Şrift:
Türkiyə müdafiə sənayesinin ən böyük şirkəti Azərbaycana sərmayə yatıra bilər
11.11.2014 [15:29] - Gündəm, Hərb
Türkiyə müdafiə sənayesinin ən böyük, dünyanın isə 67-ci böyük müdafiə sənayesi şirkəti olan ASELSAN Azərbaycanla qarşıdakı dövrdə əlaqələri dərinləşdirməyi planlaşdırır. Hazırda Azərbaycan Silahlı Qüvvələri və müdafiə sənayesi ilə əməkdaşlıq edən ASELSAN yeni layihələr üzərində çalışır.

Şirkətdən APA-ya verilən məlumata görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən ASELSAN istehsalı olan müxtəlif elektro-optik sistemlər, rabitə vasitələri və radarlar istifadə olunur.

Yeni layihələrin reallaşdırılması istiqamətində də işlər aparılır. ASLESAN ilə MSN-in «Alov» zavodu arasında sentyabr ayında imzalanmış niyyət protokoluna əsasən Azərbaycanda müxtəlif termal nişangahların istehsalı reallaşdırılacaq. Eyni zamanda şirkət Azərbaycan MSN ilə birgə rabitə sistemlərinin birgə istehsalı layihəsi üzərində işləyir. ASELSAN Azərbaycan Taktik Sahə Rabitə Sisteminin (TASMUS) ən müasir versiyası olan TASMUS-2 sistemini təklif edib.

«Azərbaycana təqdim etdiyimiz TASMUS sistemi bütün qüvvələr arasında kəsintisiz və etibarlı rabitə xidmətlərini təmin edəcək. Qüvvələr bir-biri ilə etibarlı, şifrəli rabitədən istifadə edəcək, komanda-kontrol idarəetməsi təmin olunacaq. Eyni zamanda Azərbaycan və Türkiyə ordularının uyğunluğunun təmin olunması baxımından üstünlük meydana çıxacaq. Azərbaycana təqdim edə biləcəyimiz ikinci sahə radar-elektron sistemlərdir», - deyə ASELSAN şirkətinin İdarə Heyətinin sədri Hasan Canpolad bildirib.

Şirkət rəhbəri ASELSAN-ın əlində olan bütün bu sistemləri, texnologiyaları Azərbaycanın xidmətinə təqdim etməyə hazır olduğunu vurğulayıb: «Azərbaycana heç vaxt yad ölkə kimi baxmadıq və baxmırıq. Ehtiyac duyularsa, bura bilavasitə investisiya da yatırmağa, yaxud ortaqlıqlara, texnologiya transferinə hazırıq».
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed