Şrift:
Martin Şultsun çıxışı ilə bağlı etiraz BƏYANATI
05.12.2014 [00:38] - Gündəm, Gənclik
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB)

Avropa Parlamentinin plenar iclasında Avropa

Parlamentinin prezidenti Martin Şultsun çıxışı ilə bağlı


BƏYANATI


Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını təəssüflə qarşılayır, bunu ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndiririk.

Avropa Parlamentinin prezidenti olan Martin Şultsun başlıca vəzifəsi Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləməkdir. Lakin cənab Şults ayrıseçkilik edərək, ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur. Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun qərəzli olduğunu bir daha sübut edir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında hüquqa zidd olan fikirlər səsləndirməklə ölkəmizin daxili işlərinə qarışmışdır. Şults bu cür qeyri-ciddi fikirləri ilə Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. Çünki sözügedən şəxslərin həbsinin səbəbləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə ətraflı izahat verilib.

Təəssüflə qeyd etmək lazımdır ki, cənab M.Şults indiyə qədər heç bir çıxışında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. Azərbaycan hökumətinin uzun illərədn bəri həyəcan təbili çalmasına baxmayaraq, cənab Şultsun 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.

Bütün bunlar onu göstərir ki, cənab Şultsu Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək daha çox maraqlandırır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.
Biz, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed