Şrift:
Azərbaycan əlillik meyarlarında islahata gedir
15.12.2014 [14:13] - Sosial
Dekabrın 15-i Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə “Azərbaycanda əlilliyin qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzulu beynəlxalq seminar başlayıb. İki gün davam edəcək seminarda hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq deyib: “Mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var.

BMT-in “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur.

Bizim nəzərdə tutduğumuz yeni sosial model əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir. Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək”.

Xəbəri “Media forum” saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi verib.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed