Şrift:
Dövlət Departamenti həm təriflədi, həm də irad tutdu
23.10.2014 [12:18] - Gündəm, Siyasət
ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb. “Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Həsən Hüseynli və onun başçılıq etdiyi QHT Bakıdakı ABŞ səfirliyi ilə tələbə mübadiləsi, təhsil müşavirliyi sahəsində əməkdaşlıq edirdi: “Onunla birlikdə, eyni gündə üç gənc fəal – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar”.

Dövlət Departamenti sözçüsünün müavini Mari Harperin səsləndirdiyi bəyanatda deyilir ki, ABŞ bu addımı alqışlasa da, eyni gündə Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran yeni qanunun qəbulunu (Xaricdən qrant almaq Azərbaycan hökumətinin icazəsinə bağlandı) ölkənin səhv istiqamətdə hərəkəti hesab edir: “Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətəndaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik. Uzunmüddətli stabillik yalnız bütün azərbaycanlıların təməl azadlıqlarının təminatı şəraitində mümkün ola bilər”.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed