Şrift:
Qazaxıstanın Atırau Dövlət Universitetində Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi yaradılıb
06.12.2014 [12:36] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstanın Atırau şəhərində “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin açılışı olub.

Azərbaycanın Atırau şəhərindəki baş konsulluğundan APA-ya verilən məlumata görə, Atırau Dövlət Universiteti nəzdindəki “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin yaradılmasında məqsəd Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsidir.

Baş konsulluqla Atırau Dövlət Universiteti arasında əldə olunmuş razılığa əsasən bir müddət sonra Mərkəzin mətbu orqanı təsis ediləcək, Azərbaycan və Qazaxıstanın gənc alimləri və tələbələri öz elmi məqalələri ilə çıxışlar edəcəklər.

“Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi” ölkənin ali təhsil müəssisələrində fəaliyyət göstərən analoji mərkəzlərlə əlaqələr quracaq, mərkəzi bir nəfər universitet, bir nəfər isə Azərbaycan tərəfindən təyin ediləcək həmsədrlər idarə edəcək.

Tədbirdə Azərbaycanın Atırau şəhərindəki baş konsulu Rəşad Məmmədov, universitetin rektoru Beybut Mamrayev və Atırau şəhər merinin müavini Gülmira Şakirova iştirak edib.

Mərasimdə Azərbaycanın son dövr tarix və iqtisadiyyatını əks etdirən videofilm nümayiş etdirilib, ölkənin atributları, tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, ədəbiyyatı, incəsənəti və digər sahələr barədə Mərkəzdə yerləşdirilmiş stendlərin təqdimatları keçirilib.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed