Şrift:
Ərdoğanı niyə vurmaq istəyirlər?
16.12.2014 [13:44] - Siyasət, DAVAMın yazıları
Deyilənlərin və yazıların əksəriyyətinin tam əksinə olaraq siyasətdəki bir çox olayları təxminləmək çətin deyil. Daha doğrusu, elə bir siyasi hadisə yoxdur ki, onu əvvəlcədən ehtimal etmək, yaxud da gözləmək mümkün olmasın.

Rusiya Prezidenti Vladimir Putin iki həftə əvvəl Türkiyədə oldu, həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar apardı. Ankaradakı müzakirələrdə qərara alındı ki, Rusiya qazını Avropa Birliyinə nəql edəcək "Cənub axını" layihəsi dayandırılsın, onun əvəzinə Türkiyə ərazisindən keçəcək alternativ boru kəməri işə salınsın.
Rusiya prezidentinin Türkiyəyə səfərinin sonucları Avropa Birliyini qüssələndirdi. Çünki Ukrayna olaylarından sonra Rusiyaya qarşı sərt iqtisadi və maliyyə sanksiyaları tətbiq edən Brüssel səylərinin boşa getməyə başladığını anlayırdı.

Buna yol verməmək üçün Qərb hərəkətə gəldi.
Əvvəlcə Avropa Birliyi Ankaraya nümayəndə heyəti yolladı. Frederika Mogerininin başçılıq etdiyi bu heyət Türkiyənin Baş naziri Əhməd Davutoğlu ilə intensiv danışıqlar aparsa da, gözlənilən nəticələr əldə olunmadı. Daha doğrusu, Rəcəb Tayyib Ərdoğan mövqelərindən geri çəkilmədi, Vladimir Putinlə əldə etdiyi razılaşmaların qüvvədə qaldığını və Rusiya qazının Avropaya nəqli ilə bağlı alternativ layihəni dəstəklədiyini bir daha bəyan etdi.



Avropa Birliyinin nümayəndə heyəti Ankaranı tərk etdi, amma Ərdoğana ünvanlanmış suallar qaldı.
"Naçar" qalan Avropa Birliyi də həmişə olduğu kimi, ABŞ-a üz tutdu.
Və "siyasi komediya" başlandı.

Avropa Birliyi ilə Türkiyə arasında gərginlik yaranan kimi Vaşinqtonda "türklərə dürüst təzyiq metodları"nın tərəfdarı olan güc mərkəzləri aktivləşdilər. Onların səylərini və cəhdlərini Ərdoğan dərhal hiss etdi.

Türkiyədə ikinci "Gezi Parkı" olaylarının qarşısını almaq və Birləşmiş Ştatların ssenarisi əsasında kütləvi etiraz aksiyalarının təkrarlanmasına yol verməmək üçün rəsmi Ankara bu dəfə preventiv zərbəni seçdi.
Dekabrın 14-də "Zaman" qəzetinin İstanbuldakı redaksiyasında, habelə ölkənin 14 şəhərində həbslər aparıldı, 30 nəfər tutuldu.
"Zaman" adi qəzet deyil.



Satqın redaktor və ya liberal jurnalistlər barədə əhvalat oxumaq istəyənlər yanılırlar. ABŞ bu dəfə daha incə hərəkət edib, çünki Rəcəb Tayyib Ərdoğana qarşı, sadəcə, "müxalifətin müəyyən qismi" adlandırılan çevrələrin maliyyələşdirilməsi ilə kifayətlənməyiblər.

Ərz etdiyimiz kimi, "Zaman" adi qəzet deyil. Bu qəzetə bələd olanlar onun barəsində xeyli danışa bilərlər və deyilənlər sıradan bir söhbət olmayacaq.
İş ondadır ki, "Zaman" qəzeti "nurçular"ındır və "nurçular" da özlərini "Xidmət hərəkatı" adlandıran kəslərdir.

O kəslər ki, rəhbərləri və baniləri qismində hazırda ABŞ-ın Pensilvaniya ştatındakı lüks malikanəyə sığınmış Fətullah Güləni görürlər.
Fətullah Gülən barədə "nurçu" mediasında yazılanlara inansaq, bu adam əsl munisi-münəvvər, möhtəşəm filosof, milyonların xilaskarı və ilaxırdır.
Amma hər şey belə sadə deyil.



"Xidmət" mənsubları onun barəsində ancaq yaxşı sözlər deyir, lakin dübarə vurğulayırlar ki, "Gülən Xocaəfəndi" Türkiyədəki mövcud rejimi bəyənmir.
Gülənin tərəfdarlarının çoxsaylı məktəbləri və universitetləri var ki, onlar da deyilənlərin tam əksinə olaraq sırf ianələr hesabına fəaliyyət göstərə bilməzlər.
"Nurçu"lar qətiyyətlə təkzib etsələr də, dansalar da, and-aman etsələr də, onların məktəblər şəbəkəsində ABŞ-ın ayırdığı gizli maliyyə əhəmiyyətli rol oynayır.
Gülən tərəfdarları Birləşmiş Ştatlardan pul alınmadığını sübut etmək üçün məktəblərində 6-cı sinifdən etibarən oğlanlarla qızları əlahiddə qaydada oxudurlar. Yəni İslam qaydalarına "müzayiq" şəkildə.

Di gəl, Türkiyə reallıqlarına bələd olan adam belə zahiri anturaja inanarmı?!
Fətullah Gülənin ABŞ ilə, xüsusilə də Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlı olub-olmadığını bilmək üçün "nurçular"ın maliyyələşdirdikləri "Zaman" qəzetinin İstanbuldakı redaksiya binasını görmək yetər. "Samanyolu" telekanalı, türklərin "Xizmet" dedikləri "Xidmət" hərəkatı, dünyanın müxtəlif ölkələrində məktəblər, təşkilatlar, cəmiyyətlər, şirkətlər, korporasiyalar, holdinqlər və s. Bütün bunlar "Amerikada guşənişin həyatı yaşayan sadə, ahıl" adam üçün çox, amma həddən artıq çox deyilmi?!

Sadalananlara nəzarət etmək, onların fəaliyyətini maliyyələşdirmək üçün ən azı oliqrax olmaq gərəkdir.
Üstəlik, Türkiyədə dolaşan şayiələrə görə, Fətullah Gülən heç türk də deyil.
Şayiələrə görə, Gülən erməni əsillidir və 1915-ci il olaylarından sonra Gülənin atası müsəlman adı götürüb, türk qızla evlənib və sonra da sinirlənərək deyib: "Elə bir oğlum olacaq ki, sizi öz dininizlə məhv edəcək".
Təbii, bu, bir iddia, şayiədir və dedi-qoduları çox şərh etmədən bu günə dönək.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin bütün təzyiqlərinə sinə gərərək Brüsselin ultimatunu rədd edəndən sonra "çox təsadüfi" şəkildə "Zaman" qəzetinin Ankaradakı iqtidar əleyhinə ritorikası artdı, "Samanyolu" TV-də Ərdoğana yönəlik tənqidlər çoxaldı, "Xidmət" mənsubları da fəallaşdılar.
Görünən odur ki, ABŞ Türkiyədə situasiyanı Vaşinqtonun gərəkli saydığı vaxtda qarışdırmağa çalışacaq qrupları və hərəkatları dəstəkləyir, onları maliyyələşdirir.
Yaxın Şərqdə Suriya, İran və digər müsəlman ölkələri zəiflətməyə çalışan Birləşmiş Ştalların müsəlman Güləni dəstəkləməsi Vaşinqtonun iki düşərgədə mübarizə apardığını da göstərir.

Bundan başqa, yaxın günlərdə Rəcəb Tayyib Ərdoğana yönəlmiş təzyiqlərin artacağı şübhəsizdir.
İş ondadır ki, dekabrın 17-də Gezi Parkı olaylarının ildönümüdür. Ərdoğan o zaman situasiyanın öhdəsindən gəlsə də, Rusiya Prezidenti Vladimir Putinlə təbii qaz anlaşmasından sonra olduğu təki Qərb də hiddətlənməmişdi axı.

ABŞ və Avropa Birliyi Ankaradakı hakimiyyəti "ram etmək", Rəcəb Tayyib Ərdoğana pressinq tətbiq etmək üçün yeni metodlardan yararlanmağa çalışır.
Ankaranın bu çətin sınaqdan çıxmasını istəyirik, çünki əks təqdirdə Türkiyə əvvəlki rejimlərin dönəmində olduğu kimi, ABŞ-ın buyruq quluna çevrilə bilər.

Elçin Alıoğlu
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed