Şrift:
Fərəc Quliyev: Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi yox, Ermənistan-Azərbaycan müharibəsi! (audio)
28.10.2014 [15:02] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün - 28 oktyabr 2014-cü il tarixində Milli Məclisin iclasında çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin işlədilməsini tənqid edib və bu ifadənin Azərbaycanın diplomatik fəaliyyətində ciddi problemlərin yaradacağını bildirib. Fikrini arqumentlərlə izah edən MDHP sədri bu muharibənin adı "Ermənistan-Azərbaycan müharibəsi"-dir və bu cür də ifadə olunmalıdır deyib.

Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:

"Sag olun cənab sədr!
Ermənilər tərəfindən Kəlbəcər doğumlu soydaşlarımızın öz ata yurdlarında əsir götürülüb,məhkəmə qurulması bir çox məqamlarla yanaşı onu da göstərdi ki,işğalçı Ermənistan Daglıq Qrabağı müstəqil subyekt-dövlət kimi beynəlxalq aləmə tanıtdirmaq üçün hər vasitədən istifadə edir və həm də istəyirlər ki,bizim vətəndaşlarda Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısınlar. Amma məhkəmədə bizim girov düşmüş vətəndaşlarımız çox ləyaqətlə davranıblar və Dağlıq Qarabağ adlı dövlət tanımadıqlarını bir daha orda bəyan ediblər. Bu məlumat bir çox saytlarda gedibdir. Mən niyə bu məsələyə xüsusi ilə toxundum. Son vaxtlar Qarabag tarixinin məktəblərdə ayrıca dərs kimi tədrisi ilə bağlı fikirlər səslənir. Mətbuatda da bu məsələ ilə bağlı anonslar getdi. Mən güman eləmirəm ki, burda bir başqa məqsəd güdülür. Yaxşı mənada Dağlıq Qarabağın ümumiyyətlə Qarabağ ərazilərinin tarixini tanıtmaqdan söhbət gedir. Amma hər halda biz bütün çıxışlarımızda, söhbətlərimizdə, atdığımız addımlarımızda çalışmalıyıq ki, Dağlıq Qarabağı ayrıca subyekt kimitəqdim etməyək. Əvvala mən hesab edirəm ki, Azərbaycan tarixinin tədrisində daha çox çalışmalıyıq ki, Bütöv Azərbaycan tarixi, hətta Bütöv Türk tarixi tədris olunsun və bununla da bağlı Azərbaycan hökumətinin tərəfindən bir iradə vardır, bu istiqamətdə prezidentin göstərişləri, sərəncamları oldu. Belə məqamda ayrı-ayrı bölgələrin tarixinin tədris olunması məncə uyğun deyil. İkinci bir tərəfdən mən istəyirəm bununla bağlı bir məsələyə də münasibət bildirim ki, bəzi ifadələrdə - daha çox rəsmi qəzetlərdə, saytlarda, dövlət rəsmilərinin ifadələrində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi sözünü işlədirlər. Güman edirəm ki, bununla hər kəs razılaşar ki, bunun özü də doğru ifadə deyil. Çünki Azərbaycan konstitusiyasında göstərilir ki, Azərbaycan vahid unitar dövlətdir və Azərbaycan ifadəsi də işlənəndə onun tərkibində Naxçıvan da, Şəki də, Dağlıq Qarabağ da, Qarabağın başqa hissələri də təbii ki getdiyinə görə, Ermənistan-Azərbaycan müharibəsinin adını olduğu kimi elə Ermənistan-Azərbaycan müharibəsi kimi səsləndirmək lazımdır. Belə məsələlərdən istifadə edib həm danışıqlarda Ermənistan tərəfi və ya beynəlxalq subyektlər Dağlıq Qarabağında özünün bir subyekt kimi danışıqlarda müstəqil iştirakını tələb etməsi halları ilə rastlaşırıq. Və yaxud Avropa təsisatlarında, hətta dinləmələrdə Dağlı Qarabağ nümayəndə heyyətinin oturmasını istəyənlər olub. Biz Yerevanda Avronestin sessiyasında iştirak edəndə orda Dağlıq Qarabağ nümayəndəliyi üçün ayrıca yer ayırmışdılar.Doğrudur biz bunun qarşısını aldıq. Ermənistan tərəfindən bu başa düşüləndir, amma başqa yerlərdə ,müzakirələrdə bu deyimin istifadə olunması, seminarlarda, konfranslarda yolverilməzdir. Biz nəinki özümüz bu ifadəni işlətməməliyik,hətta Azərbaycan nümayəndəliyinin iştirakı ilə keçirilən tədbirlərdə bu məsələlərə mütləq reaksiya vermək lazımdır və məncə bu ifadə birmənalı şəkildə götürülməlidir ki, siyasi kursumuza zərər gəlməsin.
Təşəkkür edirəm"

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed