Şrift:
Azərbaycan 2005-2010-cu illərdə 263 ədəd müxtəlif artilleriya sistemi alıb
26.12.2011 [13:58] - Hərb
Cənubi Qafqaz respublikaları dünyanın müxtəlif ölkələrindən 2005-2010-cu illərdə ümumilikdə 636 artilleriya sistemi satın alıb.

BMT-nin Adi Silahlar Registrinin verdiyi məlumata görə, bunun 355-i minaatan, 137-si yedəkdə daşınan haubitsalar, 107-si özüyeriyən artilleriya sistemləri, qalan 37-si isə reaktiv atəş sistemi olub.

Hesabat dövründə Cənubi Qafqaz ölkələri arasında ən çox artilleriya sistemi almış ölkə Azərbaycan olub. Azərbaycan 263 ədəd müxtəlif artilleriya sistemini satın alıb. İkinci yerdə 210 artilleriya qurğusu ilə Ermənistan, sonuncu yerdə isə 163 artilleriya sistemi ilə Gürcüstan gəlir.

Azərbaycanın satın aldığı artilleriya sistemlərindən 54-ü 2S1 «Qvozdika», 6 ədədi 2S3 «Akatsiya», 12 ədədi 2S7 «Pion» özüyeriyən artilleriya sistemi, 85-i D-30 yedəkdə daşınan toplar, 85-i PM-38 minaatanı, 11-i 9A52 «Smech», 10-u isə RAK-12 reaktiv yaylım atəş sistemi olub.

Gürcüstan hesabat dövründə 22 ədəd 152 mm-lik «Dana», 7 ədəd 2S7 «Pion», 6 ədəd 2S3 «Akatsiya» özüyeriyən artilleriya sistemi, 42 ədəd yedəkdə daşınan haubitsa, 70 ədəd minaatan (25 ədəd 120, 15 ədəd 122 və 30 ədəd 60 mm-lik) və 16 ədəd reaktiv atəş sistemi alıb.

Ermənistanın 2005-2010-cu illərdə satın aldığı 210 sistemdən 200-nü 75 mm-lik minaatan təşkil edib. Bu silahı 2010-cu ildə Ermənistana Bosniya və Herseqovina satıb. Satıcı ölkə BMT-yə hesabatında bu barədə məlumatı göstərsə də, həmin silahlar Ermənistanın hesabatında yer almayıb. Ermənistan, həmçinin Belarusdan 10 ədəd 122 mm-lik “D-30” topları alıb.

Cənubi Qafqaz ölkələrinə bu dövrdə artilleriya sistemləri satan dövlətlər Bosniya və Herseqovina (235 ədəd), Ukrayna (224 ədəd), Çexiya (67 ədəd), Bolqarıstan (54 ədəd), Belarus (52 ədəd) və İsrail (4 ədəd) olub.
Bu xəbər oxucular tərəfindən 3317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed