Şrift:
Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
15.12.2014 [12:43] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Hörmətli Mirzə müəllim, salam. Gözlədim ki, dekabr ayının 15-i gəlsin.Gəldi də. Çoxdan söyləmək istədiyim sözləri sğyləmək istəyirəm. Bu gün Sizin ad gününüzdür. Siz mənalı həyat yaşayırsınız.Belə həyat tərzi hamıya nəsib olmur. 85 yaşınızı təbrik edirəm.
85 yaş nədir ki... Hələ nə qədər elmi işləriniz, gənclərə dəyərli məsləhətləriniz olacaq...
Mirzə müəllim, icazənizlə qısa şəkildə də olsa, maraqlı , alimlərə də, alim olmayanlara da nümunə olan həyat səhifələrinizi vərəqləyək.
***
Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki,tanınmış məkan olub, bir sıra sakinlərinin adı tarixin səhifələrinə düşüb.
Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktıəbdə oxuyub.Deməli,
10 yaşından M.Ə.Sabiri tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda 28 yaşında elmlər namizədi olan astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini də, onların hər ikisinin müəllimi olan Nizami Gəncəvini də, Məhəmməd Füzulini də yaxşı tanıyıb.
Mirzə Rəhimov elmi yaradıcılığa Azərbaycan dilinin tarixinə müraciətlə başlayıb: "Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları" mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki elmi mövzunun təsdiqi zamanı nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu yazını çapa hazırlayarkən telefonla Mirzə müəllimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya üstün gəldi. Mirzə müəllimin həm namizıədlik, həm də doktorluq dissertasiyaları ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, " Dastani-Əhməd Hərami " də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər. "Dastani-Əhməd Hərami " poemasının(məsnəvisinin) qəhrəmanı həramidir,quldurdur,yolkəsəndir, deməli,dələduzun biridir,bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir: Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür...
Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarır. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır.
Biz hələ " Kitabi-Dədə Qorqud "un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu,bilmirik,nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik: "Dədə Qorqud "un dili qafiyəli nəsrdir. Onda bəs bu şeirlərin janrı nədir? Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik.
Mirzə müəllm "Dədə Qorqud"dan nümunə gətirir:
"Baban dedi, keyikləri qovsun gətirsün,...oğlumun at səgirdişin,qılınc çalışın,ox atışın görəyim,sevinəyim,qıvanayım,güvənəyim".
Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın. Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın.
Mirzə müəllim ən çox Nəsimidən misal gətirir: " Qulağ tutgil sənə edim hekayət ;

Surəti,hüsni-cəmalı cümlə zibadır anın,
Hüsnünə qurban olayım belin sər ta pasinə".

Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim elmi rəhbərim oldu. İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti ilə "Nəsiminin dilində sözlərin məna qrupları" mövzusunda referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı yaxşı öyrənmək məqsədi daşıyırmış. Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanovdan(1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən pasportumu çıxaranda Cahangir müəllim mənə tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka ( qeydlər üçün qalın vərəq ) verdi, bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.Universitet də Mirzə müəllim üçün doğma idi.O,Akademiyada işləyəndə də burada- o vaxtkı ADU-da saat hesabı ilə dərs deyirdi. Mirzə müəllim bizə dil tarixindən mühazirələr oxuyurdu. Savadlı aspirantları var idi, Şaməddin, Sevil, Əvəz... Dərsləri çox maraqlı keçirdi, özünü şair hesab edən filoloq tələbələr,adətən, ədəbiyyat dərslərinə üstünlük verirdilər. Mirzə müəllimin dərsləri onları bu fikirdən daşındırdı. Mən BDU-da iki nəfərdən "iki" almışam.Onlardan biri Kənan Mikayılov, digəri Mirzə Rəhimov idi. Kənan müəllimin bu "iki"si hələ də mənə aydın deyil. Dekana şikayətdən sonra o, bu "iki"ni nəyə görə verdiyini özü də başa düşmürdü. Mirzə müəllimin "iki"si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş. Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsirdən ötrü Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim bu "iki"yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı.
Mirzə müəllimi ensiklopedik nəşrlərdə şərqşünas alim kimi tanıdırlar. Bu, onun son 40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun 1965-ci ildə Bakıda çap olunmuş

"Azərbaycan dilində fel ( 2013-cü ildən bu söz yeni orfoqrfiya lüğətinə görə feil şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi"

monoqrafiyası dünya türkologiyasının ən sanballı nümunələrindəndir.Bu,birnəfəsə oxunan elmi əsərlərdəndir.

Stolüstü kitablarla yanaşı,mənim stolüstü jurnallarım da var. (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri "Sovetskaya türkologiya" jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi Mahmud a Kaşğarinin " Divani-lüğət-it-türk "(Türk dilləri lüğətinin divanı) əsərinin 900 illik tarixinə həsr olunmuşdur. Nömrədəki yazılar 7-9 oktyabr 1971-ci ildə Fərqanədə keçirilmiş Ümumittifaq Türkologiya Konfransında səslənən materiallarıdır. Bu nömrədə

Mirzə Rəhimovun " Дивану лугат--ит -тюрк" Махмуда Кашкари и древнетюркские элементы в диалектах и говорах Азербайджанского языка "


məqaləsi elmi meyarlarına, dilçilik təfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil.
M.Rəhimovun bu məqaləsi proqram xarakterli pedaqoji təmayüllü bütün ali məktəblərdə öyrənilməlidir.

Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir.
Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəəlimi təbrik etmişdim.
Bu gün Mirzə müəllimi təbrik edənlərin sayı daha çox olacaqdır. Axı o, 58 ildir ki,elmə xidmət edir.
Ad gününüz mübarək, Mirzə müəllim!
Ad gününüz mübarək, professor!


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.

Bakı,15 dekabr 2014-cü il.
Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed