Şrift:
ABŞ Serj Sarkisyanı niyə dəstəklədi?
28.09.2011 [11:35] - Xəbərlər
Adı uzun müddət qalmaqallar yaratmaqda hallanan “Wikileaks” saytının növbəti xəbərlərində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məqamlar yer alıb. Saytın informasiyasında rəsmi İrəvanla Vaşinqton arasında bəzi incəliklərdən danışılır.

“Wikileaks” saytı Ermənistanla bağlı maraqlı məlumatlar açıqlayıb. Belə ki, saytın iddiasına görə, ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda qeyd olunur ki, 2008-ci ildə Sürix protokolları imzalanmamışdan öncə Ermənistan hakimiyyəti 5 rayonun qaytarılmasına və Qarabağ münaqişəsinin tənzimlənməsinə dair digər məsələlərlə bağlı danışıqların davam etdirilməsinə razı olub.

Lakin ABŞ-ın ciddi təzyiqlərindən sonra Ankara ilə İrəvan arasında “futbol diplomatiyası”na start verilib və nəticədə Ermənistan əvvəlki mövqeyindən çəkilərək bütün danışıqlar prosesini pozub. Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi Barak Obama administrasiyası olub.

Yazışmalarda qeyd olunur ki, ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçin əsas vəzifələrindən biri Ermənistan-Türkiyə münasibətlərini normalaşdırmaq olub. Bundan başqa, səfirin qarşısında qoyulan əsas tapşırıqlarından biri də Serj Sarkisyan hakimiyyətini dəstəkləmək və parlamentdə təmsil olunmayan müxalifət partiyaların təmsilçilərinin əsas müxalifət qurumu olan Ermənistan Milli Konqresinə qoşulmasının qarşısını almaq olub.

Məlum olub ki, səfir 2008-ci il prezident seçkilərindən sonra Dövlət Departamentinə seçkilərin tam saxtalaşdırıldığı, Sarkisyanın 52 faiz deyil, maksimum 8-14 faiz səs topladığı barədə məlumat göndərib. Səfir ən azı seçkilərin ikinci turunun keçirilməli olduğunu bildirib. Lakin “Wikileaks”in məlumatına görə, Vaşinqton siyasi və coğrafi nöqteyi nəzərdən Serj Sarkisyanı dəstəkləməyə qərar verib və müxalifətə seçkilərin nəticələrini tanımağı tövsiyyə edib.

“Wikileaks”in yaydığı məlumata görə, seçkilərin nəticələrinin tanınması ilə bağlı ABŞ ATƏT və Avropa Şurasının təşkil etdiyi beynəlxalq müşahidə missiyasına da ciddi təzyiq göstərib. Yazışmalardan məlum olur ki, müxtəlif cinayətkar klanlar tərəfindən idarə edilən Ermənistanda Serj Sarkisyan hakimiyyətinin tanınmasının səbəbi onun götürdüyü öhdəliklər olub.
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed