Şrift:
Siyavuş Novruzov: "Kitabların qalın olmasına baxmayaraq, içi boşdur"
20.11.2014 [01:18] - Gündəm, Siyasət
“Azərbaycanın Ermənistanla müqayisəsi doğru deyil. Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər”. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanın Ermənistanla müqayisəsi bu gün üçün uğursuz addımdır: “Qəbul edirəm ki, hərbi sahəmizin büdcəsi Ermənistanın ümumi büdcəsindən artıqdır. Lakin bu, tamam başqa şeydir”.

O, həmçinin ərzaq təhlükəsizliyi məsələsinə toxunub: “Bu gün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə dərəcədə vacibdir. Buna görə də Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mütləq şəkildə kreditlərin verilməsində müəyyən güzəştlər tətbiq edilməlidir. Fermerlər üçün uzunmüddətli kreditlərin verilməsi daha məqsədəuyğundur. Kimsə özünə kefindən avtomobil almaq istəyirsə, ona verilən kreditlə əkin əkmək istəyən vətəndaşa verilən kredit fərqlənməlidir”.

S.Novruzov ipoteka ilə bağlı da danışıb: “Bu gün hər hansı bir nazirliyin idarə rəisinin əməkhaqqısı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Banklar vətəndaşa 100 min pul verirsə, bunun müqabilində 200 minlik girov qoymaq tələb edir. Görünən odur ki, ipoteka krediti imkanlı adamların istifadə etməsinə nəzərdə tutulub ki, onlar bununla kəm-kəsirlərini tamamlasın. Halbuki Prezident İlham Əliyevin səsləndirdiyi şüar odur ki, görülən işlərin hamısı vətəndaşlar üçün olmalıdır”.

Millət vəkili təhsilin səviyyəsi barədə də fikirlərini səsləndirib: “23 ildir eşidirik ki, islahat gedir, biri Bolonya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür. Bu gün Azərbaycanda müəllimlərin sayı Amerikadakından üç dəfə artıqdır. Müəllimlərin sayına baxmaq lazımdır ki, normal maaş verilsin. Gedin, orta məktəbin qarşısında şagirdlərə baxın, görün, bizim uşaqların fiziki hazırlığı hansı səviyyədədir? Bu gün məktəblərdə hərbi və idman dərsləri bərpa olunmalıdır. Biz kişi yetişdiririk, bizə əsgər lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq, onun qarşısına əsgər çıxmalıdır. İki ton kitab çap edirlər. Bu yaxınlarda mənə xarici vətəndaş demişdi ki, sizdə kitab yox, məhz adam öldürmək üçün soyuq silah hazırlanır. Kitabların üzlüklərini elə qalın edirlər ki, kimin başına vursalar gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur”.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed