Şrift:
Millət vəkili Fərəc Quliyev Ankara konfransına görə Türkiyəni qınadı: “Bu məsələdə bəhanə axtarmağa dəyməz”
24.11.2014 [13:56] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanla Türkiyə hər zaman dostluq münasibətində olub. Biz hətta hərbi əməkdaşlıqda o yerə qədər gəlib çıxdıq ki, elə mən özüm Milli Məclisdə təklif qaldırdım ki, biz asayişi birgə müdafiə qüvvələri yaradaq. Lazım gələndə bizim PKK-ya qarşı birgə mübarizəmiz olsun. Həmçinin, Azərbaycanın işğal olunmuş regionlarında Türk ordusu ilə birgə savaşaq”. Bunu AZADİNFORM-a açıqlamasında millət vəkili Fərəc Quliyev Türkiyədə Ermənistanla sərhədlərin açılmasına yönəlmiş konfransın keçirilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, hərbi sənaye kompleksinin qurulması ilə bağlı real addımlar atmağa başladıq: “Biz həmişə Türkiyə ilə münasibətlərə belə yanaşmışıq ki, onun bütün problemləri bizim problemlərimizdir. Lakin indi açılım adı altında Ermənistanla yaxınlaşma etmək istəyirlərsə bu da müxtəlif bəhanələrlə deyilir ki, təzyiqlər var, biz bunu etməliyik, bu doğru deyil. Əvvəla, Azərbaycanın maraqlarını kənara qoysaq belə Türkiyənin özünün Ermənistanla münasibətlərdə bu cür davranması Türkiyə acısından yanlışdır. Çünki bu günə qədər Ermənistan Türkiyənin ərazi iddialarında olduğunu Türkiyəyə qarşı gizlətmir və gerbində Ağrı dağı saxlayıb. Bir “soyqrımı” məsələsi ilə Türkiyəyə qarşı mübarizə aparır və s. Bu “soyqrımı”nın arxasında da 4 T düstur durur. Yəni, tanıma, tanıtma, təzminat və torpaq. Bu baxımdan belə Türkiyə gərək bu cür davranmayaydı. Azərbaycan baxımından isə Azərbaycanın torpaqları işğal altında qaldıqca Türkiyə bəyan edirdi ki, biz Ermənistanla heç bir münasibət saxlaya bilmərik”.
Millət vəkili deyir ki, əgər bu gün bəhanə olunursa ki, Avropa təsisatları tərəfindən basqı var, Avropa Birliyinə daxil olmaqla bağlı biz bunları edirik, bu yanlış bir şeydir: “Çünki məncə, yaxın zamanlara Almaniya kanslerinin dediyi fikri də heç kim unutmayıb. Onlar bildirirdilər ki, Avropa Birliyi bir xristian qurumudur və Türkiyəni orda görmək istəmirlər. Daha çox Türkiyə üzünü Türk respublikalarına tutmaqla bu sahədə inteqrasiya etməklə məsələni aradan qaldıra bilər. Ona görə də belə məqamlarda ora Azərbaycan tərəfindən adamların dəvət olunmaması da təəccüb doğurmamalıdır. Çünki düşünürlər ki, biz gedib orda nə deyəcəyik ki? Aydın məsələdir ki, biz bu məsələlərə etiraz edəcəyik və mən dediyim fikirlər əsasında da münasibətlər bildiriləcək. Hər halda bu Azərbaycan və Türkiyənin özü üçün zərərli addımdır. Özləri yenidən siyasətlərini redaktə etməlidirlər”.
Millət vəkili əlavə edib ki, ola bilər ki, Türkiyəni kimsə təhrik etsin, amma qərarı dövlət verir və Türkiyə oturuşmuş bir dövlətdir, sıradan bir dövlət deyil: “Buna görə də bütün dövlətlər təbii ki, mövcud olduqları zamanda dostlarla yanaşı düşmənləri də var. Lakin burada qrup, partiya maraqları arxada dayanmalı, dövlət maraqları önə çəkilməlidir. Bu məsələdə məncə, bəhanə axtarmağa dəyməz”.

Fidan Əliyeva/AZADİNFORM
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed