Şrift:
Simin Səbri: Güneydə də bütün ənənəvi cəmiyyətlərdə olduğu kimi qadının seçimləri məhduddur- Müsahibə
09.12.2014 [12:52] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Noyabrın 25-dən dekabrın10-ə qədər dünya ölkələrində qadınlara qarşı zorakılığa qarşı mübarizə kampaniyası keçirilir. Beynəlxalq kampaniyanın diqqət mərkəzində gender bərabərliyinin (cinsiyyət bərabərliyi) təmin olunmasi məsələsi durur. Dünyada insan hüquqları sahəsində vəziyyətin pis olduğu İran kimi ölkələrdə qadınların vəziyyəti xüsusi narahatlıq doğurur. Norveçdə yaşayan güneyli həkim psixiatr (rəvanpezeşk) Simin Səbri Güney Azərbaycanda qadın və qızların problemləri ilə yaxından məşğul olur. Simin xanim “Amerikanın Səsi”nə Skype müsahibəsində Güney Azərbaycanda qadın və qızların qarşılaşdığı problemlər, cəmiyyətdə gender bərabərliyinin təmin olması qarşısında maneələrdən danışıb.
Simin Səbrinin sözlərinə görə, qadınların məruz qaldığı fiziki, mənəvi və psixoloji (rəvani) zorakılıqların arxasında cəmiyyətdə mövcud qorxu əhval-ruhiyyəsi, insanlarda özünə inam hissinin zəif olması və savadsızlıq durur. O, şəriət qanunları ilə idarə olunan İranda vətəndaş hüquqları, azlıqların hüquqları, qadın və uşaq hüquqlarının pozulması hallarının geniş yayıldığını qeyd edib. Simin Səbri kişilərin dominant (ğalib) olduğu ənənəvi cəmiyyətlərdə qızlara oğlanlara nisbətən fərqli münasibət göstərilməsi hallarından danışıb. Onun sözlərinə əsasən, inkişaf etməmiş ölkələrdə bu hallar o qədər geniş yayılıb ki, artıq cəmiyyətdə normal bir hal kimi qəbul edilir. O deyib ki, bu, həmin cəmiyyətlərdə kişilərin qadınlarla istədikləri kimi rəftar etməsinə gətirib çıxarır. “Bu kişilərin qadınlara bir əşya kimi baxmasına imkan yaradır, belə hallar üçün zəmin yaradır”-deyə Simin Səbri qeyd edib. O deyib ki, kişilər qadınların onların istədiyi bir həyat yaşamasına çalışır və qadınlar buna etiraz edəndə kişilərin zorakılığı ilə qarşılaşır.
Simin Səbri, adətən, qadına qarşı zorakılıq, fiziki təzyiqlərin uşaqların gözü qarşısında baş verdiyini deyərək, bunun səbəbinin qorxu yaratmaqla əlaqədar olduğunu vurğulayıb.
Bununla yanaşı, Simin Səbri inkişaf etməmiş ölkələrdə işçi qüvvəsi kimi çox zəif təmsil olunmuş qadınların iqtisadi təzyiqlərlə qarşılaşdığını qeyd edib. Bu, onun sözlərinə görə, qadınların demək olar tamamilə iqtisadi baxımından kişilərdən asılılığı deməkdir.
Simin Səbri ənənəvi cəmiyyətlərdə qızların erkən yaşlarından aşağılayıcı münasibətlə qarşılaşdığını və bunun normal hala çevrildiyini qeyd edib. Bu, onun bildirdiyi kimi, qadınların cəmiyyətdə rolunun və qadınlar üçün imkanların məhdudlaşdırılmasına gətirib çıxarır.
Videonu qaynağımız olan aşağıdakı LİNKdən izləyə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/simin--sebri-musahibe/2546349.html
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed