Şrift:
Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycan Ordusu cəbhə xəttində heç bir itki verməyib
22.11.2014 [13:08] - Gündəm, Hərb
“Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”

“Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd olunub ki, düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər: “Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir”.


Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.

Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.

Qeyd edək ki, bu gün Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi” noyabrın 12-də vurulmuş “Mi-24” hərbi helikopterinin pilotlarının cəsədlərinin hadisə yerindən çıxarıldığı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, xüsusi əməliyyat keçirərək, ekipaj üzlərindən birinin meyiti, iki pilotun qalıqları və helikopterin bəzi vacib detalları hadisə yerindən götürülüb.

Separatçı rejim iki Azərbaycan hərbçisinin öldürüldüyü barədə də məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed