Şrift:
Fərəc Quliyev Cənnət Əliyevin vəfatıyla bağlı başsağlığı verdi
01.11.2014 [00:05] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
“Cənnət Əliyev nümunəvi milli burjaziya nümayəndəsi idi”

31 oktyabr 2014-cü il tarixində SSRİ-nin ilk milyonçusu olmuş, öz milli fəaliyyəti ilə yaddaşlarda iz buraxmış Cənnət Əliyev haqqın rəhmətinə qovuşub. Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev xalqımıza və mərhumun doğmalarına rəhbərlik etdiyi partiya adından başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycan xalqının dəyərli oğlu Cənnət Əliyevin vəfatı bizi çox sarsıtdı.
Cənnət Əliyev Azərbaycan milli burjaziyasının formalaşması üçün göstəriləcək ən dəyərli nümayəndələrindəndir. O, bütün fəaliyyəti böyu Azərbaycanın maraqlarını ən öndə tutmaqla bərabər, həytını haqsızlığa qarşı mübarizəyə həsr etdi. Cənnət Əliyevi ucaldan əsas səbəb, onun ölü istedadları diriltmək və haqsızlıqla barışmamaq prinsipləri idi. Hələ hüquq mühafizə orqanlarında çalışdığı bir vaxtda bu qurumların özlərinin yol verdiyi haqsızlığa qarşı mübarizə aparan Cənnət Əliyevin sonrakı mübarizəsi təkbaşına bütövlükdə Sovet İmperiyasına qarşı yönəlmişdi. SSRİ-nin mərkəzi dövlət kanalında onun ilk qanuni milyonçu elan olunmasını Qərb mətbuatı Sovet İmperiyasına vurulan ən ağır zərbə kimi qiymətləndirmişdi. “Bərabərlik” pərdəsinin rəsmən yırtılmasında Cənnət Əliyevin fəaliyyəti, Soyuq Müharibədə SSRİ-nin kapitalist dünyasından aldığı zərbədən daha böyük qiymətləndirilirdi. O, bunu kortəbii etmirdi. Müsahibələrində “mən İmperiyadan qisas alırdım” deyirdi.
Eyni zamanda, Cənnət Əliyev öz fəaliyyətini sosial prinsiplər üzərində qururmuşdu. Bu mövqeyi həmyerlimizi o zamankı sərt imperiya rejimində insanlar üçün parlayan bir ümid yeri kimi tanıtmışdı.
Onun Rusiyada qurduğu “Təbriz” Koperativi, başlatdığı “İqtisadi Təbriz” Hərəkatı öz iqtisadi uğurları ilə yanaşı, həyata keçirdiyi sosial və xeyriyyəçilik layihələri ilə də dünyanın diqqət mərkəzində idi.
Sovet milyonçusunun Təbriz eşqiylə döyünən ürəyi, onu Təbrizə gedən yolda əngəl olan Sovet və İran sərhədlərinin dağıdılmasıyla bağlı olan Sərhəd Hərəkatının bir parçasına çevirdi. Bəli, Cənnət Əliyev Sərhad Hərəkatının ən böyük dəstəkçilərindən biri və iştirakçısı idi. O, Azərbaycanın bütövlüyü və azadlığı uğrunda bir hərəkatçı idi. O, Sovetlərin törətdiyi “20 yanvar” faciəsini dünyaya çatdıran sovet milyonçusu idi. O, Azərbaycan ordusunun formalaşmasında bütün imkanlarından istifadə edən bir əsgər idi. O, Azərbaycanın bir dövlət kimi inkişafında nümunəvi milli burjaziya nümayəndəsi idi. O, hətda yaratdığı “Təbriz” İnstrumental Ansambılı adlı musiqi qurupunun, bəstələdiyi mahnıların, çəkdirdiyi filimlərin də fəlsəfəsi və mahiyyətini biznes məqsədinə deyil, milli ruhun yüksəldilməsi və təbliğatına yönəldən bir vətən oğlu idi. O, əsl azərbaycanlı idi...
Bütün bu cəhətləri və xidmətlərinə görə Cənnət Əliyev bu xalqın qəlbində həmişə yaşayacaq. Cənnət Əliyev nümunəvi bir vətən övladı kimi bizim yaddaşlardan silinməyəcəyi kimi, zamanının ən qəddar və hegamon imperiyasına öz ağlı, istedadı, bacarığı və şücaəti ilə vurduğu zərbəni də dünya heç vaxt unutmayacaq.
Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Cənnət Əliyevi burda bir hissəsini yazdığımız dəyərləri ilə görür, sayğıyla anır, ruhuna Allahdan rəhmət, bütün doğma və yaxınlarına səbr diləyirik. Yeri Behişt, məkanı Cənnət olsun!
Milli Dirçəliş Hərəkatı Partiyası adından
partiya sədri, millət vəkili Fərəc Quliyev”

Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed