Şrift:
Ali Adıgözəl: Almaniya azərbaycanlı tələbələr arasında xaricdə təhsil almaq üçün müraciət olunan ilk ölkələr sırasındadır- Müsahibə
29.11.2014 [11:16] - Gənclik, Diaspor
Müsahibimiz, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının (qurum, əncümən) sədri Alı Adıgözəldir.
-Alı bəy, yeni yaranan təşkilat haqqında məlumat vərərdiniz. Təşkilat hansı zərurətdən yaranıb?

-Almaniya azərbaycanlı tələbələr arasında xaricdə təhsil almaq üçün müraciət olunan ilk ölkələr sırasındadır. Almaniyanın müxtəlif vilayətlərində kifayət qədər azərbaycanlı tələbələr təhsil alır. Eyni zamanda, Türingiya vilayətində Almaniyanın bir neçə nüfuzlu universitetləri yerləşir və bu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil. Bu tələbələr arasında əlaqə mühiti yaratmaq və alman cəmiyyətində ölkəmizin və milli mədəniyyətimizin təbliğatında səmərəli fəaliyyət göstərmək üçün təşkilatlanma zəruri idi. Bu barədə, tələbələr arasında uzun müzakirələr getdi və yekunda Türingiya vilayətində ilk Azərbaycan təşkilatı “Thuringen Azerbaijani Students Association” (Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası) adlı təşkilatın yaradılması haqqında qərar qəbul olundu.

-Ümumiyyətlə, Almaniyada təhsil alan gənclərimizin fəallığı necədir? Təşkilat digər gənclər təşkilatı ilə koordinasiya əlaqələrini necə quracaq?

-Təbii ki, yuxarıda da qeyd etdiyim kimi bu təşkilatın yaranması barədə təşəbbüs burada təhsil alan tələbələr tərəfindən apardığımız müzakirələr zamanı millətimiz adına səmərəli fəaliyyət göstərmək üçün irəli sürülmüşdür. Bu təşəbbüs təkcə tələbələr arasında deyil, eyni zamanda təhsillərini bitirib bu vilayət ərazisində çalışan azərbaycanlı gənclər tərəfindən də böyük rəğbətlə qarşılandı. Türingiya vilayətində təhsil alan və işləyən azərbaycalılar təşkilatın işində yaxından iştirak etməyə çalışırlar və bu barədə istəklərini bizə bildirməkdədirlər. Bütün bunlar gənclərimizin fəallığından və millətimiz adına iş görmək istəyindən xəbər verir.

Biz Təşkilat olaraq burada mövcud olan və məqsədi millətimizə və dövlətimizə xidmət olan təşkilatlarla əlaqə qurmaqda maraqlıyıq. Eyni zamanda, Almaniyanın yerli təşkilatları ilə də əlaqələrin qurulmasında və əməkdaşlıq edilməsi istiqamətində fəaliyyətimizi genişləndirməyi düşünürük.

-Qarşıda hansı tədbirlər keçirməyi planlaşdırırsınız?

-Dekabr ayına planlaşdırılan ”Azərbaycanın Mədəniyyət Günü” adlı tədbirin hazılıqlarına artıq başlamışıq. Fəaliyyətimiz dövründə Azərbaycanın mədəniyyətinin, tarixinin və iqtisadi imkanlarının tanıtımı, Ermənistan Azərbaycan münaqişəsi və Xocalı soyqırımı barədə həqiqətlərin alman cəmiyyətinə çatdırılması istiqamətində silsilə tədbirlərin, seminarların və dəyirmi masaların təşkil olunmasını planlaşdırırıq.

-Almaniya cəmiyyətində Azərbaycan haqqında fikir və düşüncələr nədən ibarətdir?

-Təəssüflər olsun ki, Almaniya cəmiyyətində Azərbaycan haqqında bilgi Azərbaycanın enerji resursları ilə zəngin ölkə olması və ən yaxşı halda xəritədə coğrafi mövqeyimiz barədə məlumatlarla məhdudlaşır. Nəzərə alsaq ki, Türingiya vilayətində bir neçə nüfuzlu universitetlərin olması bura müxtəlif ölkələrdən olan gəncləri cəlb etmişdir. Türk Cümhuriyyətlərini və Keçmiş Sovet Birliyi ölkələrini çıxmaq şərtilə digər ölkələrdən olan tələbələr də Azərbaycan haqqında çox az məlumatlıdırlar. Odur ki, fəaliyyət auditoriyamız daha genişdir.

-Daha çox hansı fəaliyyət prinsipləri ilə Azərbaycan yaxşı təbliğatını aparmaq olar?

-Təbliğat məsələsində nəzərə almalıyıq ki, verilən informasiyanın arzulanan nəticəsi informasiyanı çatdıran şəxsin özünün ilk öncə düzgün qəbul olunmasından başlayır. Biz burada təşkilatdan kənarda fərdlər olaraq digər ölkələrin nümayəndələri üçün hər birimiz Azərbaycanıq. Hər birimizin təhsildə yaxşı mənada fərqlənməyimiz və cəmiyyətdəki davranışlarımız onların bizə olan münasibətini formalaşdıracaq. Azərbaycana və Azərbaycan insanına yaranan müsbət münasibət aparacağımız təbliğatda bizə arzulanan nəticələri verəcək. Bütün bu prinsipləri təşkilat olaraq üzvlərimizin diqqətinə çatdırmışıq və fəaliyyətimiz dövründə də azərbaycanlı tələbələr arasında bu istiqamətdə marifləndirmə işi aparacağıq.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed