Şrift:
Tehran: Qvardiya hədəfdə
27.12.2011 [03:17] - Güney Azərbaycan-Təbriz
Tehran hakimiyyəti beynəlxalq sanksiyaların təsirsiz ötüşdüyünü bəyan etməkdədir. Ola bilsin, bu yasaqlamalar ölkə əhalisinin güzəranında elə ciddi şəkildə görünmür. Başqa sözlə, bu yöndə etiraz aksiyaları keçirilmir və s. Ancaq bunu hakimiyyət daxilindəki vəziyyətə şamil etmək mümkünsüzdür.

Son bir neçə ayda ölkənin aparıcı banklarından birindən 3 milyard dollara yaxın pulun «yoxa» çıxması, maliyyə qurumu başçısının ölkədən qaçması, prezident Mahmud Əhmədinejada və yaxınlarına qarşı çıxışlar, onun yaxın çevrəsinə aid olanların həbsi, ölkənin çeşidli yerlərində qəfil partlayışlar, generalın bu olaylarda həlak olması, ayətullahların mövcud durumun əleyhinə sərt münasibət bildirməsi, nəhayət, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyinin həbsi ilə bağlı yayılmış xəbərlər hakimiyyət daxilində gərginliyin gücləndiyinin göstəricilərindəndir.

Xatırladaq ki, İran İslam Keşikçiləri Qvardiyasının bir sıra yüksək çinli hərbiçisi həbs olunub. Onlar ölkənin ali rəhbərinə qarşı sui-qəsddə suçlanırlar. Həbs olunanların arasında Xamneyinin oğlu Müctəba Xamneyi də var. Qeyd edək ki, hələ 1981-ci ildə Tehranda İranın o vaxtkı prezidenti Rəcainin, ayətulla Xamneyinin və hakimiyyətin bir sıra təmsilçilərinin olduğu binada partlayış baş vermişdi. Həmin olay nəticəsində prezident və başqaları həlak olmuş, ayətullah Xamneyi isə yaralanmışdı. Elə bu hadisə nəticəsində onun bir qolu iflic olmuşdu.
Göründüyü kimi, növbə indi də İnqilab Keşikçiləri qvardiyasına çatıb. Bu hərbi qurum hakimiyyətin ən etibarlı qüvvəsi sayılır. Ölkədəki indiki şəraitə, o cümlədən atom-nüvə proqramına qvardiya nəzarət edir.

Hakimiyyətin informasiya vasitələri M.Xamneyinin həbsi ilə bağlı xəbərə hələ ki münasibət bildirməyib. Onda belə ehtimal etmək olar ki, ali rəhbərin oğlu həbs olunub. Ancaq bunun əksi də mümkündür. O zaman ayətullah Xamneyiyə sui-qəsd cəhdi xəbərində müəmma var. Başqa sözlə, bu xəbər qvardiyadakı «müxaliflərə» hücum üçün düşünülmüş oyundur. Bu hərbi qurumdakı bir neçə zabiti həbs etmək üçün onların gözünə M.Xamneyini də qatıblar ki, «izi itirsinlər».
Afrikanın şimalındakı olaylar İran hakimiyyətini də ciddi düşünməyə vadar edir. Onları düşündürən məsələlərdən biri də heç şübhəsiz, hərbçilərin dar məqamda tutacağı mövqedir. Elə ona görə də bu hərbi qurumda «təmizlik işləri» aparılır. Ötən ayın ortalarında qvardiyanın orta zabit heyətində bu işin başladığı haqda xəbərlər yayılmışdı. Həmin məlumatlar da bildirilmişdi ki, Məşhəd şəhərin yaxınlığındakı Vəkilabad həbsxanasına qvardiyaçılar tez-tez «qonaq» olur. Hakimiyyətin perspektivdə hərbçilərin «fərariliyindən» özünü indidən sığortalamağa hazırlaşdığı ehtimalı yaranır.
O ki qaldı Müctəba Xamneyinin həbs i ilə bağlı yayılmış qeyri-rəsmi məlumata... Hələ iki il öncə dünyanın çeşidli informasiya mənbələri İranın ali rəhbəri ayətullah Xamneyinin komaya düşməsi, onun yanında oğlu Müctəba Xamneyinin qaldığı barədə xəbər yayılmışdı. Onda ölkənin ali rəhbəri postuna oğul Xamneyinin gətiriləcəyindən danışırdılar.

Burada bir məsələni yada salmaq istərdik. Hələ ayətullah Xomeynidən sonra onun yerinə oğlu, höcəttülislam Əhməd Xomeyninin gətiriləcəyini söyləyirdilər. Ancaq atası vəfat etdikdən sonra o, müəmmalı şəkildə öldü. Bir çoxları oğul Xomeyninin zəhərləndiyi ehtimalını söylədilər. Bu ehtimal indiyədək səsləndirilir.
Odur ki, Müctəba Xamneyinin həbsi və ya onun başına buna bənzər bir hadisənin gətirilməsi də hakimiyyətiçi ziddiyyətlərdən xəbər verir. 2009-cu ilin prezident seçkisində Mahmud Əhmədinejadın qələbəsinin təmin olunmasında onun müstəsna rol oynadığını bildirirdilər. Odur ki, prezidentin ətrafının təzyiqə məruz qalması fonunda Müctəba Xamneyiyə də bu basqıların edildiyi istisna olunmur.

Onu da vurğulamaq istərdik ki, Xamneyi ailəsinin hakimiyyətə münasibəti heç də ali rəhbərinki kimi deyil. Onun qardaşı, islahat tərəfdarı sayılan Hadi Xamneyi bu yaxınlarda verdiyi bir açıqlamada ölkənin böhranlı durumundan danışaraq, dinc müxaliflərə qarşı təzyiqlərdən və ayrı-seçkilikdən gileylənmişdi: «Xalqa istəmədiyini zorla qəbul etdirmək səhv yoldur. İnsanlara demək olmaz ki, siz hamınız səhv yoldasınız və biz sizi zor gücünə də olsa cənnətə aparmaq istəyirik. Heç kəsin insanlarla belə rəftar etməyə haqqı yoxdur. Təəssüf ki, bu gün ölkədə əvvəlki şüar və meyarlara tam zidd bir vəziyyət hakim olub. Əgər sağlam və normal mühit yaratmaq istəyiriksə ölkədə çox şey dəyişməlidir.

Ölkədə bir qrup daim hakimiyyətdə qalmaq istəyir və başqalarının varlığına dözmür. Belə bir təfəkkürə sahib olanların öz rəqibini fiziki baxımdan meydandan çıxarmaq cəhdi qəbuledilməzdir. Hakimiyyətdəki qanadların heç birinin haqqı olmamalıdır ki, rəqibini meydandan çıxarmaq üçün özündən fitva çıxarıb, qarşı tərəfi dinsizlikdə günahlandırsın. Onda hər kəs qarşı tərəfin dinsiz olduğu iddiasını irəli sürə bilər».

Beləliklə, nə baş verir?

Tehran hakimiyyəti qarşıda onun gözləyən daha təhlükəli duruma indidən hazırlaşır. O, gələcəkdə Qərblə danışıqlar aparacaq potensial qüvvələri sıradan çıxarır. Ölkədə müxalifəti sakitləşdirib, hakimiyyətə alternativin olmadığı rəyini yaratmağa çalışır. Bununla da hakimiyyətdən uzaqlaşdırılacaqları halda ölkədə və bölgədə yaranacağı ehtimal olunan qarışıqlığın qarşısının alınmasının onlarsız mümkünsüzlüyünü sübut etməyə cəhd göstərir.


Sədrəddin Soltan
Bu xəbər oxucular tərəfindən 1871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed