Şrift:
Bakıda bəzi yeni tikililər sökülə bilər
26.12.2011 [18:20] - Gündəm
Son illər Bakı şəhərinin mərkəzində tikilən bəzi tikililər memarlıq baxımından uğursuz olduğuna görə sökülə bilər.

Bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində bildirib: «Vaxtilə Bakı şəhərində yaranmış vəziyyətdən istifadə edərək uğursuz memarlıq həlli olan obyektlər də inşa edilib. Onların bəzilərinin indi sökülməsi məsələsi də müzakirə mövzusuna çevrilib».

Hazırda parlamentdə müzakirə olunan Tikinti və Şəhərsalma Məcəlləsində mühüm yeniliklərin nəzərdə tutulduğunu deyən Komitə sədri bildirib ki, məcəllədə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseduralar ciddi şəkildə sadələşdirilir: «Fərdi yaşayış evlərinin qısa vaxt ərzində sənədləşdirilməsi, tikintisi, istifadəsi və rəsmiləşdirilməsini nəzərə alan prosedura və normativ qaydalar vətəndaşların tələblərinə uyğun işlənilib».

A.Ələsgərov qeyd edib ki, məcəllədə tikintisi üçün icazə tələb olunan və olunmayan obyektlər müəyyənləşdirilir: «İlk növbədə tikintisi üçün icazə tələb olunan obyektlər birinci və ikinci məsuliyyət dərəcəli obyektlərdir. Buna misal hündür mərtəbəli yaşayış evlərini göstərmək olar. Bu binalar üçün xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı məsuliyyət səviyyəsi müəyyən olunub. Belə obyektlərin tikintisi üçün mütləq icazə alınmalıdır».

Komitə sədri bildirib ki, məcəllədə tikinti məsələlərinə geniş yer ayrılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed