Şrift:
Əli Əhmədov: Səhiyyə müəssisələri və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilməlidir
23.10.2014 [11:59] - Sosial
“Azərbaycanda icbarı sığortanın tətbiq edilməsi üçün səhiyyə ocaqlarının və tibbi personalın fəaliyyət keyfiyyətinin yaxşılaşdırılmasının daxili motivasiyası gücləndirilməlidir”.
Bunu baş nazirin müavini Əli Əhmədov “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda keçirilən seminarda çıxışında bildirib. Əli Əhmədov deyib ki, səhiyyə müəssisələrinin və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilməlidir: “Burada məqsəd ondan ibarətdir ki, yalnız həkimlərin daha yaxşı işləməsi üçün stimul, yeganə amil Hipokrat andı olmasın, eyni zamanda, tibb sahəsində çalışanların tələbatları daha yaxşı ödənilsin. İcbari tibbi sığorta sisteminə keçilməsi həm də bu vəzifənin öhdəsindən gəlmək üçün əlverişli imkanlar yarada bilər. İcbari tibbi sığortanın tətbiq edilməsi məqsəd olaraq qiymətləndirilmir. Bu, vasitədir və onun tətbiq edilməsi vasitəsilə qarşımıza 3 vəzifə qoymuşuq. Bunlardan birincisi dövlətin ayırdığı vəsaitlərdən daha səmərəli istifadə olunmasıdır. Buna nail ola bilsək, səhiyyə sahəsində daha yüksək keyfiyyətin əldə edilməsi üçün əlavə imkan yaranar. İkinci məqsəd səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün əlavə maliyyə mənbələrinin axtarılmasıdır. Azərbaycan dövləti səhiyyənin maliyyələşməsi üçün öz imkanları daxilində vəsaitlər ayırır, ölkənin artan imkanları bu vəsaitlərin artmasında əks olunur. Amma müasir şəraitdə bütün səhiyyə xərclərinin hamısını yalnız dövlət vəsaitləri hesabına maliyyələşməsinin tam təmin edilməsi düzgün olmazdı. Dövlətin insanların sağlamlığına qayğı göstərməsi, bunun fonunda hər bir insanın öz sağlamlığı üçün vəsait xərcləməsi düzgün və ədalətli olardı. İnsanın öz sağlamlığının qorunması üçün yüksək sosial proqram çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürməsi, müəyyən vəsait xərcləməsi rasionallıq və ədalət baxımından düzgün olardı”.

Baş nazirin müavini qeyd edib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar üçüncü addım səhiyyənin maliyyələşməsi üçün yeni qaynaqların axtarıb tapılmasıdır.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed