Şrift:
Mehmet Perinçek: Rusiya arxivlərindən topladığım materiallar əsasında çox önəmli bir kitabı çapa hazırlayıram - MÜSAHİBƏ
20.11.2014 [12:38] - Mədəniyyət, Müsahibə
“Kitabda Birinci Dünya müharibəsi illərində erməni quldurlarının rus hərbi-səhra məhkəmələri tərəfindən cəzalandırılmasını göstərən sənədlər öz əksini tapacaq”
Uydurma “erməni soyqırımı” iddialarına arxiv sənədləri ilə cavab verən İstanbul Universitetinin müəllimi Mehmet Perinçekin APA-ya müsahibəsi

- İstanbul Universiteti sizi işdən niyə çıxarmışdı? Məhkəmə şikayətinizi təmin etdimi?

- Bilirsiniz ki, mən Türkiyə Xarici İşlər Nazirliyinin məktubu əsasında 1,5 il Rusiyanın arxivlərində işləmişəm. İstanbul Universiteti o dövrü doktorluq dissertasiyamı bitirməyim üçün qoyulan möhlətdən saymayaraq məni haqsız yerə işdən çıxarmışdı. Məhkəmə şikayətimi təmin edərək məni işimə qaytardı, indi İstanbul Universitetindəki işimə davam edirəm.

- Bu, xoş xəbər oldu. Deməli, növbədə yeni kitablarınızın işıq üzü görməsi var.

- Hazırda Rusiya Federasiyasının arxivlərindən topladığım materiallar əsasında çox önəmli bir kitabı rusca çapa hazırlayıram. Kitabda Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazdakı proseslərdə iştirak edən erməni quldurlarının rus hərbi-səhra məhkəmələri tərəfindən cəzalandırılmasını göstərən sənədlər öz əksini tapacaq. Dünya bizi erməni bölücü və terror təşkilatlarını qapadaraq onları dəstəkləyənləri imperiyanın müxtəlif bölgələrinə göndərməyimizə görə “soyqırım” yapmaqla suçlamağa çalışır, halbuki o dönəmdə rus işğalı altında olan Şərqi Anadolu və Qafqazda erməni bandalarının üzvləri rus hərbi məhkəmələri tərəfindən ağır şəkildə cəzalandırılıblar. Bu kitabı Doğu Perinçekin AİHM-in Böyük Palatasında 28 yanvarda keçiriləcək məhkəməsinə ingiliscə və fransızca da çatdırmaq istəyirdik, amma alınmadı. Başqa bir kitabım isə İkinci Dünya müharibəsində erməni bölücülərinin faşistlərlə əməkdaşlığına dair olacaq. Birinci Dünya müharibəsində Osmanlıya qarşı savaşmış Duro və Njed adlı erməni zabitləri İkinci Dünya müharibəsində irqçilik edərək faşistlərlə əməkdaşlıq ediblər, əsirlikdəki erməniləri Türkiyəyə qarşı savaşmaq üçün təşkilatlandırmağa çalışıblar. Çox önəmli materiallar onu göstərir ki, “erməni məsələsi”nin kökü XİX əsrə qədər gedib çıxır, türklərə olan nifrət Birinci Dünya müharibəsi vaxtı onların öz əməllərini ortaya qoymalarına səbəb olur, orada başarısız olunca İkinci Dünya müharibəsində irqçiliyə davam edib faşistlərlə əməkdaşlıq edirlər. Soyuq savaş dönəmində ASALA terror təşkilatının diplomatlarımızı şəhid etməsi, daha sonra Qarabağda törətdikləri vəhşiliklər, Xocalı qətliamı və Azərbaycan torpaqlarının işğalı XİX əsrdən gələn irqçi siyasətin nəticələridir, hamısı eyni cizgi üstündə həyata keçirilir.

- Sizi “Ergenekon” adı verilmiş bir prosesdə “ermənilərin milli qüruruna toxunaraq terror təşkilatının təbliğatını” aparmaqda suçlamışdılar, prokurorluq ittihamnaməsində bu cür yazılmışdı. Hamı sərbəst qaldı, o prosesin aqibəti necə oldu?

- O proses rəsmən çöküb, hamı sərbəst buraxıldı, ali məhkəmə işə yenidən baxacaq və yəqin ki, xətm edəcək. O prosesdə önəmli olan bizlərin haqsız yerə həbsdə yatması deyil, önəmli olan türk ordusuna və ölkənin təhlükəsizliyinə qarşı o tələni quranların ortaya çıxarılıb cəzalandırılmasıdır. “Ergenekon” Türkiyənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edən qondarma bir proses idi. İndi hər şey tərsinə dönüb, türk ordusuna və dövlətinə qarşı bu hiyləgər tələni quranlar bunun hesabını mütləq şəkildə verəcəklər.

- 28 yanvarda AİHM-in Böyük Palatası İsveçrənin etiraz şikayəti barədə son qərarını verəcək. Məhkəməyə hazırlıq sahəsində işlər necə gedir?

- AİHM-in 17 dekabr 2013-də qəbul etdiyi və “söz və ifadə azadlığını məhdudlaşdırdığına görə” İsveçrəni məhkum edən hökmün önəmli bəndlərindən biri 1915-ci il hadisələrinin “yəhudi soyqırımı” ilə oxşarlıq təşkil etməməsi və o hadisələrin “soyqırım” kimi xarakterizə edilə bilməyəcəyini təsbit edən maddəsi idi. Qərarın o bəndi Ermənistanı və erməni diasporasını şok vəziyyətinə saldığına görə İsveçrənin şikayətinə Ermənistan da ortaq oldu. Bizim tərəfimizdən bütün işlər sistemli şəkildə davam etdirilir, Türkiyə Xarici İşlər Nazirliyi də prosesə həssaslıqla yanaşır. Biz AİHM-in obyektivliyinə axıra qədər inanırıq və 28 yanvarda obyektiv qərar qəbul edəcəyinə əminik. Qərar 2-3 aydan sonra açıqlanacaq. Biz istəyirik ki, qərar 24 apreldən əvvəl açıqlansın. Çünki AİHM-in obyektiv qərarı Avropada “erməni soyqırımı” iddialarını tamamilə tarixə göməcək. Biz hüquq sahəsində qələbə qazanandan sonra ermənilərin bütün cəhdləri boş gurultudan ibarət olacaq.

- Türkiyənin Bakıdakı keçmiş səfiri, Türkiyə-Ermənistan yaxınlaşmasının təşəbbüskarlarından biri olan Ünal Çeviköz “Türkiyənin Ermənistana və Azərbaycana qarşı eyni məsafədə durmasının lüzumundan” bəhs edib. Bunu necə dəyərləndirirsiniz?

- Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanı ABŞ istəyirdi, ancaq bu iş baş tutmadı, Türkiyə və Azərbaycan toplumları bunun baş tutmasına imkan verməzdi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Türkiyənin ərazi bütövlüyünü tanımadığı kimi, bizdən torpaq da istəyir. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasını istəmək anormal bir şey deyil, anormal olan Ermənistanın öz işğalçı siyasətindən vaz keçmədən, Türkiyəyə qarşı anormal tələblərini davam etdirərək “normallaşma” istəməkdir. Ermənistanla “açılım” prosesini arabir gündəmə gətirmək istəyən ABŞ, bunu Türkiyədəki adamları vasitəsilə edir. Ünal Çeviközün sözlərini də o kontekstdə dəyərləndirmək lazımdır. Amma əmin olun ki, bu cəhdlərin hamısı boşdur, Türkiyədə və Azərbaycanda bu imperialist cəhdləri boşa çıxarmaq üçün kifayət qədər qüvvə var. Biz Azərbaycanla eyni millətin parçalarıyıq. Azərbaycan əmin olsun ki, torpaqlar işğaldan azad edilməyənə qədər Türkiyədə heç bir hökumət Ermənistanla münasibətləri “normallaşdırmağa” nail ola bilməyəcək. Baxın, 9 sentyabrda Yunanıstan parlamenti də “soyqırım olmayıb” deyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etdi. İşçi Partiyası və Tələt Paşa Komitəsi dekabrın axırı - yanvarın əvvəlində Afinada qanuna qarşı etiraz aksiyaları keçirib yunan toplumunu məsələlərdən xəbərdar edəcək. Hazırlıqlar davam edir, azərbaycanlı qardaşlarımızı da bu işə qoşulmağa çağırırıq. APA vasitəsilə Azərbaycandakı qardaşlarıma salam və sevgi göndərirəm.
Bu xəbər oxucular tərəfindən 1260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed