Şrift:
Əjdər Yunus Rza vətənsevər, mübariz şairdir.
23.11.2014 [11:50] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Şair Əjdər Yunus Rza qədim Cəbrayıl elinin Xələfli kəndində doğulub, artlq altmış yaşın sonlarına yaxınlaşır. Elmi dərəcəsi filologiya elmlər namizədi olan və polis polkovniki rütbəli ziyalımızın ürəyi daim torpaqlarımızın tezliklə düşmən taptağından azad olmasını arzulamaqla xalqı mübarizəyə səsləyən alovlu şüerləri vardır.
Kitab rəfimdə onun mənə 30.01.2011-ci ildə hədiyyə etdiyi “Niyə açdın, ay bənövşə” adlı şeirlər kitabı nəzərimi cəlb etdi. Beynimdə dolanan bir savaşa çağırış şerini vərəq üzərinə köçürmüşdüm. Əjdər müəllimin “Ya bir yolluq ölməliyik, Ya da zəfər çalmalıyıq” şeirini oxuyarkən ürəyimdə yazdığım şeirin qat-qat zəifliyini etiraf etdim. Həm də ondan məmnun oldum ki, şairin belə yüksək tərzdə pafosla yazdığı misralar həqiqətən də bədii hücum komandasına malik deyimlərdir. Bu şeir hər-hansı alay qarşısında oxunarsa, əks tərəfdə dayanan bir ordunu məğlub etmək ruhu yaradacaq gücə malikdir. Həmin şeiri sizə təqdim edirəm.

YA BİRYOLLUQ ÖLMƏLİYİK,
YA DA ZƏFƏR ÇALMALIYIQ!

Alınmamış neçə-neçə qisasımız qalıb hələ,
Odur ki, sən yatma oğul, silahını götür ələ;
Haraylasan, gələcəkdir, xəbər göndər hər bir elə.
Düşmənlərin ürəyinə qorxu, təlaş salmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Bəs eyləyər içimdəki nifrət məni oyatmağa,
Yurda dolmuş ilanların yuvasını dağıtmağa;
Çoxdan çatıb vaxt-vədə də yurdumuza qayıtmağa.
Hamılıqla birdəfəlik bizlər hazır olmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Bu nə sirdi, barışmırıq, hərəsi çəkir bir yana,
Torpağımız bülənərkən yad əllərlə bax, al qana;
Bütövləşək, bütöv baxaq, bölünmüş Azərbaycana.
Can hayından keçib artıq, yurd hayına qalmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed