Şrift:
Qızılın qiyməti çox ucuzlaşacaq
27.11.2014 [12:33] - İqtisadiyyat
Dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb
"İlin sonuna kimi qızılın qiymətindəki azalma tendensiyası davam edəcək".

Bunu iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. İqtisadçı dünya bazarında gedən son proseslərin qızılın qiymətinə təsirini şərh edib. V. Bayramovun fikrincə, dünya bazarında qızıl son 4 ildə ən aşağı qiymətə təklif edilir. Son 1 ildə 4 faiz dəyər itirən sözügedən qiymətli metalın ötən 6 ayda 8 faizə yaxın ucuzlaşıb. Qramı 38, unsiyası 1200 dollara təklif edilən qızıl 5 il öncəki qiymətinədək geriləyib:

"Əslində, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2013-cü ildən başlayaraq ciddi dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı. Böhran qızıla olan tələbatı artırsa da sonrakı mərhələ bu qiymətli metala olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar o zaman öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır".

Mütəxəssis bildirir ki, hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır: "2008 və 2009-cu illərd ehtiyatlarının bir qismini qızal çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr 2013-cü ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və vu da qiymətlərin dəyişməsini şərtləndirir".

Mütəxəssisin sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə xüsusən də ABŞ-da real sektorda gəlirlik normasının yüksəlməsi, investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub.

Ekspertin fikrincə, Azərbaycanda da son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşməsi dünyada gedən proseslərlə əlaqəlidir. V.Bayramov qeyd edir ki, əvvəllər ölkədə vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil: "Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa, dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb. Əvvəllər qadınlar bahalı və ağır qızıllardan istifadə edirdisə, bu gün az çəkili qızıldan istifadə halları artıb. Bazardakı durğunluq bu ilin sonunadək davam edəcək. Başqa tərəfdən, Məhərrəm ayının başlaması ilə bağlı olaraq Azərbaycanda toy və şənlik mövsümünə ara verilib. Bütövlükdə, yaxın zamanlarda daxili bazarda qızılın qiymətində bahalaşma proqnozlaşdırılmır".
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed