Şrift:
Toylar şadlıq evlərindən çıxmalıdır
29.10.2014 [13:02] - Sosial
Ölkədə toy mərasimlərinin tənzimlənməsi üçün ilkin addımlar atılır. İqtisadiyyat və Sənaye Nazirliyi toylarda xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə tövsiyə xarakterli müraciət yayıb.


Toylarda nəyi dəyişmək lazımdır, ixtiyarınız olsa, hansı islahatları aparardınız? “Media forum” saytının sualına bu dəfə yazıçı, kulturoloq Aydın Xan Əbilov cavab verib:

- Dövlət müstəqilliyimiz bərpa olunandan bu yana yas və toy mərasimləri ilə bağlı müxtəlif debatlar, müzakirələr təşkil olunur. Ümumi fikir odur ki, toylarımız həddən artıq meşşan, təmtəraqlı, israfçılıqla keçirilir. Artıq dövlət qurumları cəmiyyətin səsini eşidib toyların sadə, sivil keçirilməsi, insanlara problem yaratmaması üçün müəyyən tövsiyələr irəli sürüb. Bir sıra tanınmış insanlar da bu tövsiyə və fikirlərə qoşulur, təkliflər verirlər. Cəmiyyət özü də vəziyyəti tənzimləməlidir.

Mənim təkliflərimə gəldikdə, Azərbaycan toyları şadlıq evlərindən çıxmalıdır. İnsan bakılıdırsa, mütləq paytaxtda toy etməməlidir. Məsələn, daxili turizmin inkişafına da təkan verə biləcək formalardan yararlanmaq olar. Bakılı Gəncədə, gəncəli Naxçıvanda yaxın adamları ilə birgə toy şənliyi keçirə bilər. Toyun səbəbkarları olan bəylə gəlinin kreativliyi yüksəlməlidir. Bəzən xarici toylarda cütlərin, məsələn, təyyarədə kəsilən kəbin mərasimlərinə həsədlə baxırıq. Həqiqətən bu formatlar gənclərin həyatına özünəməxsus, orijinal hadisə kimi daxil olur və daha çox yadda qalar.

Ölkədə, xüsusən paytaxtda tikilən şadlıq evlərinin əksəriyyəti konsert salonuna oxşayır, burada beş yüz, min, bəzən daha çox qonağı qəbul etmək imkanı var. Niyə toylarımız sivil cəmiyyətlərdə olduğu kimi həm də yüksək mədəniyyəti, incəsənəti təbliğ edən bir hadisəyə çevrilməsin? Hansısa operadan parçalara, sirk nümunələrinə, ciddi musiqi nömrələrinə yer verilməsin? Getdiyim bir neçə toyda kamera orkestrinin ifasında görkəmli bəstəkarların əsərlərinə müraciət edilib, peşəkar rəqs nümayiş olunub. Qəbul zamanı qonaqlar şadlıq evinin foyesində orkestrin ifasında gözəl musiqi nömrələri ilə qarşılanıb. Toylarımızda zaman-zaman müxtəlif oyunlar olub, bəy oğurlanıb, digər teatrlaşdırılmış səhnələrdən istifadə edilib, niyə bunlar yenə ənənə halını almasın?

Toylarımızda qonaqların çox olması da problem yaradır. Bəziləri bankdan borc pul götürüb toy eləyir. Təkcə toy deyil, Azərbaycanda təntənə ilə qeyd olunan kifayət qədər mərasim var: uşaq doğulanda, birinci sinfə gedəndə, ali məktəbə daxil olanda, əsgərliyə gedib-gələndə, ad günləri, Novruz, Yeni il, 8 Mart - hamısı təmtəraqla qeyd olunur. Bu qədər mərasimi özümüzə niyə yükləmişik, hamısına da pul xərcləyirik. Bu, dövlətə, cəmiyyətə, ictimai institutlara da yükdür. Bu qədər yük insanların iqtisadi, sosial, psixoloji vəziyyətini də gərginləşdirir.

Məncə, Azərbaycan cəmiyyəti bir qədər dəyişməli, zamana uyğunlaşmalıdır. Avropadan, dünyanın digər yerlərindən gələn qonaqlar toylarımıza, şadlıq evlərinin təmtərağına, orada verilən yemək-içməyə, müğənnilərə xərclənən külli miqdarda pula təəccüblənirlər. İnsanlar arasındakı bəhsə-bəhsə, qonşuya baxıb özünü oda yaxmağa son qoyulmalıdır. Biz hər şeyə “palaza bürün, elnən sürün” prinsipi ilə yanaşırıq, əziyyət verəcək-verməyəcək, problem yaradacaq-yaratmayacaq, bunu düşünmürük, ayağımızı yorğanımıza görə uzatmırıq. Çalışırıq hamımız balamıza milyonçuların balası kimi toy edək. Düşünürəm ki, ictimai qınaq nə qədər yüksək olsa, dövlətin nəzarəti sərtləşsə, problemlərimiz tədricən həllini tapacaq.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed