Şrift:
Azərbaycan və Türkiyə aşıqları bir səhnədə
27.11.2014 [12:42] - Türk dünyası-Turan, Mədəniyyət
Türkiyə mədəniyyət günləri çərçivəsində "Xalq ozanlarının deyişməsi" adlı aşıq konserti oldu
Türkiyə mədəniyyət günləri çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi" adlı aşıq konserti keçirildi.

ANS PRESS-in məlumatına görə, konsertdən öncə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Türkiyənin ölkəmizdə mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Bildirdi ki, iki qardaş ölkənin əlaqələrinin güclənməsində bu cür tədbirlər çox vacibdir: "Xalqlarımızın qədim mədəni dəyərlərini özündə əks etdirən aşıq yaradıcılığına hər iki ölkədə xüsusi hörmət var. Azərbaycan və Türkiyə aşıqlarının bir səhnədə yer alacağı bu konsertin də sənətsevərlərə xoş əhval bəxş edəcəyinə inanıram".

Azərbaycanda aşıq sənətinə dövlət qayğısından danışan şöbə müdiri bu yaxınlarda II Beynəlxalq Aşıq Festivalını xatırlatdı. Bildirdi ki, belə tədbirlərin gələcəkdə də keçirilməsi əsas məqsədlərimizdəndir, çünki bu festivallar bütün türk dünyasının mədəni yaxınlaşmasına xidmət edir.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək bildirdi ki, Azərbaycan və Türkiyə eyni dilə, eyni dinə, eyni mədəniyyətə malik qardaş ölkələrdir. Aşıq yaradıcılığı da ortaq mədəniyyətimizin bir nümunəsi kimi tarixin dərinliklərindən gələrək bu gün də inkişaf edir.

Sonra söz aşıqlara verildi. İlk olaraq səhnəyə Azərbaycan aşıqları çıxdı. Ardınca Gültəkin Buludoğlu və Bahəddin Yıldızoğlu aşıq mahnıları və deyişmələri səsləndi. Gədəbəy aşıqlarının deyişmələri də mərasimə rəng qatdı. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılandı.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed