Şrift:
Xələf Xələfov: «Ermənistanın siyasi rəhbərliyinin iradə nümayiş etdirə bilməməsi danışıqları uğursuzluğa düçar edib»
27.09.2011 [19:41] - Xəbərlər
Xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Xələf Xələfov, Azərbaycanın ABŞ-ın subyektləri ilə də əlaqələrə xüsusi əhəmiyyət verdiyini qonaqların diqqətini çatdırıb. Xələf Xələfov Kaliforniya ştatı ilə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərildiyini vurğulayıb. Cənubi Qafqazda və Xəzər hövzəsində Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə mühüm layihələrin həyata keçirildiyini bildirən Xələf Xələfov, ABŞ-la Azərbaycan arasında qlobal və regional məsələlərdə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb və qeyd edib ki, iki ölkə arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq uğurla davam edir. Xələf Xələfov eyni zamanda, qanunverici orqanlar arasındakı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında körpü rolunu oynadığını bildirib.

Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Xələf Xələfov, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini qeyd edib, qaçqın və köçkünlərin problemləri barədə söhbət açıb və bildirib ki, bu ölkənin öz qonşularına qarşı ənənəvi olaraq, ərazi iddiaları ilə çıxış etməsi və təcavüzkar siyasət yeritməsi onun regional layihələrdən kənarda qalmasına səbəb olub. Ermənistanın inkişafdan ciddi şəkildə geri qaldığını bildirən Xələf Xələfov Ermənistanın siyasi rəhbərliyinin sülh yolu ilə Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazır olmaması və iradə nümayiş etdirə bilməməsi danışıqları uğursuzluğa düçar edib. Nazir müavini Ermənistanın təcavüzkar siyasəti davam etdirməsinin bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas maneə kimi qiymətləndirib, təcavüzün nəticələrinin dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini bildirib.

Kaliforniya senatorları Azərbaycanın strateji əhəmiyyətə malik olan bir ölkə olduğunu qeyd edərək, regiondakı rolunu yüksək qiymətləndiriblər. Azərbaycanda gedən sürətli inkişafın xoş təəssürat yaratdığını qeyd edən Kaliforniya senatorları Azərbaycanın regiondakı gələcək rolu ilə yaxından maraqlanıblar.
Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed