Şrift:
Sahibkarlara verilən güzəştli kreditlərin aqibəti
10.10.2014 [13:21] - Sosial
Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsindən ayrılmış vəsaitlərin tam istifadə olunmasını, güzəştli kreditlərin sahibkarlıq subyektlərinə onlara lazım olan müddətdə verilməsini, eləcə də kreditlərin səmərəli istifadəsi və geri qaytarılmasında tələb olunan kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunmasını təmin edir.

ANS PRESS bununla bağlı, sahibkarlara verilən kreditlər və bunun qaytarılması ilə bağlı araşdırma aparıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqaviləyə əsasən, verilmiş güzəştli kreditlər üzrə yaranmış öhdəliklərin vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət edilir. Hazırda kreditlərin qaytarılmasında problem yoxdur. Çünki aparılan maarifləndirici tədbirlər müsbət nəticəsini verir. Kreditlər verilərkən lazım olan sənədlər, biznes plan yoxlanılır, sonrakı mərhələlərdə sahibkarın fəaliyyətinə, vəsaitin kredit aldığı istiqamət üzrə xərclənməsinə nəzarət artırılır, təyinatı üzrə məhsul istehsalının monitorinqi aparılır.

Məsələn, son vaxtlar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə respublikanın 3 şəhər və 24 rayonunda 24 müvəkkil kredit təşkilatı vasitəsilə 204 sahibkarlıq subyektinə verilmiş 157.9 mln. manat güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə monitorinqlər aparılıb. Qırx iki müvəkkil kredit təşkilatı tərəfindən 4875 sahibkarlıq subyektinə Fondun vəsaiti hesabına verilmiş 550.1 mln. manat güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə monitorinqlər aparılıb.

Statistik məlumatlar göstərir ki, 2013-cü il ərzində müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına 134147.4 min manat vəsait daxil olub. 2014-cü il yanvarın 1-nə isə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 683 621.4 min manat təşkil edib.

Ümumiyyətlə, Fondun vəsaitlərinin istifadəsi istiqamətləri əsasən Ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin; Müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası; Logistika (qida və qeyri-qida məhsullarının saxlanması,daşınması və satışı ) mərkəzlərinin; Müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin; İri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının; Yağlı bitkilər əkini və emalı müəssisələrinin; Qarışıq yem istehsalı müəssisələrinin; Müasir istixana komplekslərinin; İntensiv bağçılıq (üzüm, alma, nar və.s) və ya tingçilik təsərrüfatlarının; İntensiv üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin; Müasir çörək istehsalı müəssisələrinin; Digər sənaye (yüngül, tikinti, kimya, maşınqayırma və s.) müəssisələrin yaradılması; Kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı üzrədir.

Diqqətə çatdıraq ki, Fond vasitәsilә ötən ildə 4468 sahibkarlıq subyektinә 275 milyon manat dövlәtin güzәştli kreditlәri verilib vә bu kreditlәr hesabına 12045 yeni iş yerinin yaradılması tәmin olunub. Dövlәtin güzәştli kreditlәrinin 68.8%-i aqrar sektorun, 31.2%-i müxtәlif sәnaye vә digәr sahәlәrә verilib. Həmin ildə sahibkarlıq subyektlәrinә verilmiş dövlәtin güzәştli kreditlәri (275 000 min manat) 2012-ci il (218 000 min manat) ilә müqayisәdә 26.1% (57 000 min manat) artıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin bu ilin sentyabr ayında verdiyi məlumata görə, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması nəticəsində 6200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

SKMF-nin müvəkkil kredit təşkilatlarından olan Azərbaycan Beynəlxalq Bankından bildirilib ki, Fondun kreditlərindən istifadə zamanı mövcud qaydalardan kənara çıxılmır və kreditlərin qaytarılmasında ciddi problem yoxdur.

Ekspertlər də ölkədə sahibkarlıq subyektlərinə verilən kreditlərin qaytarılması ilə bağlı şikayətin olmadığını söyləyiblər. Onlar vurğulayıblar ki, iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sahibkarlığın inkişafına münasibətdə diversifikasiyası, yəni iqtisadiyyatın şaxələndirilməsi, müvafiq dövlət təşkilatlarının qarşılıq fəaliyyət prinsiplərinin qorunması müsbət nəticə verir. Həyata keçirilən tədbirlərin regionların inkişafına təsir imkanlarını artırmaq üçün kreditləmə siyasətində xüsusi stimullaşdırma amillərinə üstünlük verilməsi də buna təsir göstərir.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed