Şrift:
Azərbaycan və Braziliya arasında idman sahəsində əməkdaşlıq haqqında fəaliyyət planı imzalanıb
05.11.2014 [13:40] - İdman
Braziliya və Azərbaycan arasında idman əlaqələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq gücləndiriləcək.Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

A. Rəhimov deyib ki, son zamanlar bir çox braziliyalı gənc Azərbaycanda səfərdə olub: "Bakıda keçirilən Humanitar Forumda, Dünya Gənclər Forumunda braziliyalı gənclərlə səmərəli görüşlər keçirilib. Bu görüşlər hər iki tərəf üçün çox faydalı olub. Biz Braziliya ilə əməkdaşlıq etdiyimiz üçün şadıq. Bu münasibətləri gələcəkdə daha da inkişaf etdirmək üçün geniş imkanlarımız var. Bununla bağlı ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalamaq niyyətindəyik ki, gələcək layihələrimizi tam planlaşdırılmış şəkildə görə bilək”.

Braziliyanın idman naziri Aldo Rebelo isə bildirib ki, onlar üçün Bakıda olmaq çox xoşdur: "Mən bilirəm ki, Azərbaycan idman sahəsində çox ambisiyalı ölkədir. Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin idman sahəsində tutduğu yüksək yeri göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq. Düşünürəm ki, gələcəkdə bir çox tədbirləri birlikdə keçirə bilərik. Bu, yalnız idmanı deyil, sosial, təhsil və digər sahələri də əhatə edə bilər".

Müzakirələrdən sonra nazirlər ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed