Şrift:
İranın növbəti ali dini rəhbəri kim olacaq?
27.10.2014 [15:38] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
İranın ali dini rəhbərini seçən qurumun – Üləmalar Məclisinin başçısı az qala beş ay komadan qaldıqdan sonra vəfat edib.
Məhəmməd Rza Məhdəvi Kani İran siyasətində barışdırıcı fiqur sayılırdı və onun ölümü həlledeci bir məqamda qeyri-müəyyənlik boşluğu yaradıb.
Üstəlik bu hadisə, ölkənin 75 yaşlı ali dini rəhbəri Ayətullah Əli Xameneyinin prostat vəzinin cərrahiyyə əməliyyatından bir ay sonra baş verib. Xəstəxana yatağında çəkilmiş fotolarında ali dini rəhbərin solğun və zəif olduğu sezilirdi.
Bütün bu hadisələr növbəti liderin kim olacağı və bu seçimin necə ediləcəyi barədə suallar doğurur.
Ali dini rəhbər nə dərəcədə qüdrətlidir?

Böyük Ayətullah Ruhullah Xomeyni öləndə Ayətullah Əli Xameneyi prezident idi
Bu vəzifəni tutan şəxs İranın ən qüdrətli insanı hesab olunur.
O silahlı qüvvələrin ali baş komandanıdır, ədliyyə və dövlət teleradio yayınları rəhbərlərini, habelə prezidentliyə və parlament üzvlüyünə namizədləri saf-çürük edən qüdrətli qurumun – Konstitusiya Keşikçiləri Şurası üzvlərinin yarısını təyin edir.
Bəzən çox az hallarda ali rəhbər bəzi qanunların parlamentdən keçməsini dayandırıb. O həmçinin dissidentlərin və müxalifət liderlərinin ev məhbusluğu barədə əmrlər verib.
Əsas nazirlər ali rəhbərin razılığı ilə seçilir və İranın xarici siyasətində, o, həmçinin nüvə proqramında həlledici sözə malikdir.
İranda ali rəhbərin razılığı olmadan heç bir əhəmiyyətli siyasi dəyişiklik baş verə bilməz.
Bu isə, seçkili prezidentin kim olmasından asılı olmayaraq, ona öz rolunun ifasında çətinliklər yaradır.
Ayətullah Xameneyinin xələfi necə seçiləcək?
Ülaməlar Məclisi
Ülaməlar Məclisi 82 seçkili ruhani xadimdən ibarət şuradır və ali dini rəhbər seçmək səlahiyyətinə malikdir
İranın ilk ali rəhbəri Böyük Ayətullah Ruhullah Xomeyni olub. O, 1979-cu il İslam İnqilabından sonra hakimiyyətə gələndə artıq 77 yaşı vardı və varislik məsələsi mühüm olsa da, dilə gətirilməsi mümkün olmayan mövzu idi.
Lakin bir neçə ildən sonra Xomeynini bir neçə dəfə iflic vurmasının ardınca yeni ali rəhbərin seçilməsi üçün sistem quruldu.
Üləmalar Məclisi adlı 82 seçkili üzvdən ibarət şura ali rəhbərin seçilməsi, ona nəzarət olunması və hətta vəzifədən uzaqlaşdırılması səlahiyyətlərinə malikdir.
1989-cu ildə Xomeyni vəfat edəndə, məclis o vaxtkı prezident Ayətullah Xameneyini ali rəhbər seçdi.
Xomeyninin ali rəhbərin böyük ayətullah olmasının zəruriliyini deməsinə baxmayaraq, ruhani xadimlərin seçimi başqa cür oldu və odur ki, qanunu dəyişdirmək lazım gəldi.
Ali rəhbərin birbaşa xalq tərfindən seçilməsini nəzərdə tutan maddə də Konstitusiyadan çıxarıldı.
Bu isə aşkar şəkildə o demək idi ki, yeni ali rəhbərin seçilməsi qanun əsasında baş versə də, təcrübədə qüdrətli lobbilər qanunu istədikləri kimi təfsir edib dəyişdirə bilərdilər.
Növbəti ali rəhbər də indiki qədər qüdrətli olacaqmı?
Yeni ali rəhbərin seçilməsində Üləmalar Məclisindəki hansı fraksiyanın üstün gəlməsindən asılı olaraq İranın gələcəyi tamamilə fərqli ola bilər.
Bu məclisdə iki qrup – mühafizəkarlar və mötədillər mövcuddur.
Məclisdə çoxluq təşkil edən mühafizəkarlar Ayətullah Xameneyinin tərəfdarıdırlar. Onlar inanırlar ki, ali rəhbər Allahın yer üzündəki nümayəndəsidir və ona itaət edilməlidir.
Mötədillər isə ali rəhbərin ilahi roluna inansalar da, bu qənaətdədirlər ki, o, öz legitimliyini xalqdan almalı və onun qarşısında hesabatlı olmalıdır.
Bəzi mötədillər hazırkı rəhbərlik sisteminə dəyişikliklər edilməsini istəyirlər və təklif edirlər ki, Ayətullah Xameneyinin xələfi ömürlük yox, müəyyən müddət üçün seçilsin və onunla birlikdə işləmək üçün liderlər şurası yaradılsın.
Lakin Ayətullah Xameneyi özü ali dini rəhbər olduğu müddətdə hər hansı islahat söhbətlərini rədd edib.

Mümkün namizədlər kim ola bilər?

İndiyədək bu vəzifə üçün bir neçə mümkün namizədin adları hallandırılıb
Üləmalar Məclisinin 15 üzvü ali rəhbər vəzifəsinə potensial namizədlərin siyahısının tərtibi üçün səlahiyyətli sayılır. Bu siyahı ictimaiyyət üçün açıqlanmır, lakin çox güman ki, buraya bir neçə tanınmış şəxsin adı daxildir.
Bunlardan birincisi keçmiş prezident Əli Əkbər Haşemi Rəfsəncanidir. O mötədillərdəndir və bir müddət Üləmalar Məclisinə sədrlik edib, həmçinin Ayətullah Xameneyi ilə yaxın dost olub. Cənab Rəfsəncanı Xameneyinin ali rəhbər seçilməsində əhəmiyyətli rol oynasa da, onların arası, xüsusən də Rəfsəncani 2009-cu ilin seçkilərindən sonra başlamış kütləvi müxalifət etirazlarını dəstəklədikdən sonra dəyib.
Mühafizəkarlar fraksiyasının əsas namizədləri ədliyyənin keçmiş rəhbərləri – Böyük Ayətullah Mahmud Haşemi Şahrudi və Məhəmməd Yəzdi, habelə ədliyyənin indiki başçısı Sadeq Laricanidir. Ədliyyə başçıları ali rəhbər tərəfindən təyin edildiyindən onlar bir qayda olaraq ölkə başçısına müttəfiq olurlar.
İki sərt siyasət tərəfdarı, ruhanilər Məhəmməd Təqi Mesbah-Yəzdi və Ayətullah Abbas Vaez Tabasinin adları onların dini nüfuzlarına görə çəkilir. Lakin hökumət işlərində təcrübəsizlikləri ümumən onları ciddi namizədlərin sırasından istisna edir.
Rəhbərliklə ailə qohumluğu olan daha iki ad da çəkilir.
Ayətullah Xameneyinin mühafizəkar fraksiyaya daxil oğlu Mojtəba Xameneyi və İran inqilabının banisi Xomeyninin mötədil nəvəsi Həsən Xomeyni.
Onların hər ikisi 40 yaşlarındadırlar və buna görə də belə ciddi vəzifə üçün xeyli "cavan" hesab olunurlar. Bununla belə, şiə İslamında qan vərəsəliyi geniş qəbul olunur və odur ki, bu iki şəxsin namizədliyi tamamilə istisna edilə bilməz.
Kim daha üstündür – mötədillər, yoxsa mühafizəkarlar?
Son onillik ərzində Üləmalar Məclisindəki yerlərin çoxuna mühafizəkarlar sahibdirlər. Buna səbəb odur ki, məclis üzvlüyünə namizədləri Konstitusiya Keşikçiləri Şurası müəyyənləşdirir və şuranın ən nüfuzlu nümayəndələri öz vəzifələrinə birbaşa və ya dolayısı ilə ali rəhbərin özü tərəfindən seçiliblər.
Üləmalar Məclisinə növbəti seçkilər 2016-cı ilin fevralında keçiriləcək və 2009-cu ildə kütləvi etirazları dəstəkləmiş üzvlərin təkrar namizədliyinin ləğv olunacağı gözlənilir.
Məclisin başçısı Məhəmməd Rza Kaninin vəfatı hazırkı hakimiyyət balansını dəyişə bilər.
O həm mühafizəkar, həm də mötədil namizədlərə yaxın münasibətlərdə idi, indi isə iki qütb arasında Məclisə nəzarət uğrunda əsl mübarizə başlana bilər.
Daha kim rol oynaya bilər?
İnqilab Keşikçiləri
Belə görünür ki, yeni ali rəhbərin seçimində İnqilab Keşikçiləri Korpusunun həlledici rolu olacaq
Üləmalar Məclisi yeni liderin seçilməsinə rəsmən səlahiyyətli olsa da, səhnə arxasında onun qərarına təsir göstərməyə çalışanların lobbiçiliyi baş verəcək.
Əsas oyunçuların qüdrətli İnqilab Keşikçiləri və hazırkı ali rəhbərin ofisi olacağı bəllidir.
Başqa bir əhəmiyyətli qrup isə yeni rəhbərin seçildiyi zaman prezidentlik postunu tutan şəxsin tərəfdarları olacaq.
Hazırkı prezident Həsən Ruhani Üləmalar Məclisinin mötədil üzvlərindən biridir və bu, indiyədək məclisdəki mötədillərin mövqelərini möhkəmləndirib.
Belə vəziyyət çox maraqlı imkanlar yarada bilər. Əgər prezident Ruhani öz vəzifə müddətinin sonunadək Ayətullah Xameneyi ilə yaxşı münasibətlərini qoruyub saxlaya bilsə, onun da adı ali dini rəhbər vəzifəsinə potensial namizədlərin siyahısına əlavə edilə bilər.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed