi nəticəsində ələ keçirib. Aparıcının “Hüquqi standartlarla mühakimə etsək, ermənilərin hərəkətləri beynəlxalq hüquqa ziddirmi?” sualına “Heç şübhəsiz”, - deyə cavab verən professor qeyd edib ki, ermənilər nəinki Dağlıq Qarabağı ərazisini işğal ediblər, onlar hətta daha irəli gedərək misal üçün, Ağdamı və digər rayonları da işğal ediblər: “Ağdam keçmiş Dağlıq Qarabağın xaricindədir və strateji olaraq çox vacib mövqedədir. Hazırda Azərbaycanın ərazisinin beşdə biri işğal altındadır”.

Aparıcının “Niyə biz bunu müzakirə etmirik? Həmişə inanırıq ki, ərazi toxunulmazlığı prinsipinə riayət olunur. Lakin bu halda görünür ki, heç nəyə məhəl qoyulmayıb” fikrinə münasibət bildirən Piter Şol-Latour ermənilərə olan simpatiyadan bəhs edərək, Fransada böyük təsirə malik erməni icmasının mövcud olduğunu nəzərə çatdırıb.

Müsahibənin gedişi zamanı aparıcı Brinkmann çox maraqlı bir məsələyə də diqqəti cəlb edib: “Bu gün biz Azərbaycan və Ermənistan arasında olan münaqişəni müzakirə edirik. Mən bu məsələ ilə bağlı ilk dəfə Bakıdakı mahnı müsabiqəsi zamanı xəbərdar edildim. Azərbaycanlılar həmişə aydın şəkildə bildirirdilər ki, biz müharibə şəraitindəyik. Almanlar isə sual verirdilər: “Nə müharibə? Nə üçün müharibə hələ bitməyib?”

Piter Şol-Latour bununla əlaqədar qeyd edib ki, bu, Azərbaycan üçün faciəvi vəziyyətdir: “Münaqişə ilə məşğul olan qrup var. Beş dövlət təmsil olunur, lakin qrup heç bir iş görmür”.

Müsahibədə neft və qaz kəmərləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Aparıcının “Azərbaycan qazı “Nabucco” kəmərini təmin edə bilərdi, lakin indi biz qazı başqa kəmər vasitəsilə alırıq” fikrinə də professor Piter Şol-Latour diqqətəlayiq cavab verib. Onun sözlərinə görə, bu, Almaniya və bütün Qərbi Avropa üçün maraqlı bir faktdır ki, Avropanın böyük həcmdə asılı olduğu Rusiya təbii qazı və xam neftindən başqa da, ayrı vacib mənbə var: “Tarixən də belə olub, misal üçün, Hitlerin cənuba, Qafqaza irəliləmə səbəbi alman silahlı qüvvələri üçün benzin və ağ neft əldə etmə ehtiyacı ilə izah olunur. Ona görə də Hitler üçün Bakının işğalı Moskvanın işğalından daha önəmli idi. Lakin onun tabeliyində olan insanlar bunu dərk etməmişdilər”.

Piter Şol-Latour müsahibə kontekstində azərbaycanlılar haqqında da maraqlı fikirlər söyləyib: “Mən müxtəlif Qafqaz xalqları ilə tanış olmuşam, lakin ən istiqanlıları azərbaycanlılardır və mən bunu yalnız sizə xoş olsun deyə demirəm. Onlar poeziyaya meyllidirlər, aqressivliyə o qədər də meylli deyillər, çox mədəni və mehriban insanlardır. Mən Bakıda və onun ətrafında özümü çox rahat hiss etdim və Ermənistan ərazisi ilə ayrılan kiçik anklav olan Naxçıvanda çox qonaqpərvər və mehriban insanlarla tanış oldum”.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed