Şrift:
BMM-de Güney Azərbaycan TEDBİRİ
16.12.2014 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
15 Dekabr 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə “Güney Azərbaycan məsələsində beynəlxalq təşkilatların mövqeyi" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı videoçarx nümayış etdirildi.
Daha sonra Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin mövzusu üzrə geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, son iki ildə BMT, Avropa Birliyi və b. beynəlxalq təşkilatlarda İran məsələsinin önəmi artıb və bu da bizim fəaliyyətimizi nisbətən asanlaşdırır. “Biz beynəlxal təşkilatlarda Güney Azərbaycan məsələsini dəfələrlə qaldırmışıq, artıq bu problemlə tanış olmağa başlayıblar. Biz bildiririk ki, türklər İranda milli azlıq deyil, çoxluqdadır. Sayımız 35 milyon olmaqla İran əhalisinin 40 faizini təşkil edirik. Amma Avropa dövlətləri İranın parçalanmasını istəmirlər, müəyyən dəyişikliklər, o cümlədən dünyəvi dövlət istəyirlər. Güneydə çox yoğun bir hərəkat var və bütövlüyümüz ancaq gənclikdən asılıdır. Gənclər hakimiyyətə yox, birliyə can atmalıdır. Bunun üçün gənclərin önündə deyil, yanında olmalıyıq". M.Bilgin Urmiya məsələsinə də toxunaraq Urmiya gölünün rejim tərəfindən planlı şəkildə qurudulduğunu qeyd etdi və problem də beynəlxalq təşkilatlarda qaldırdıqlarını qeyd etdi.
M.Bilgin Rüfət Muradlının "Güney Azərbaycanın siyasi gələcəyi ilə bağlı nə deyə bilərsiniz?" sualına cavabında isə bildirdi ki, GADP millətin öz müqəddaratını həll etmə yolunu tutub. Güney Azərbaycan termini işlənirsə, biz nə federalçı nə də liberal təşkilatıq, biz istiqlalçıyıq, bütövlükçüyük, qurtuluşçuyuq.
Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər 2015-ci ilin Güney Azərbaycan ili elan etməyi təklif etdi: "21 Azər gününü Avropa dövlətlərinin paytaxtlarında yürüşlər keçirək, dünya xalqlarına əyani olaraq çatdıraq. Güney Azərbaycan, Bütöv Azərbaycan son illər gündəmdədir. Sadəcə Quzey Azərbaycan hökuməti də lazımı addımlar atmalıdır, bizimlə birgə. Güney Azərbaycan iddiası ola bilər ki, bizim istədiyimiz qədər yaxın deyil, başqalarının dediyi qədər də uzaq deyil"
BAO Mərkəzi Şurasının (MŞ) üzvü Bəxtiyar Tuncay qeyd etdi ki, İran rejimi özünə təhlükənin qərbdən gələcəyini bildiyi üçün qərb dövlətləri ilə birgə, hərbi əməliyyatlarda iştirak edir: "Bu gün İranın onurğa sütunu Güney Azərbaycan yox, Xuzistan bölgəsidir. Çünki İran neftinin 100 faizə yaxını oradan çıxır"
Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü Əjdər Tağızadə Qərb ölkələrinin ikili standartla siyasət yeritdiyini qeyd etdi və dünyada türklərin milli haqlarının pozulmasında qərb ölkələrinin, o cümlədən ABŞ-ın da rolunun olduğunu vurğuladı: “Biz hər yerdə türk olduğumuzu və Güney Azərbaycanın azadlığı uğrunda mübarizə apardığımızı bildirməliyik.
BAO MŞ-ın üzvü Faiq Ələkbərov milli məsələlərdə Avraopa dövlətlərinə yox, türk dövlətlərinə güvənməli olduğumuzu vurğuladı: "Bütün şüurlarda azadlıq, bütövlük düşüncəsini formalaşdırmalıyıq və fəallarımıza dövlət və millətimiz tərəfindən dəstək verməliyik".
BAO MŞ-ın üzvü Dilavər Əzimli bildirdi ki, türk diasporu xaricdə öz fəaliyyətini gücləndirməli, mediamız operativ və düzgün məlumat verməlidir, mühüm tarixi günlərimiz, o cümlədən "21 Azər" günü unutdurulmamalıdır.
Tədbirdə həmçinin Yasəmən Qaraqoyunlu, Ramin Hacılı, Sədaqət Paşayeva, Ceyhun Nəbi, Oqtay Daşoğuz, Aydın Mədətoğlu və b. mövzu ətrafında öz fikirlərini bildirdilər.
BAO İnformasiya Xidməti
15.12.2014.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed