Şrift:
Partiyalar bələdiyyə seçkilərində fəal iştirak edəcəklər
11.12.2014 [14:27] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ölkədəki 1607 bələdiyyəyə 37 100 nəfərdən çox namizəd qeydə alınıb

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi noyabrın 29-da yekunlaşıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun məlumatına görə, Azərbaycanda budəfəki bələdiyyə seçkilərində iştirak etmək üçün 37 100 nəfərdən çox namizəd qeydə alınıb. Bu da 2009-cu ildəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Belə ki, əgər bundan əvvəlki seçkilərdə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. MSK-dan onu da bildiriblər ki, Azərbaycanda 1607 bələdiyyəyə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şərait yaradılıb. Seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Seçki təbliğatı və təşviqatı ilə bağlı 1436-sı qapalı, digərləri açıq yer olmaqla ümumilikdə 2837 məkan müəyyən edilib.

Bir neçə siyasi partiya arasında sorğu keçirərək, onların bu seçkilərə münasibətini, yerli özünüidarəetmə orqanında təmsil olunmaq üçün namizədlərinin irəli sürülməsi, həmçinin dekabrın 23-də baş tutacaq seçkidə müşahidəçi qismində iştirak edib-etməyəcəkləri ilə maraqlandıq. Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev “Kaspi”yə açıqlamasında bildirib ki, hakim partiya Azərbaycanda mövcud bələdiyyələrin hər bir yerinə öz tərəfindən namizəd irəli sürüb. Qeyd edib ki, YAP-ın irəli sürdüyü namizədlərin böyük əksəriyyəti imzatoplama kampaniyasını uğurla başa çatdırıb və bələdiyyə üzvlüyünə namizəd kimi dairə seçki kampaniyasında qeydə alınıb. Onun sözlərinə görə, bu, təxminən 15 min nəfərə yaxın namizəd deməkdir: “Hazırda YAP tərəfindən namizədliyi irəli sürülmüş 15 minə yaxın şəxs seçki marafonuna qatılıb. Onlar partiyanın təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edirlər. YAP hər bir Dairə Seçki Komissiyasına özünün müşahidəçisini də təqdim edib. Onlar hazırda fəaliyyət göstərirlər. Bununla yanaşı, namizədlərin özləri tərəfindən də qanunvericiliyin verdiyi imkanlardan istifadə edilərək belə bir addım atılıb. Bütün bunlarla bərabər, YAP-ın yerli özünüidarəetmə orqanlarına keçirilən seçki marafonunda səsvermə prosesini izləmək üçün 100-dən artıq respublika əhəmiyyətli müşahidəçisi də MSK-ya təqdim ediləcək və ümidvarıq ki, onlar qeydiyyata alınacaqlar. Hal-hazırda YAP-ın yerli şöbələrində yaradılmış seçki qərargahları partiyadan olan deputatların, ziyalıların iştirakı ilə seçicilərlə görüşlər keçirir, öz namizədlərinin təbliğat və təşviqatını aparırlar”.

Müxalif Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı təmsil etdiyi qurumun bələdiyyə seçkilərində iştirakla bağlı xüsusi qərarının olduğunu bildirib. Deyib ki, 23 dekabr bələdiyyə seçkilərində partiya olaraq qatılmayacaqlar. Onun sözlərinə görə, rayon təşkilatlarına bu barədə tam sərbəstlik verilib: “Müsavat Partiyasının bu barədə qərarı var. Biz bu seçkilərdə partiya olaraq iştirak etməyəcəyik. Rayon təşkilatlarına seçkilərdə iştirak üçün sərbəstlik verilib. Bu təşkilatlarda təmsil olunanlar şəxsi istəyi ilə bələdiyyə seçkilərinə namizəd kimi qatıla bilərlər. Bununla bərabər, partiyada seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyənlərə arasında ətraflı izahat işi aparılıb, onlara lazımi məlumatlar verilib. Seçkidə müşahidəçi kimi iştirak etmək istəyənlərin məntəqə, dairə seçki komissiyalarına, Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət etməli olduqları izah olunub. Hazırda təkcə Mərkəzi Seçki Komissiyasına bu məqsədlə təqdim ediləcək ərizələrin sayı 100-dən artıqdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev 118 seçki dairəsindən 65-də partiya siyahısı üzrə ümumilikdə 280-ə yaxın şəxsin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürüldüyünü bildirib. O, proseslərin gedişində 280-ə yaxın namizəddən heç də hamısının qeydiyyatdan keçə bilmədiyini söyləyib. Deyib ki, bəzi yerlərdə müxtəlif səbəblərdən namizədlərin qeydiyyata alınması mümkün olmayıb: “Bundan başqa, partiya siyahısından kənar, fərdi qaydada digər seçki dairələrindən də seçkiyə namizəd kimi qatılan üzvlərimiz var. Hesab edirəm ki, bələdiyyə seçkilərində ciddi şəkildə iştirak edirik. Partiya siyahısı üzrə 65 dairədə 265 nəfər, eyni zamanda digər dairələrdə də fərdi qaydada namizədlərimiz var. Bununla yanaşı, 70-ə yaxın seçki dairəsində müşahidəçimiz olacaq. Biz yerli özünüidarəetmə orqanlarında iştirak etməyi parlament və prezident seçkilərindən heç də az önəmli saymırıq. Əgər bir partiya parlamentdə daha çox sayda millət vəkili ilə təmsil olunmaq, eləcə də prezident seçkilərində çox səs toplamaq istəyirsə, ilk növbədə bələdiyyə seçkilərində fəallıq nümayiş etdirməlidir”.

Ana Vətən Partiyası (AVP) mərkəzi aparatının rəhbəri Elçin Ağamalı builki bələdiyyə seçkilərində iştirak etmək üçün 1000-dən artıq namizəd irəli sürdüklərini söyləyib. O, həmin namizədlərdən 572-nin qeydiyyatdan keçdiyini, onların isə ümumilikdə 520 bələdiyyəni əhatə etdiyini qeyd edib: “Hazırda seçkiləri müşahidə edəcək müşahidəçi siyahılarının dairə seçki komissiyalarına təqdim edilməsi prosesi gedir. AVP də müşahidəçi kimi seçkilərdə iştirak etmək istəyən mindən artıq şəxsin siyahısını dairə seçki komissiyalarına təqdim edib”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın 600-dən artıq şəxsin namizədliyini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə həmin şəxslər arasında 200 nəfərin namizədliyi obyektiv və subyektiv səbəblərdən qeydə alınmayıb. Ancaq namizədliyi qeydə alınanlar ümumilikdə 60 seçki dairəsini əhatə edəcəklər: “Təxminən 85 bələdiyyədə üzvlük uğrunda mübarizə aparacaq namizədlərimiz qeydə alınıb. Hazırda namizədlər öz təbliğat-təşviqatlarını aparırlar. Namizədlər əsasən qapı-qapı kampaniyasından istifadə edir, yaxud da seçicilərlə görüşlər keçirirlər. Müşahidəçilərə gəldikdə isə, VHP-dən 76 nəfər respublika üzrə müşahidəçi funksiyasını həyata keçirəcək. MSK-dan qeydiyyatdan keçmiş həmin şəxslərin vəsiqələrini də almışıq. Amma dairələr və məntəqələr üzrə müşahidəçilərin sayı daha çoxdur”.

Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat katibi Ülkər Abdullayeva partiyalarının yarandığı ildən bu günə kimi Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etdiyini vurğulayıb. O, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də DİP-in fəal iştirak edəcəyini diqqətə çatdırıb: “Bizim 120-yə yaxın namizədimiz artıq qeydiyyatdan keçib. Onların əksəriyyəti gənclər, o cümlədən qadınlardır. Həmin şəxslərin təbliğatı ilə bağlı işlərə start verilib. Namizədlərin plakatları hazırlanaraq müəyyən yerlərdən asılıb. Həmçinin onların platformalarının əks olunduğu bukletləri insanlar arasında yayılıb. Bununla bərabər, seçki prosesini izləmək üçün qeydiyyatdan keçmiş müşahidəçilərimiz də var”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed