Şrift:
Türkiyə-Rusiya yaxınlaşması Qarabağı xilas edə bilərmi?
05.12.2014 [12:40] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu yaxınlaşma Azərbaycan üçün təsirsiz ötüşməyəcək”

Son vaxtlar Türkiyə və Rusiya arasında müşahidə edilən yaxınlaşma Azərbaycanda da böyük maraqla müşahidə edilməkdədir. Baş verənləri şərh edən bəzi politoloqlar hesab edir ki, bu yaxınlaşma Türkiyənin regional güc mərkəzinə çevrildiyini isbatlamaqla yanaşı, Qarabağ probleminin həlli baxımından da bəzi ümidlər vəd edir. Bu qəbildən olan politoloqların qənaətincə, Türkiyə və Rusiya arasındakı münasibətlərin inkişafı Qarabağ probleminin həllinə müsbət baxımdan təsir göstərə bilər. Belə ki, Rusiya məhz Türkiyə faktorunu nəzərə alıb Ermənistanı indiki mövqeyindən geri çəkilməyə vadar edə bilər ki, bu da uzun illərdir ki, düyünə düşən problemin həllinə gətirib çıxarda bilər.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Fərəc Quliyev Azərbaycanın bütün qonşularla normal qonşuluq münasibətlərinə malik olmaqda maraqlı olduğunu qeyd etdi:
“Hesab edirəm ki, bizim qonşularla münasibətimiz sağlam olmalıdır. Azərbaycanın yürütdüyü siyasətin ana xətti sıfır problemli qonşuluq siyasətidir. Biz heç kimlə düşmən olmaq siysəti yürütmürük. Amma bizim iradəmizdən kənar olaraq bəzi qonşularımız bizimlə düşmənçilik siyasəti yürüdürlər. Konkret olaraq Ermənistan ərazilərimizi işğal edib. Rusiyanın siysətində Azərbaycana qarşı yanlış davranışlar var idi. Konkret olaraq KTMT-da Ermənistana dəstək verməsi və yaxud Minsk qrupunun tərkibində Azərbycana qarşı qərəzli siyasət nümayiş etdirməsini göstərmək olar. Lakin biz həmişə bildirmişik ki, Azərbaycan Rusiya xalqı ilə düşmən deyil. Əgər Rusiya Azərbaycanla bağlı siyasətində redaktələr edərsə, biz də Rusiya ilə normal qonşuluq siyasətini davam etdirməkdə maraqlı olarıq”.
F.Quliyevin bildirdiyinə görə, Türkiyə və Rusiya arasındakı münasibətlərin inkişafı istənilən halda Azərbaycana təsirsiz ötüşməyə bilməz:
“Türkiyə və Azərbaycana gəlincə deməliik ki, biz nə qədər fərqli dövlətlər görünsək də, bizim xarici siyasətimizdə bir kordinasiyalaşma meyilləri var. Bu, həm coğrafi, həm də tarixi-mənəvi yaxınlığımızla bağlıdır. Hökumətlərin siyasətini bir kənara qoyub deyə bilərik ki, xalq diplomatiyası, xalqlararası münasibətlər də bizdən tələb edir ki, dostlarımızla dost kimi, düşmənlərimizlə isə düşmən kimi davranaq. Bu baxımdan Türkiyə və Rusiya arasında yaxın münasibətlər formalaşarsa, o zaman təbii ki, bunun Azərbaycana da təsiri ola bilər. Əgər Rusiya həqiqətən də Türkiyə ilə səmimi formada yaxşı münasibətlər quracaqsa, bu sösüz ki, Azərbaycanın da marağına uyğundur və Azərbaycana da öz təsirini göstərəcək”.
Millət vəkilinin bildirdiyinə görə, bu gün Rusiya mediası və ictimaiyyəti Türkiyə ilə münasibətlərə tarixi deyil, mövcud reallıqlar aspektindən yanaşır:
“Mən ötən gün Rusiya mətbuatını izləyirdim. Orda belə bir fikir səsləndi ki, vaxtiylə Türkiyə-Rusiya müharibəsi zamanı Rusiya Bolqarıstanı türklərdən azad etdi, bu ölkəyə müstəqillik qazandırdı. O vaxt Türkiyə və Rusiya qarşı-qarşıya olan tərəflər idi. Lakin bu gün vaxtiylə Rusiyaya qarşı olan Türkiyə indi Rusiyaya normal münsibət bəsləyir, bolqarlar isə fərqli münasibət ortaya qoyur. Tarixdə nə baş verməsindən asılı olmayaraq, Rusiya prakmatik siyasət yürüdür və bugünkü reallıqlardan çıxış edərək siyasət yürüdür. Təbii ki, Rusiyanın bugünkü Türkiyə siyasəti həm də onun üzləşdiyi vəziyyətlə bağlıdır. Lakin istənilən halda biz bu situasiydan, mövcud vəziyyətdən ustalıqla istifadə etməliyik. Əgər Türkiyə, Rusiya və ya hansısa ölkə Azərbaycanla bağlı xoşməramlı bir missiya yerinə yetirmək istəyəcəksə, biz bundan imtina etməli deyilik. Lakin bu mövsümü xarakter daşımamalıdır. Gələcəkdə nə olacağını bilmək olmaz. Fəqət hər bir halda biz qonşularla xoş münasibətin tərəfdrıyıq”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed