Şrift:
AMEA Mərkəzi Elmi Kitabxanasında yeniliklər.
04.12.2014 [11:30] - Gündəm, Mədəniyyət, Bildiriş
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) ümumi iclası keçirilib. Tədbiri MEK direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq AMEA-nın Əsas binasında yerləşən kitabxananın yeni binaya köçürülməsinin hazırkı vəziyyətinə dair müzakirə aparılıb. Bu barədə məlumat verən Milli rəqəmsal yaddaş və müasir texnologiyaların tətbiqi şöbəsinin müdiri Ruzi Məmmədov bildirib ki, hazırda MEK-in Əsas binada yerləşən köhnə fondundan kitablara yeni inventar kodları və elektron çiplər vurularaq yeni binaya daşınması işləri aparılır. Bu günədək köçürülən 25000-dən çox kitabın inventarlaşdırılması aparılıb, mübadilə fondundan 4500-dən çox kitab isə daşınma üçün hazırlanır. Nadir kitablar fondu, Şərq ədəbiyyatı fondu, Qərbi Avropa ədəbiyyatı fondu, sərgi və xidmət şöbələri MEK-in yeni binasına köçürülmə prosesinə başlayib. İşçi heyəti tam şəkildə köçmə prosesinə səfərbər edilib.
Sonra MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynovanın kitabxananın 2014-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Bildirilib ki, keçən il MEK-in elmi-tədqiqat fəaliyyəti ölkə prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, eləcə də AMEA-nın qərar və sərəncamlarının, kitabxananın cari il üçün elmi-tədqiqat işləri planının icrasına istiqamətlənib.
Məruzədə kitabxananın il ərzində gördüyü işlər və əldə etdiyi mühüm nəticələr haqqında məlumat verən direktor müavini qeyd edib ki, bu il kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilib, elektron kataloqa azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 14799 nüsxə cari ədəbiyyat daxil edilib, 7585 nüsxə ədəbiyyat retrokonversiya olunub. Kitabxana fondlarının təbliğı istiqamətində elmi mövzularda, respublikanın tarixi hadisələri və əlamətdar günlərinə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş 59 adda ədəbiyyat sərgisi təşkil edilib. Bundan başqa, kitabxananın işçiləri iki fərdi qrant layihəsi həyata keçirib.
Mərzuənin sonunda tövsiyə olunub ki, fərdi qrantların mövzuları, icraları və nəticələrinin tətbiqi MEK ilə uzlaşdırılmalıdır.
Bundan başqa məlumat mənbələrinin qeydiyyat və axtarış sisteminə dair yeniliklər və onların praktiki tətbiqi, elektron kataloqun keçid prosesində istifadəsi ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb.
Sonra MEK-in Həmkarlar təşkilatının sədri Firəngiz Dadaşova təşkilatın fəaliyyətinə dair çıxış edib. Kitabxananın bir sıra mühüm proqram və tədbirlərinin həyata keçirilməsində təşkilatın yaxından iştirak etdiyini bildirən sədr kitabxana əməkdaşlarının sosial problemləri ilə bağlı məsələlərin həlli istiqamətində də mühüm işlərin görüldüyünü vurğulayıb.
İclasda təşkilatın vəsaitinin xərclənməsinə dair qərarların bilavasitə işçilər ilə müzakirə və razılaşma əsasında formalaşdırılmasının zəruriliyi qeyd olunub.
Daha sonra MEK direktoru L.İmanova kitabxananın fəaliyyətində göstərdiyi xidmətlərə və nümayiş etdirdikləri şəxsi keyfiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşa onların əməyinin stimullaşdırılması məqsədilə təşəkkürnamələr təqdim edib.
Tədbirdə kitabxana bölmələrinin vəzifə öhdəliklərinə, icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərinə dair müzakirələr aparılıb.

İclasın sonunda MEK-in səhiyyə şöbəsinin müdiri Gülruba Aslanovanın tibbi xidmətin imkanları və qaydaları barədə məlumatı, nizam-intizam qaydaları və yaxın zamanda işçilərə testlərin və attestasiyanın keçirilməsi ilə bağlı məsələlər səsləndirilib.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed