Şrift:
Faiq Ələkbərov: Türk millətinin bir gücə çevrilməsi prosesi qaçılmazdır
25.11.2014 [11:25] - Türk dünyası-Turan, Müsahibə
Müsahibimiz AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, dosent, fəlsəfə doktoru Faiq Ələkbərovdur.
- Siz yazılarınızda və müsahibələrnizdə Avropa-Qərb millətçiliyini, demorkratiyasını, liberalizmini və mədəniyyətini tənqid edirsniz. Halbuku hazırda bunlara alternativ olaraq üstün digər ideyaların olmaması ilə bağlı fikirlər daha çoxdur. Belə olduğu təqdirdə Avropa-Qərb dəyərlərini tənqid etmək nə dərəcə də məntiqə uyğundur?

- Hazırda dünya çapında əsasən, belə bir müddəa mövcuddur ki, ən yüksək sivilizasiya (təməddün) Avropa mədəniyyəti, Qərb sivilizasiyasıdır. Qərb sivilizasiyasının yaranması və inkişafının başlıca amilləri kimi demokratiya-liberalizm və sənayeləşmə-texnologiya göstərilir. Məncə də, Qərb sivilizasiyasının əsil mahiyyəti bu iki amildə gizlənmişdir. Hər halda Avropanın Orta Çağ despotik və ruhani dərəbəyliyindən qurtularaq yeni bir dönəmə qədəm qoymasında bu iki amil mühüm rol oynamışdır. Belə ki, uzun sürən gərgin mübarizədən sonra elmin dinlə qarşıdurmasında birincinin üstünlüyünü saxlayan Avropa bir tərəfdən ruhani hakimiyyətlərinə son qoymaq, o biri tərəfdən sülalə hakimiyyətlərini əsasən milli imperatorluqlar, milli dövlətlər (Fransa, Almaniya, Böyük Britaniya vəb.) durumuna gətirməklə dünyada yeni, fərqli bir yol tutdular. Amma bu amillər heç də Qərb alimlərinin ötən 2-3 əsrdə qeyri-qərblilərin, özəlliklə türk-müsəlmanların şüurlarına yeridilən ideoloji şərhlər əsasında baş verməmişdir. həmişə Qərb bir şeyi etmiş, ancaq bizə onu başqa formada təqdim etmişdir.

Burada düşündürücü məqamlar Avropanın keçdiy yol, inanclar və nəticələrlə bağlıdır. Hər halda məlumdur ki, əsasən 16-17-ci əsrlərdən sonra Qərbin-Avropanın aparıcı millətlərinin (ingilis, fransız və b.) aydınları tarixlərini dini düşüncədən, özəlliklə xristian dini tarixindən uzaqlaşdırıb milli fəlsəfi düşüncə, milli təfəkkür üzərindən dəyərləndirməyə başlamışlar. Buna səbəb odur ki, 16-17-ci əsrlərə qədər Avropa da yaşayan xalqlar müstəqil millət olma səviyyəsinə gəlib çıxmamışdılar. Bir tərəfdən onların sayca azlığı, digər tərəfdən isə ayrıca bir toplum kimi özlərini dərk edə bilməmələri buna əngəl olmuşdu. Məsələn, Asiya və Şimali Afrikada e.ə.3-4 min il öncə böyük şəhərlər (Babil, Uruk və b.), şəhər dövlətlər, hətta imperatorluqlar (Şumer, Babil, Misir, Assuriya, Midiya və b.) olduğu halda, Avropada şəhər döv¬lət¬lərin (Afina, Sparta, Roma) və imperiyaların (Ellin, Roma və b.) tarixi çox gəncdir. Bu baxımdan orta əsrlərdə də Avropada müstəqil milli dövlətlər deyil, yalnız şəhər dövlətlər və həmin şəhər dövlətlərə tabe müstəmləkələr var idi. Bu şəhər dövlətlər də isə yunanlar, italiyanlar, ingilislər, almanlar, franklar, hollandlar və b. demək olar ki, qarışıq şəkildə yaşayırdılar. Bu isə onların özlərini ayrıca bir Avropa milləti kimi (ingilis, fransız, alman və b.) ortaya çıxmalarına imkan vermirdi.

Avropa xalqları ən yaxşı halda xristian dini ətrafında birləşir, özlərini bir millətin deyil, hansısa etnosun, hətta tayfanın üzvləri sayırdılar. Bu mənada onlar ayrı-ayrı millətə çevrilə bilmirdilər. Ayrı-ayrı millətlərə çevrilə bilmədikləri üçün də, şüurlu deyil, kor-koranə Xristian cəmiyyətini təkil edirdilər. Ancaq Avropa xalqlarının müstəqil millətə çevrilməsi prosesi ilə müasir Qərb cəmiyyətinin, Avropa sivilizasiyasının əsası qoyuldu. Bu da o zaman baş verdi ki, Avropa əhalisinin sayı sürətlə artdı, etnoslar arasında fərqliliklər özəlliklə, dini məzhəblər mənasında çoxaldı, ən əsası İslam-Türk sivilizasiyasına qarşı həmrəylik hissinin güclənməsi fonunda elm və texnologiya sahəsində uğurlar əldə edilməyə başlandı. Avropanın milli aydınları din xadimlərinin, ilahiyyatçıların əsrlərcə bacara bilmədiklərinin qisa müddətdə gerçəkləşdirdilər, “Avropa”nı dünyanın modeli halına gətirdilər. Bu baxımdan din xadimlərinin yerini tutan milli aydınların Avropanın, “Qərb sivilizasiyası”nın formalaşmasında yeri danılmazdır. Ancaq Avropanın milli aydınları da “Qərb sivilizasiyası”nı formalaşdirərkən Xristianlığı tamamilə bir kənara qoymadılar. Ilk dövrlərdə Xristianlıq milli hislərin kölgəsində qalsa da, çox keçmədi avropalılığın mərkəzi, birləşdirici ünsürü halına gəldi. Avropalılar nə qədər inkar edirlərsə-etsinlər Qərb sivilizasiyası, eyni zamanda bir Xristian (məsihi) sivilizasiyasıdır. Əslində Avropanın coğrafi ərazisini müəyyənləşdirən hansısa dağlar, çaylar, dənizlər deyil xristianlğın yayılma arealıdır. Yəni xristianlıq genişləndikcə, Avropanın ərazisi də, eyni zamanda avropalı olmaq hissi də genişlənir və ya əksinə.

- Yeni hesab edirsniz ki, bu gün dünyanın Qərb və Şərq deyə iki yerə bölünməsi Avropa da yaranmışdır..

- Bu doğrudan da belədir. Ümimiyyətlə, zərrə qədər də şübhə etmirik ki, dünyanın “Qərb” və “Şərq” deyə iki qütbə, iki sivilizasiyaya ayrılması Avropa aydınlarının beyinlərinin məhsuludur. Əslində isə tarixən nə Qərb, nə də Şərq sivilizasiyası olmuşdur, bu gün də yoxdur. Avropa aydınlarının “Qərb” və “Şərq” ikitirəliyi nəzəriyyəsini irəli süməsi isə sırf ideoloji mahiyyət daşıyır. Zatən, fəlsəfəni, mədəniyyəti, tarixi ilk dəfə elmdən uzaqlaşdıraraq ideolojiləşdirənlər də avropalılar olmular. Onlar heç bunu gizlətmirlər də. Avropa aydınları üçün obyektiv və əsil adlanan mədəniyyət, tarix, fəlsəfə yalnız “Qərb” düşüncəsinə uyğun gələnlərdir. Bu baxımdan Yeni Avropa aydınlarının bütün sahələrdə “Qərb”i şişirtmələri, bunun müqabilində “Şərq”i aşağılamaları həqiqəti özündə əks etdirə bilməz. Ancaq bu bir gerçəklikdir ki, “Qərb”in “Şərq” üzərində üstünlüyünün və aparıcılığının saxlanılmasında Avropa aydınlarının davamlı apardıqları, aparmağa da davam etdikləri ideoliji mübarizə (demokratiya, liberalizm, azadlıq və s.) mühüm rol oynadı.

Bunun nəticəsi olaraq iki əsrdən çoxdur ki, “Qərb”dən kənarda qalan “Şərq” xalqlarının, özəlliklə türklərin, ərəblərin, farsların şüurunda mədəniyyətin, demokratiyanın, fəlsəfənin, modernləşmənin beşiyi Avropadır. “Qərb” ideal şəklində “Şərq” xalqlarının şüuruna elə bir formada yeridilmişdir ki, artıq “Şərq” onu həqiqət meyarı kimi qəbul edir.

- Faiq müəllim, sizcə Avropa-Qərb dəyərlərinə üz tutmaq Türk-Müsəlman dünyasında hansı nəticələrə gətirib çıxartdı?

- Bunun nticəsi o oldu ki, bugünkü Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan və başqa Türk dövlətləri dünənə qədər mövcud olan ümumtürk tarixindən qoparılmış durumdadırlar. Böyük və şanlı tariximizi, möhtəşəm dövlətçilik ənənələrimizi bir kənara buraxaraq, ya da buraxılmağa məcbur edilərək kiçik tarix, kiçik dövlətçilik şüuruna yuvarlanmışıq. Azərbaycan Səvəfilər-Qacarlardan, Türkiyə Osmanlıdan, Orta Asiya Türk dövlətləri Altun Ordu, Teymurilərdən sonra yaranan dövlətlərini böyük zəfər, tarixi nailiyyət adlandıraraq keçmişdəki böyüklüklərini kölgə altına salmışlar. Artıq dünyada hər kəsin hesablaşdığı Osmanlının yerini Türkiyə, Türküstanın yerini 4 yerə parçalanmış Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qacarların yerini Azərbaycan tutmuş, bununla da zəif bir duruma gətirilmişik. Türkiyə Cümhuriyyətinin yaranması gələnəksəl Türk cəmiyyəti ilə, Qərb yolundakı Türk cəmiyyəti arasındakı cizgini xeyli dərəcədə qalınlaşdıraraq adətən, bir divar halına gətirmişdir. Halbuki Türkün böyüklüyü və şanlı keçmişi daha çox Türkiyə Cümhuriyyətindən öncə, Səlcuqlar, Səfəvi, Teymurilər, Osmanlı və b. ilə bağlıdır.

Eyni zamanda, adət-ənənələrə münasibətdə bir çox hallarda lüzumsuz olaraq “qərbləşmə” yolu tutmuşuq. Qərbsayagı paltarlar geyinməkdən, yemək süfrəmizdən tutmuş ailədaxili əxlaqi dəyərlərədək “qərbləşməyimiz” ona gətirib çıxartmışdır ki, Türk keçmişimizlə fəxr etməkdənsə, “qərbləməyə” qədərki bütün tarixdən az qala imtina eymişik. Guya, yalnız “Qərb” arealına, ya da indiki anlamda Avropaya inteqrasiya olmaqla mədəni və sivil olmaq mümkün imiş. Bu anlamda, “qərbləşmək” üçün adət-ənənələrimizimn üstündən amansız¬casına xətt çəkmişik. “Qərbləşmə”yin ilk dönəmlərində zahirən, daha sonra mənəviyyat baxımından da onlara oxşamağa başlamışıq. Qərbsayağı müasirləşmə, modernələşmə, postmodernləşmə milli-dini mənəviyyatımızı zədələmişdir. Geyimlərimizi və məişət həyatımızı qərbləşdirməklə sivil, mədəni və müasir insan olacağımızı zənn edərkən, dərin bir uçuruma yuvarlanmışıq. Yad bir cəmiyyətin əxlaqı nə qədər parlaq olursa-olsun, o həmin toplum üçün keçərlidir.

“Qərb” nəğmələri ilə dünyaya göz açır, amerikanın film “qəhrəmanları” ilə həyacanlanırıq. Bununla da, “Qərb”in gözü görən, ağlıkəsən qullarına çevrilirik. Çünki milli yaddaşımızı qeyri-milli, kosmopolit yaddaş əvəz etmişdir. Kosmopolit yaddaşda isə milli-dini dəyərlərin yerini mücərrəd “ dünya vətəni” və “dünya insanı” tutur. Bu anlamda Makedoniyalı İskəndəri, fransız Napelyonu, amerikalı Avram Linkolunu, ingilis Çörçili, hətta “hörümçək adamı” belə çox önəmsəməli olmuşuq. Çünki artıq bizə analarımız, nənələrimiz laylalarında, beşiyimiz başında Türkün şərəfli keçmişindən bəhs etmir. Övladlarımız Atillanı, Dədə Qorqudu, Mövlanəni, Əmir Teymuru, Atatürk, Nəsimini ya tanımırlar, ya da “Qərb”in düşüncə tərzində tanıyırlar. “Qərb” düşüncəsinə görə də türklərin tarixi qılınc və atdan ibarətdir, onların elm, sənət və ticarətdən xəbərləri yoxdur. “Qərb”in bu düşüncəsni ehkam kimi qəbul edən bir çox türk aydınlarımız da istər Türkiyədə, istərsə də Qafqaz və Türkistanda olsun – iddia edirlər ki, milli tariximiz və milli kültürümüz “qərbləşmə”dən sonra yaranmışdır. “Qərb”in şüurlarımızı yeniməsi nəticəsində “biz adam olmayız” qənaətinə gələn “inqilabçı” aydınlarımızca türklərin yenidən qalxınması belə üfüqlərdə çox zor görünür.

Biz bir məqamla razıyıq ki, türklərin “qərbləşmə” yolunda gəldiyi nəticələr Türk aydınları qədər Qərb aydınlarını da maraqlandırır. Necə ki, Qərb bir vaxtlar Rusiyaya marksizmi qəbul etdirərək sonra nəticəni gözləyirdilər. Eyni məsələ bir qədər fərqli şəkildə Türkiyədə də baş verir. “Qərb” Rusiyadan umduğunu bulmasa da, ən azından marksizmin nələrə yol açacağnı əyani şəkildə gördü. Indi də Qərb müsəlman olan, vaxtilə dəfələrlə avropalıların ayaqlarını titrədən türklərin “Qərb liberal-demokratiyası” və “Qərb mədəniyyəti” ilə hansı şəkilə girəcəyinə, hansı nəticəyə gəlinəcəyinə çox maraq edirlər. Yəni türklər sona qədər “qərbləşmə”yə davam edəcəklər mi? Əgər davam edərsə nələr baş verəcəkdir? Yoxsa, türklər “qərbləşmə”yə “dur” deyəcəkdir? Əgər “dur” deyərsə nələr olacaqdır? Bunu yaxşı anladıqları üçün qərblilər bir tərəfdən türkləri ənənəvi milli-dini yola qayıtmasını istəmirlər, digər tərəfdən “qərbləşmə” yolundakı hər addımına da nəzarət edirlər.

Bizcə, “qərblilər”in türklərə qarşı bu cür davranışları əsassız deyildir. Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrdə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərər gəlincə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyanı türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmli faktor var: 1) İslam dini; 2) Türklər. Xristian-Qərb dünyası üçün ikisi də qəbuledilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türklər də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qərblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qərblilər” onlar üçün təhlükə mənbəyi olan İslam-Türk məfkurəsini bir-birindən ayırmağa da çalışırlar.

- Sizcə Türk-Müsəlman dünyası indiki durumda hansı addımlar atmalıdır?

- Hesab ediriəm ki, xristianlıq Asiyada-Şərqdə yaranıb indi Qərbə aid olduğu kimi, “Avropa”nın da aqibəti eyni olmuşdur. “Şərq” “Qərb”i yaratdığı kimi, “Asiya” da “Avropa”nı ortaya qoymuşdur. Ancaq bizi burada daha çox maraqlandıran “Qərb” və “Avropa”nı yaradan “Şərq” və “Asiya”nın durumudur. Çünki bu günə qədər modernləşmək adı altında “Qərb” və “Avropa”ya aludə olaraq ancaq onları öyrənməyə, onları təqlid etməyə çalışmışıq.

Doğrudan da, bugünədək “Qərb” və “Avropa”nı hərfi mənadan tutmuş, siyas-fəlsəfi nəzəriyyələrədək bütövlükdə əzbərlədiyimiz halda, “Şərq” və “Asiya”ya barmaqarası baxmışıq. Bununla da “Qərb” və “Avropa”nı yaradan “Şərq” və “Asiya” demək olar ki, unudulmuşdur. “Şərq” və “Asiya”nı yalnız “Qərb” və “Avropa”nı yedəyi kimi görməyə alışdırılmışıq. Bu günə qədər dünyada yazılan elmi-fəlsəfi, siyasi-ideoloji əsərlərin 100-də 90-nı “Qərb” və “Avropa”ya, 100-də 10-nu isə“Şərq” və “Asiya”ya həsr olunmuşdur. Çünki əsas elm adamları kimi “Qərb” və “Avropa” alimlərini (Aristotel, Platon, Herodot, Strabon, Plotin, Kant, Hegel, Marks, Nisşe, Freyd, Şpenqler, Toynbi, Hantinqton, Fukuyama və b.) qəbullanmışıq.

Bütün bunların nəticəsində də “Şərq” və “Asiya”ya da onların gözü ilə baxırıq. Onların mədəniyyət və sivilizasiya, millət və din, tarix və arxeologiya, elm və texnologiya haqqında nəzəriyələrini ehkam, doqma kimi qəbul edirik. Ən qəribəsi odur ki, heç bir anlamı olmadığı halda Qərb rasionalizmindən və Şərq ruhundan bəhs edirik. Bununla da özümüzə təsəlli veririk ki, qərblilərdə intellekt varsa, bizdə də ruh vardır.

Bunun üçün üzümüzü Asiyaya, intellektimizi Şərqə, ruhumuzu İslama, birliyimizi insanlığa yönəltməliyik. Belə bir durumda “Şərq” və “Asiya”nın mahiyyətində gizlənən intellekt yatmış vəziyyətdədir. Başqa sözlə, intellekt məsələsində psixoloji cəhətdən özünü “Qərb”lilərin qarşısında məğlub duruma salan, “Şərq”lilər təsəllini ruh anlamında tapır. Yəni “Şərq”də ruh var amma intellekt yoxdur. İntellektsiz ruh isə özünü bitirmək üzrədir. Çünki “Qərb” “Şərq”in intellektini əlindən aldığı kimi, onun ruhunu da demək olar ki, yox etmək üzrədir. Belə olduğu təqdirdə “Şərq” və “Asiya” xalqları nicatı yalnız ruhun yüksəlməsində deyil, intellektə qayıdışda axtarmalıdır. Vaxtilə “Şərq” və “Asiya”nın bütövlüyü olan intellekt və ruh yenidən bərpa olunmalıdır. Yoxsa, yalnız tək ruhla “Qərb” və “Avropa”ya qarşı dirənmək, özünü müdafiə etmək mümkün deyildir.

Bu baxımdan hazırda zorla bir “Asiya birliyi” yaratmaq mümkün deyilsə, ancaq bunu şüurlara aşılamaq mümkündür. Biz bir “Asiya birliyi”nin vacibliyini dərk etsək, onu bir gün gerçəkləşdirmək mümkündür. Yuxarıda da bildirdiyimiz kimi, bütün sivilizasiyaların sonu vardır, amma elə etmək lazımdır ki, məhv olanın yerində yenisini qurmaq mümkün olsun. Yaxud da bizim olmayan bir sivilizasiyanın məhvi gerçəkləşərkən onun tənəzzülü başqalarını da yandırıb yaxmasın. Atalarımız demişkən qurunun oduna yaş da yanmasın. Bu çox anlamlıdır ki, bitmiş biri olan və sonu gələn, hələ yenicə pöhrələyən və ayaq üstündə duranı da özü ilə məhvə sürüklədiyi bir zamanda, nicat yolunu bitməkdə olanmı, yoxsa yenicə yetişənmi axtarmalıdır?

- “Asya Birliyi” dedikdə, burada Rusiyanın rolunu və onun Avrasiya Birliyi ideyasını nəzərə alırsınızmı?

- Baxınız, bu gün Qərb maddiçiliyi və liberallığı daha çox müsəlman dünyasında, bütün vasitələrə əl atmaqla yaymaqdadır. Buna qarşılıq olaraq da, daha çox müsəlman dünyasından əks təzyiq görür. Deməli, bir gün dünyada sivilizasiyalararası, ya da mədəniyyətlərarası toqquşma olacsaqsa bunun əsas səbəbkarı Qərbdir, Qərb sivilizasiyasıdır. Bu toqquşmanın da ilk növbədə İslam-Türk sivilizasiyası ilə baş verəcəyini, bəlkə də artıq bunun başlandığını söyləmək olar. Çünki Qərb sivilizasiyası özü üçşün əsas rəqib kimi İslam-Türk sivilizasiyasını görür. Məncə, qərblilər bu məslədə heç də yanılmırlar. Çünki hazırda Qərb sivilizasiyasına dur deyə biləcək ən güclü sivilizasiya İslam-Türk sivilizasiyasıdır.

İslam-Türk sivlizasiyası Qərb sivilizasiyası ilə mədəniyyət mücadiləsində ən azı 5 mərkəz formalaşdırmaq gücündədir:

1) Kiçik Asya və onun ətrafı,

2) Rusiya və onun ətrafı

3) Orta Asiya və onun ətrafı

4) Ön Asiya və onun ətrafı (Yaxın və Orta Şərq)

5) Bosnya, Albaniya, Kosova və onun ətrafı

Hətta Qərb sivilizsiyasının kölgəsində qalmış digər sivilizasiyaların inkişafı da İslam-Türk sivilizasiyasının dünyada öndərliyi ələ alması ilə ortaya çıxacaqdır. Çünki İslam dinində və Türklərin milli dəyərlərində başqa sivilizasiyalara zorakı deyil, xoşgörü ilə davranmaq əsas yer tutur. Məsələn, türklər ruslara və digər slavyanlara qarşı münasibətdə həmişə belə bir mövqe tutmuşdur. Bu mənada Rusiyanın gələcəyi də Qərb sivilizasiyası ilə deyil, İslam-Türk sivilizasiyası ilə bağlıdır. Haradasa Rusiyanın Avrasiyaçılıq ideolojisində də buna oxşar məqamlar var. Ancaq Rusiya birdən-birə Qərb sivilizasiyasına qarşı çıxmaq istəmir. Bu da başa düşüləndir. Çünki Rusiya ən azı xristianlıq məsələsinə görə Avropa ilə bağlıdır. Lakin dünyada gedən proseslər göstərir ki, Rusiya bu sivilizasiyalararası mübarizədə uzun müddət tərəfsiz qala bilməz. Bu anlamda Qərblə xristianlıq bağlılığı deyil, Avrasiyanın böyük bir hissəsində hökmran olan İslam-Türk sivilizasiyası ilə əməkdaşlıq daha sərfəlidir.

Digər tərəfdən fərqli mədəniyyətləri birləşdirən yalnız din amili deyil, burada qonşuluq və ortaq keçmiş də mühüm rol oynayır. Əgər Avropa xalqları ortaq keçmişdən və qonşuluq münasibətlərindən istifadə edərək Qərb sivilizasiyasını formalaşdıra bilmişdirsə, bunu İslam-Türk dünyası, yaxud da Avrasiya sivilizasiyası anlayışı ilə də etmək mümkündür. Məncə, Rusiya Avrasiya məsələsində imperalist niyyətlərdən əl çəkərsə, İslam-Türk sivilizasiyası ilə yaxınlaşarsa bu sahədə uğur əldə etmək mümkündür.

Özəlliklə, Rusiya İslam dinini ikinci rəsmi din elan etməklə avrasiyaçılıq da imperalist deyil, qərblilərlə qarşı mübarizədə bərabər və ədalətli formada bir olduğunu ortaya qoya bilər. Eyni zamanda, Rusiya avrasiyaçılığın müsəlman-türklərin əleyhinə deyil, Qərbdən özünəmüdafiə xarakterli olduğunu inandırmaq üçün ortaq türk dili lə bağlı da nüəyyən bir qərara gəlməlidir. Artıq Rusiya öz tərkibindəki və ondan kənardakı müsəlmanlara və türklərə Qərbin gözü ilə baxmaqdan əl çəkməlidir. Qərbin vaxtilə uğradığı “marksizm” kimi ideoloji oyunlardan uzaq durmalı, mədəniyyət və ortaq keçmişdən çıxış etməlidir. Hər halda rusların, ukraynalıların, bolqarların və başqa slavyan millətlərinin keçmişi avropalılardan çox türklərlə, müəyyən mənada da İslam dini ilə bağlıdır.




Bu baxımdan Rusiyanın qurtulmalı olduğu bəlalardan biri də Ermənistandır. Əslində Qərbin oyunlarından biri olan “Ermənistan” bəlası Rusiyanı müsəlmanlarla və türklərlə düşmən vəziyyətinə gətirmişdir. Əgər Rusiya özündə güc tapıb Ermənistan məsələsini konstruktiv formada həll edərsə, Qərblə mübarizədə Türk-İslam dünyası kimi böyük bir müttəfiq əldə etmiş olar.

Əks təqdirdə Rusiyada İslam-Türk dünyası kimi daima Qərbin saxta demokratiya, qloballaşma (kürəsəlləşmə), tolearantlıq ideoljilərindən əziyyət çəkəcəkdir. Daha doğrusu, Qərbin uydurduğu və özünün heç cürə qeyri-qərblilərə uyğulamadığı nəzəriyyələr artıq Rusiyanın, Ukraynanın, Türkiyənin, Azərbaycanın, Orta Asiya ölkələrinin gündəmini işğal etmişdir. Hətta, biz özümüz külli-miqdarda paralar xərcləyərək həmin nəzəriyyələrlə bağlı beynəlxalq elmi konfranslar keçiririk, üstəlik Qərb alimlərini də bizə ağıl öyrətmək və yol göstərmək üçün dəvətlər də edirik. Qərblilər də hər dəfə gəlib bizi təftiış edir ki, həmin nəzəriyələri nə dərəcədə qavramışıq. Buna uyğun olaraq da bizə yeni çıxış yolları göstərilir. Halbuki, demokratiya, qloballaşma, tolearantlıq, çoxmədəniyyətlilik Qərb sivilizasiyasının ömürünü uzatmaq üçün vasitələrdir. Bu vasitələrlə Qərb sivilizasiyası öz tör-töküntülərini, digər sivilizasiyalara, o cümlədən İslam-Türk sivilizasiyasına sırımağa çalışırlar. Əslində Qərb sivilizasiyası yeni imperializmin təzahürü olduğu üçün, həmin nəzəriyyələr də onu həyata keçirməyin vasitələridir. Qərb sivilizasiyası adlı yeni imperizlizm ondan kənarda qalan sivilizasiyaları, mədəniyyətləri ancaq Qərb sivilizasiyası fonunda düşünməyə və yaşamağa sürükləyir. Başqa sözlə, onlar demək istəyirlər: Qərbin yolu ilə get, qərbli ol, amma unutma ki, sənin böyüyün, başbilənin, yolgöstərənin avropalılardır, qərblilərdir. Bu isə o analama gəlir ki, qeyri-Qərb sivilizasiyaları Qərbin yolu ilə getdikcə yeni sivilizasiyalar ortaya çıxmayacaq.

- Yəni Rusiyanın Asiya Birliyində yer almasını istisna etmirsiniz?

- Əslində Türk millətinin bir tama çevrilməsi prosesnin qaçılmaz olduğunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin bizlərdən heç də pis dərk etmir. Məhz o, bunu dərk etdiyi üçündür ki, Rusiya Federasiyasındakı türklərin milli oyanış prosesinin qarşısını zorakılıqla deyil, düşünülmüş tədbirlərlə almaq istəyir. Bunun üçün də Putin bacardıqca antitürk siyasət yürütməkdən yan qaçır. Tək istəyi də nəyin bahasına olursa-olsun Rusiya Federasiyasını qoruyub saxlamaqdır. Bunun üçün də o, “Gömrük İttifaqı”, “Avrasiya İttifaqı” və s. yaratmağa çalışır.

Bizcə, rəsmi Moskva ilk öncə Rusiya Federasiyasının quruluşunda və mahiyyətində dəyişiklik etməlidir ki, daha sonra hansısa Avropa Birliyinə bənzər böyük bir qurum da reallaşsın. Başqa sözlə, Rusiya AB modelini ilk növbədə Federasiya çərçivəsində gerçəkləşdirməlidir. Onsuz da müstəqil bayrağa malik olan Tatarıstan, Yakutiya, Çeçenistan, Dağıstan, eləcə də digər respublikalar və muxtariyyətlər üçün belkə Rusiya Federasiya bir növ Avropa Birliyinə oxşar bir dövlətlər birliyidir. Əgər Avropa Birliyi bir çox sahələrdə ortaq maraqlardan çıxış edirlərsə, AB-dən ərazicə bir neçə dəfə böyük olan Rusiya Federasiyası tərkibindəki respublikalarla yeni dəyərlərlə davranmaq məcburiyyətindədir.

- Sizcə, 21-ci əsrdə bu proseslər hansı yöndə inkişaf edəcəkdir?

- Məncə, bütün dünya yeni bir mərhələnin başlanğıcıdandır. Burada artıq dünyanın xəritəsindən dəyişmiş, müharibələrin yol açacağı bir çox yeniliklərdən gedir. Qərb çalışır ki, bütün bunlar onlardan uzaq yerlərdə baş versin. Ona görə də diqqəti yalnız Şərqə, özəlliklə də Yaxın və Orta Şərqə yönəldiblər. Artıq İraqın, Suriyanın, Liviyanın (Libi) başına gəlnlər, Türkiyənin isə növbəti qurbanlıq vəziyyətinə gətirilməsi Qərb düşüncəsinin nəticəsidir. 100 il bundan öncə dünya xəritəsini dəyişən Qərb yenidən bunu həyata keçirmək istəyir. Əsas hədəflər arasında Rusiya, İran və Türkiyədir. Qərbin Rusiyaya, İrana və Türkiyəyə açıq və gizli təzyiqləri güclənməkdədir. Çox yazıqlar olsun ki, ötən əsrdə dəfələrlə Qərbin oyunlarının tələsin düşən İran və Türkiyə hələki bir dirəniş göstərə bilmir. Özəlliklə, son illərdə Türkiyəyə qarşı təzyiqlərin artması, bu anlamda “Ermənistan” və “Kürdüstan” kartlarından istifadə olunması təsadüfi deyildir. Türkiyənin Suriyanın, İraqın vəziyyətinə düşməməsi üçün daha dinamik addımlar atması gərəkir. Məncə, türk insanınin psixoloji cəhətdən Türkiyənin parçalana bilməsi təzyiqi ilə üzləşməsi belə yanlışdır. Əslində bu cür psixoloji (rəvani) təzyiqlər Türkiyənin parçalanamsına bir hazırlıqdır. Türkiyə buna cavab olaraq sərhədlərini Kərkükə, Qafqaza, Hələbə qədər genişləndirə bilməsinə işarə etməlidir. Yəni təsir əks təsirə bərabərdir. Bizcə, Türk-Müsəlman dünyasının yeni dönəmdən qalib çıxamasının yeganə yolu özünümüdafiədən hücuma keçməsidir...

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed