Şrift:
Sovetski: işçi komissiyanın sədri görülmüş və görüləcək işlərdən danışır
22.10.2014 [15:14] - Sosial
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsinin köçürülməsi üzrə işçi komissiyanın sədri Səməd İslamov “Media forum” saytının suallarını cavablandırıb.


- “Sovetski”dən neçə ailə köçürülüb?

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Yasamal rayonu ərazisində altı mərhələdə köçürülmə və söküntü işlərinin aparılması nəzərdə tutulub. Bizim hesablamamıza görə, altı mərhələdə bütövlüdə 10500 yaşayış və qeyri-yaşayış sahəsi köçürüləcək. Artıq iki mərhələdə 3450 mənzil və obyektdə ölçmə və inventarlaşdırma işlərini başa çatdırmışıq. Birinci mərhələdə aparılan köçürülmə və söküntü işləri Nəriman Nərimanovun heykəlinin arxasından Hüseyn Cavid parkınadək uzanacaq yolun çəkilməsi ilə əlaqədardır. İkinci mərhələ isə Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinədək olan ərazini əhatə edir. Ölçmə və inventarlaşdırma işləri aparılan 3450 yaşayış və qeyri-yaşayış sahəsindən 2245-nin mülkiyyətçisi ilə razılaşma protokolu imzalanıb. Bu da təxminin 66-67 faiz edir. Yerdə qalan mülkiyyətçilərlə müzakirələr aparırıq, onlardan hər gün müraciət alırıq. Köçürülən ərazidə yerləşən 1700 mənzil və obyekt sökülərək ləğv edilib.

Oktyabrın əvvəlindən digər dörd mərhələ üzrə də ölçmə və inventarlaşdırma işlərinə start verilib. İndən belə 7000 yaşayış və qeyri-yaşayış sahəsində ölçmə və inventarlaşdırma aparmağı nəzərdə tuturuq. İşin gedişi onu deməyə əsas verir ki, bütün bunları 2015-ci ilin aprelinədək başa çatdıracağıq. Hesab edirəm ki, köçürülmə işləri normal və nəzərdə tutulan qrafikə uyğun gedir.

- Evi və obyekti sökülənlərdən neçə nəfər pulunu alıb?

- 2090 mülkiyyətçi bankdan pulunu götürüb.

- İndiyədək köçürülmə işlərinə büdcədən nə qədər vəsait xərclənib?

- Məndə bu barədə məlumat yoxdur.

- Köçürülən ərazidə obyektlərlə mənzillərin qiyməti arasında fərq qoyulurmu?

- Xeyr, heç bir fərq qoyulmur. Obyektlərin də hər kvadratmetri 1500 manatdan qiymətləndirilib. Hesab edirəm ki, bu, normal qiymətdir.

- Köçürülmə işləri çətin gedir?

- İlkin mərhələdə proses ağır gedirdi, insanların bəzisində narahatlıq, bəzisində inamsızlıq vardı. Şükürlər olsun ki, indi çətinlik yoxdur, problemlə üzləşmirik. Hesab edirəm ki, köçürülmə ərazisinə düşən sakinlərlə dəfələrlə görüşməyimiz, onlarla müzakirə, maarifləndirmə işləri aparmağımız, bütün məsələləri ətraflı izah etməyimiz nəticəsində bütün anlaşılmazlıqlar aradan qalxıb. İndi prosesin rəvan və sakit getməsi bunun sübutudur. Köçürülmə komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dəfələrlə sakinlərlə görüşüb. Maarifləndirmə işlərinin düzgün aparılması, ən əsası isə şəffaflığın təmin olunması sakinləri sakitləşdirdi, çətinliklərin aradan qalxmasına imkan verdi.

Biz bir neçə işçi qrupu yaratmışıq. İşçi qruplarda yalnız Maliyyə Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, mənzil-istismar sahələrinin məmurları təmsil olunmur, orada müstəqil ekspertlər, layihəçilər, fotoqraflar da var. Əgər hər hansı evdə, yaxud obyektdə ölçmə və inventarlaşdırma işləri aparılırsa, bu proses mütləq oranın sakininin iştirakı ilə həyata keçirilməlidir, mülkiyyətçi sonda imzası ilə görülən işləri təsdiqləməlidir. Mülkiyyətçi ölçmə və inventarlaşırma işlərində iştirak etməli, bütün məsələləri nəzərdən keçirdikdən sonra bununla razılaşdığını imzası ilə təsdiq etməlidir. Bəzi hallarda təkrar yoxlamaya ehtiyac yaranır. Elə sakin var ki, üç dəfə komissiyaya müraciət edib, nələrinsə qaranlıq qaldığını bildirib, yenidən ölçmə işlərinin aparılmasını istəyib. Hər üç halda işçi qrupu göndərilib, təkrar ölçmə aparılıb. Bu proses mülkiyyətçi ölçülərlə razılaşana, sənədlərə imza atanadək davam edir. Mülkiyyətçi ölçmə sənədlərini imzaladıqdan sonra onun da arzusu nəzərə alınmaqla sənədlər qiymətləndirilməyə göndərilir. Bundan sonra komissiya tam tərkibdə toplanır, sakinləri dəvət edir, məsələ yenidən araşdırılır, qiymətləndirilir.

İnsanlar burada qaranlıq bir məsələnin olmadığını gördülər. Köçürülmə ərazisində yaşayanların əksəriyyəti bir-birini tanıyan, hər gün ünsiyyətdə olan insanlardır. Heç kimə fərdi yanaşma olmayıb, ayrı-seçkiliyə yol verilməyib. Evin və obyektin sənədi olub-olmamasından asılı olmayaraq hər kvadratmetr 1500 manatdan qiymətləndirilib, bütün tikililər nəzərə alınıb. İnsanlar da başa düşdülər ki, dövlətin təklif etdiyi qiymət çox ədalətlidir, ona görə də köçməyə razılıq verməyə başladılar.

İlk addımı atanlar, köçməyə dərhal razılıq verənlər gedib başqa yerlərdə ev aldılar, başqalarına da bunun çox sərfəli olduğunu, təklif olunan qiymətlərlə razılaşmağın vacibliyini izah etdilər. Köçüb gedən, başqa yerlərdə ev alan, məskunlaşan adamlar bir həftə-on gün sonra rayon icra hakimiyyətinə gəlirlər, deyirlər biz elə bilirdik yaşayırmışıq, amma indiyədək yaşamamışıq. Deyirlər cənab prezidentə minnətdarıq ki, bizə belə bir şans yaradıb. Hamısı təşəkkür edir, özlərinə normal ev aldıqlarını deyirlər. Sakinlər Badamdarda, Masazırda gözəl evlər alıblar. Elə adam var ki, dövlətin verdiyi pulla özünə ikimərtəbəli, dörd sot həyətyanı sahəsi olan mülk alıb.

İndi köçürülmə sürətlə gedir. Əgər əvvəllər bir komissiya həftə ərzində 10 nəfərlə razılaşma protokolu imzalayırdısa, indi bu rəqəm 150 nəfərə çatıb. Həftədə iki dəfə komissiya iclası olur, hər dəfə 75-80 nəfərlə razılaşma protokolu imzalayırıq. Bu çox böyük rəqəmdir.

Yeganə problemimiz sakinlərin sənədlərinin qaydasında olmaması, ailə üzvləri arasında pay bölgüsünün aparılmaması, faktiki yaşayanlarla mülkiyyətçilər arasında uzun illərdir mübahisələrin davam etməsidir. Bu məsələlər köçürülməni ləngidir. Həm mülkiyyətçi, həm də faktiki yaşayanlar evi satmaq istəyirlər, amma vəsaiti bölüşdürməkdə mübahisələri düşür və bu problemi həll etmək çətin olur. Əgər bütün sakinlərin sənədləri qaydasında olsaydı, belə mübahisələr yaranmasaydı, indiyədək ölçmə və inventarlaşdırma işləri başa çatmış ərazidə sakinlərin 90 faizini köçürərdik.

- Köçmək istəməyənlər də varmı? Varsa, sayları nə qədərdir?

- Təxminən 15 faiz. Mənzil sahəsi az olan sakinlər köçməyə etiraz edirlər, təklif olunan qiymətlə razılaşmırlar. Köçürülmə ərazisində sahəsi 10-15 kvadrat olan mənzillər var. Təəssüf ki, indi çoxmərtəbəli binalarda kvadrat sahəsi az olan mənzillər tikilmir, hamısı 40-50 kvadratdan başlayır. Bizim təklif etdiyimiz 1500 manat ədalətlidir, amma belə sakinlərə düşən pul az olduğuna görə onlar başqa yerdə mənzil almaqda çətinlik çəkirlər. Proses könüllü gedir, heç kimi məcburi köçürmürük. Bəzən qonşuluqdakı mənzil sökülür, orada qalanların su, işıq, qaz problemi yaranır. Onların problemlərini həll etməyə çalışırıq.

Bir məsələni də qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyinin Nazirlər Kabinetinə və Yasamal Rayon İcra Hakimiyyətinə təqdim etdiyi siyahıya əsasən ərazidə 103 memarlıq və tarixi baxımdan əhəmiyyət kəsb edən bina var. Siyahı 2001-ci ilin avqust ayında təsdiq olunub. Bunun üstündən 13 il keçib, həmin mənzillərdə də daimi yaşayış olub. Hazırda araşdırmalar aparırıq. Araşdırmaların ilkin nəticəsinə əsasən, həmin binaların əksəriyyəti istismar üçün yararsızdır, onları bərpa etmək də mümkün deyil. Hesab edir ki, həmin binaların əksəriyyəti heç bir əhəmiyyət kəsb etmir. Köçürülmə komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov Mədəniyyət və Turizm Nazirliyinə göstəriş verib ki, qısa müddətdə həmin binalara yenidən baxış keçirilsin və hansının qalması mümkündürsə bununla bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilsin. Siyahı yenidən tərtib və təsdiq olunandan sonra həmin 103 binadan hansıların söküləcəyi, hansıların qalacağı aydınlaşacaq. 103 binanın hamısını indiyədək qorumuşuq və yeni qərar verilənədək onlara toxunulmayacaq. Belə məsələlər köçürülməyə mane olur.

- Köçürülmədən sonra ərazidə nələrin olacağına dair təsdiqlənmiş layihə varmı?

- Xeyr, belə bir layihə yoxdur. Bütün məsələlər həll olunduqdan sonra böyük bir layihə hazırlanacaq. Çünki ora əhəmiyyətli ərazidir.

- Orada yaşayış binaları da olacaqmı?

- Bunu deyə bilmərəm, dəqiq məlumatım yoxdur. Yalnız onu söyləyə bilərəm ki, həmin ərazinin böyük hissəsi yaşıllıq olacaq.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed