Şrift:
Türkiyə Prezidenti: Fransa ATƏT-in Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır
23.12.2011 [17:16] - Xəbərlər
Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib. Bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Məlumatı TRT Haber telekanalı yayıb.

Gülün sözlərinə görə, "erməni soyqırımı" haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed