Şrift:
Gələn il Azərbaycan orbitə iki süni peyk buraxa bilər
23.12.2011 [12:05] - Xəbərlər
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “2012-ci il Azərbaycanın kosmik həyatında mühüm bir il olacaq”

Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasına dair işlər plan üzrə davam edir və bu hadisə, əvvəldən planlaşdırıldığı kimi, 2012-ci ilin sonunda baş verəcək. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, 2012-ci il Azərbaycanın kosmik həyatında mühüm bir il olacaq: “Artıq yer səthinin müşahidəsi üçün nəzərdə tutulmuş əlavə süni peykin orbitə buraxılması layihəsinin hazırlıq işlərinə də başlanılıb və yaxın zamanlarda tenderin keçirilməsi gözlənilir. Ola bilsin, işlər bir qədər də sürətləndirilsin və ikinci peyk əvvəldən nəzərdə tutulduğu kimi 2013-cü ildə deyil, 2012-ci ildə orbitə buraxılsın”.

Nazir qeyd edib ki, ilk süni peykin 80%-i icarəyə veriləcək: “Riskləri aşağı salmaq məqsədilə 1 Mbit internetin sürəti 350 dollar nəzərdə tutulub. Halbuki digər ölkələr interneti 450-500 dollara alır. Rentabellik tam təminatla həyata keçiriləcək”.

Qeyd edək ki, “Azersat” peykinin orbitə buraxılması layihəsinin ümumi dəyəri 200 mln. manata (250 mln. ABŞ dolları) yaxındır. Təkcə peykin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanan müqavilənin dəyəri 112 mln. manat təşkil edir. Bu, peykin istehsalı ilə yanaşı, yerüstü idarəetmə strukturunun yaradılmasına və kadrların hazırlanmasına xərclənəcək vəsaitin həcmidir.

Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.

Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 2292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed