Şrift:
Ramiz Mehdiyevin Şah İsmayıl barədə kitabı çapdan çıxıb
10.10.2014 [11:35] - Mədəniyyət
Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının (rus dilində) birinci hissəsi çapdan çıxıb.

Müəllif yazır: “Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edə bilər. Tarixin ən mürəkkəb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayəsində, bəzən həyatları bahasına, amansız təhdid və təhlükələrə məhəl qoymadan tarixin gedişini öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cəsur qəhrəmanlar, görkəmli alim və mütəfəkkirlər çıxıb”.

Akademikin fikrincə, Şah İsmayıl Səfəvi Azərbaycan tarixinin məhz bu cür parlaq, əlinə qılınc götürərək doğma xalqının taleyini dəyişmiş, onu pərakəndəlikdən, öz dövrünün ən böyük imperiyalarından birinin titul milləti səviyyəsinə çatdırmış simalardan biridir.

Müəllif əsəri iki hissəyə bölüb. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılıb, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanıb.

Kitabın ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilib.

“Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabında İsmayıl Səfəvinin dövründə (1501–1524-cü illər) Səfəvilər dövlətinin Azərbaycan tarixi atlasından götürülmüş, həmin dövlətin miqyası barədə tam təsəvvür yaradan xəritəsinə və müvafiq illüstrasiyalara da yer ayrılıb.

“Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış kitab mütəxəssislər – tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed