Şrift:
Türkün sevimli Şairi Hüseyn Hüseynadə- Hüseyn Arif
17.10.2014 [10:07] - Gündəm, Mədəniyyət
Hərdən yüz nüsxə kitabdan ibarət balaca kitabxanamda səliqə-səhman yaradarkən bəzi kitablar xəyalımı keşmişə qaytarır. Budur, 1975-ci ildə çap olunmuş şair Hüseyn Hüseynzadənin I cild şeirlər kitabı əlimdədir...
1980-ci ilin əvəlləri idi, o zaman Şəki rayonunun Üzümçülük savxozunun mədəniyyət evinin direktoru işləyirdim. Aşıq Alının 170 illiyi ilə bağlı Respublikanın başçısı Heydər Əliyevin göstərişi üzrə bütün rayonlarda təşkilat işləri və mədəni tədbirlər təşkil olunurdu. Şəki rayon rəhbərliyinin tapşırığı ilə rayon mədəniyyət şöbəsi də bir sıra tədbirlər təşkil edirdi... Vəziyyət elə yaranmışdı ki, rayonda saz-söz üzrə keçirilən yığıncaqların bəddi hissəsində Aşıq Sakitlə mən çıxış edirdik: mən saz havası ilə Aşıq Alının şeirlərindən bədii qiraət söyləyirdim, Aşıq Sakit də bir aşıq kimi Aşıq Alının şeirlərindən oxuyurdu. Mədəniyyət şöbəsindən bildirdilər ki, rayon səhiyyə evində Hüseyn Ariflə görüş olacaq və biz orada çıxış etməliyik...
Günün ikinci yarısında səhiyyə mədəniyyət evinin zalı adamla dolmuşdu və haradasa, bir on-on beş dəqiqəyə Hüseyn Arif zala daxil olmalı idi. Bəli, şəki rayon partiya komitəsinin üçüncü katibi Sevil xanımla Hüseyn Arif zala daxil oldu. Camaatın yüksək alqışlarını başını əyməklə salamlayan sevimli şairimiz Sevil xanımla keçib ön sırada əyləşdilər. Birinci mən səhnəyə çıxdım və “orta sarıtel” saz havası üstündə Aşıq Alının “Yadıma düşdü” qoşmasını öz ifamın müşaiyətilə söylədim. Aşıq sakit də üç söz oxuyanan sonra məclis yekunlaşdı, Hüseyn Arif səhnəyə çıxıb hər ikimizi də qucaqlayıb xoş münasibət bildirdi... mən onu qonaq dəvət edərkən soruşdu:- Göyçəli olduğunu buldim, kimlərdənsən? Dedim:- Aşıq Xanbutanın oğluyam... Onun atamla səmimi bir münasibəti var idi. Atam el arasında sayılıb-seçilən el aşıqlarından biri olduğu üçün Hüseyn Arif aşıq yaradıcılığının şifahi araşdırmalarının bəzi məsələlərini onunla müzakirə edirdilər... Mədəniyyət evindən bayıra çıxarkən Hüseyn Arif zalda əyləşən rayon rəhbərliyinin nümayəndələri və sadə tamaşaçılara əlini sinəsinə qoyub bir daha minnətdarlığnı bildirdi, zaldakılar da sürəkli alqışlarla onu müşaiyət etdilər. Həyətdə dayanan “QAZ 24” markalı avtomobilə yanaşarkən Hüseyn Arif qolumdan tutub dedi:-Qardaş oğlu, indi məni Mingəçevirdə səbirsizliklə gözləyən bir dostum var, sabah sənə qonaq olacam,-deyib, Aşıq Sakitlə də əl tutub yaxşı çıxış etdiyini bildirdi... Qəribə bir mənzərə yaranmışdı: rayon rəhbərləri qalmışdı bir yanda, onun sözü-söhbəti ancaq bizimlə idi...Onun saza-sözə dərin bağlılığı və bu sənətin daşıyıcılarına da yüksək rəğbəti belə məqamlarda vəzifə adamlarını ikinci plana çəkirdi... Partiya komitəsinin üçüncü katibi Sevil xanım bu halı anlayan zəkalı bir ziyalı kimi təbəssümlə Hüseyn Arifə yaxınlaşıb dedi:-Hüseyn müəllim, sizin üçün süfrə təşkil etmişik, bəs bizə vaxt ayırmamısız? Hüsen Arif bir qədər üzrxahlıqla:- Bağışlayın, bu gün çox vacib işim var, sabah hökmən sizə qonaq olacam. Sürücü artıq mühərriki işə salmışdı, Hüseyn Arif yenə də əlini sinəsiənə qoyub, təşəkkürünü bildirməklə avtomobilə əyləşib Mingəçevirə getdi...
Hüsey Arif gedəndən sonra Aşıq Sakit dedi:- Niftalı, şair geti... a kişi, onun vaxtı hardadı ki, bir də Şəkiyə qayıtsın. İndi gecəni Mingəçevirdə qalsa hələ yaxşıdı, Allah bilir, ordan da hansısa başqa bir rayona gedəcək. O, Bakıdan çıxıbsa, deməli bütün Azərbaycanı gəzəcək. Buna da nə qədər vaxt lazımdır. Ona görə də bu gün burada, sabah orada: nə qədər tədbirlərdə olmalıdır. Bu yübley ərəfəsi Aşıqlar birliyinin sədri kimi şairimizə çox gərgin iş şəraiti yaradıb...
Hüseyn Arif olduqca səmimi, sadə, xalqa elə bağlı Türk şairidir. Onun haqqında şeir kitabının “ön sözündə” Görkəmli alim Xudu Məmmədovun yazdığı yazıdan bir abzas təqdim etməklə fikirimi tamamlamaq istəyirəm: “ Hüseyn Hüseynzadənin şeir dünyası heç kəsi xatırlatmayan bir sənətkar dünyasıdır. Onun sənətkarlıq fərdiliyinin əsas səbəbi də budur. Sevilə-sevilə oxunan şairin qələmə aldığı hisslər, problemlər insanla birlikdə yaranıb, insanla da yaşayacaqdır. Onlar hər yerin, hər zamanın, hər yaşın adamına tanışdır. Elə buna görədir ki, qiymətə çox xəsis olanlar belə “Hüseyn şairdir!”-hökmünü böyük bir daxili inamla verir.”
Bəli, taleyinə faciə yazılan, yegəna oğlunu cavankən torpağa tapşıran, bu yanğını yüngülləşdirmək üçün oğlunun adını adı ilə bağlayan, əvvəlcə Hüseyn Hüseynzadə təxəllüsü ilə ədəbiyyata gələn və sonradan Hüseyn Arif təxəllüsü götürən sevimli Türk şairimiz daim xalqın qəlbindədir. Bu məqamla bağlı şairin bir şeirini mövzuya daxil edirəm:

BAĞLIDIR

Eniş, yoxuş bir-birinin davamı,
Dağ dərəyə, dağa dərə bağlıdır.
Ölüm, həyat yanaşıdır əzəldən,
Şər xeyirə, xeyir şərə bağlıdır.

Nur ələnib bağça bağla yeriyər,
Göy dənizə, boz torpağa yeriyər.
Bir ümmanda neçə dalğa yeriyər,
Neçə yürüş bir səfərə bağlıdır!

Dağlar açar sinəsini selilə,
Düzlər yayar mahnısını yelilə.
Təbiətin min sehrli telilə
Ay Günəşə, Günəş Yerə bağlıdır.

Gahdan gülər, gahdan ağlar fikrimiz,
Qanad açar, qanad bağlar fikrimiz.
Misralarda coşub, çağlar fikrimiz,
Şeir fikrə, fikir şerə bağlıdır.

Yaşamadı qorxa-qorxa Hüseyn,
Güvəndikcə doğma xalqa Hüseyn.
İnanmıram yaddan çıxa Hüseyn,-
Şair ömrü ömürlərə bağlıdır.


Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed