Şrift:
Azərbaycanı vilayətlərə bölmək olarmı?
05.11.2014 [16:33] - Müsahibə
Azərbaycan Respublikasının ərazisi 70-dən çox şəhər və rayona, 1600-dən yuxarı bələdiyyəyə bölünüb. Naxçıvan Muxtar Respublikası istisna olunmaqla heç bir bölgənin özəl idarəçiliyi yoxdur.

Qonşu ölkələrdən Ermənistan və Gürcüstanın hər birində 10 vilayət yaradılıb. Azərbaycanı da vilayətlərə bölmək olarmı? “Media forum” saytı sualı siyasət adamlarına ünvanlayıb.

Fazil Mustafa: “Vilayət forması bəlkə də məqsədəuyğun olardı...”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyir ki, ölkənin vilayətlərə bölünməsi məsələsi bir neçə dəfə arxa planda gündəmə gətirilib: “Amma əvəzində rayonların daha da artırılması tendensiyası üstünlük təşkil edib. İdarəetmənin çevikliyi və infrastrukturun inkişafı baxımından vilayət forması bəlkə də məqsədəuyğun olardı, ancaq siyasi şərtlər bunun üçün əlverişli görünmür. Bu, Dağlıq Qarabağın statusunun çözülməsindən sonra həllini tapa bilər. Digər tərəfdən vilayətləşmənin həssas bölgələrdə regional separatizm üçün zəmin yaradacağı istisna olunmur.

Gürcüstan vilayətləşməyə məcburi qaydada getdi, çünki dominant etnos sayılan gürcülər çoxluq təşkil etmirlər, gürcü hakimiyyətinin qorunması üçün bu bölgü regionlarda etnik balansın nisbətən qorunmasını təmin edir.

Ermənistan isə monoetnik bir məkan olduğuna görə orada vilayətləşmə narahatçılıq yaratmır”.

Natiq Cəfərli: “Rayonlar böyük inzibati ərazi vahidində birləşdiriləcək”

REAL Hərəkatının icra katibi Natiq Cəfərli ölkənin vilayətlərə bölünməsinin qurumun proqramında yer aldığını bildirir: “REAL hakimiyyətə gələcəyi təqdirdə rayonlar regional prinsip üzrə daha böyük inzibati ərazi vahidində birləşdiriləcək və bu inzibati ərazi vahidləri el adlanacaq. İndiki rayonlar yerli özünüidarə hüququ olmadan coğrafi ərazi vahidi kimi saxlanacaq və oba adlandırılacaq.

Əhalinin sayından asılı olaraq bir neçə oba bir elin inzibati ərazi sərhədlərinə daxil ediləcək. Konstitusiyada ölkənin inzibati ərazi vahidləri kimi ellər, şəhərlər və kəndlər təsbit olunacaq. Ellərə yerli özünüidarəetmə hüququ veriləcək”.

Tahir Rzayev: “Ərazilərimiz bütöv olsaydı, hansısa bölgüdən söhbət gedə bilərdi”

Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev deyir ki, regional bölgünün aparılması ölkələrin xarakterindən asılıdır: “Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Belə vəziyyətdə ölkəni vilayətlərə bölmək çox çətindir. Ərazilərimiz bütöv olsaydı, işğala məruz qalmasaydıq, hansısa bölgüdən söhbət gedə bilərdi.

Bu gün köçkünlərin özlərinin bələdiyyələri yoxdur. Onlar bələdiyyə seçkilərində iştirak edə bilmirlər. İşğal edilmiş rayonların sakinləri müxtəlif rayonlarda yerləşib. Ona görə bu gün ölkənin regional strukturunda dəyişiklik etmək münasib deyil. Torpaqlarımız işğaldan azad ediləndən sonra bu barədə fikirləşmək olar”.

Tarix nə deyir?

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Bakı, Gəncə və Zaqatala dairəsinə bölünüb. Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Şəki qəzaları daxil edilib. Zaqatala dairəsində Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri birləşib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv edilib, Zaqatala dairəsi Zaqatala qəzasına çevrilib. Ərəş və Cavad qəzaları Ağdaş və Salyan adlandırılıb.

1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) olub.

1929-cu ildə respublika ərazisində dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edilib.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il qərarı ilə respublika ərazisi 63 rayona bölünüb.
Bu xəbər oxucular tərəfindən 2378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed